Şəfəqə Doğru » Gündəm » ”Patı" satanlarla bağlı ölüm hökmü müzakirə edilə bilər, çünki..." - hüquqşünas

”Patı" satanlarla bağlı ölüm hökmü müzakirə edilə bilər, çünki..." - hüquqşünas

”Patı" satanlarla bağlı ölüm hökmü müzakirə edilə bilər, çünki..." - hüquqşünas
Natiq Ələsgərov: "Narkoticarətə görə həbsə alınanlar əfv və amnistiyadan kənar saxlanılmalı, vaxtından əvvəl cəzadan azad etmə bu kateqoriyadan olan şəxslərə şamil olunmamalıdır”
Azərbaycanda vaxtaşırı ölüm hökmünün bərpası tələbləri irəli sürülür. Cəmiyyəti narahat edən olaylar baş verdikdə, millətin gələcəyini təhlükə altına alan proseslər ölkəboyu yaşandıqda, uşaqlara qarşı əxlaqsız davranış olanda, köməksiz insanların qətli və bu kimi geniş rezonans və qəzəb doğuran hadisələr ölüm hökmünün bərpası məsələsini hər dəfə gündəmə qaytarır. AĞ Partiya başqanı Tural Abbaslı bugünlərdə təklif edib ki, gəncləri narkomaniyaya dadandıranlara ölüm hökmü kəsilsin. Bu çağırışların hüquqi bazası, əsas varmı? Ümumiyyətlə, ayrı-ayrı maddələr üzrə ölüm hökmü bərpa edilə bilərmi?
"Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat”a deyib ki, son zamanlar ölkəni narkotik kabusu bürüyüb və bu məsələdə cəmiyyətin sərt təpkisi ortadadır: "Əlbəttə ki, narkoticarət bu gün millətin gələcəyini məhv edən bir cinayətdir. Ölkədə adına ”patı" deyilən psixostimulyatorun geniş yayılması çox ağır fəsadlara gətirib çıxarır. Hüquq-mühafizə orqanlarının səyləri, həyata keçirdikləri əməliyyatlardan sonra da sosial şəbəkələrdən "patı” satanların səsinin kəsilməməsi onu deməyə əsas verir ki, bu cür cinayətkarlığa qarşı bütün qüvvələr səfərbər olunmalı, cəmiyyət bu işdə hüquq-mühafizə orqanlarına dəstək verməlidir. Bundan başqa, cəzaların sərtləşdirilməsi də bu prosesə müəyyən təkan verə bilər. Bundan başqa, narkoticarətçilərlə bağlı məhkəmə praktikası da dəyişməlidir. Həbsə alınan narkotacirlərin həbs müddəti 15 ildən başlayıb 30 ilə qədər olmalıdır. Narkoticarətə görə həbsə alınanlar əfv və amnistiyadan kənar saxlanılmalı, vaxtından əvvəl cəzadan azad etmə bu kateqoriyadan olan şəxslərə şamil olunmamalıdır. Belə ticarətlə məşğul olanlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər".
Məlumat üçün bildirək ki, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunub. Azərbaycan Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzləyib. Bir sıra məşhurlar Azərbaycanda ölüm hökmünün bərpasının tərəfdarıdır. Hüquq elmləri doktoru, professor İlham Rəhimov bu hökmün bərpasının tərəfdarlarındandır. Onun "Yeni Müsavat”a verdiyi müsahibədən sitat: "Azərbaycanda ölüm hökmünün ləğvi siyasi qərar olub. Avropa strukturları bunu ölkə qarşısında tələb kimi qoymuşdular. İsveçrə də ölüm hökmünü ləğv edib. Ona görə ki, onlarda ağır cinayətlər faktiki olaraq baş vermir - statistikaya baxsaq, sayı ildə bir əlin barmaqlarından da azdır. Azərbaycanda isə ildə 200-dən çox qəsdən adamöldürmə baş verir. Özü də ildən-ilə bu cinayətin qurbanlarının sayı artır. Ancaq statistikada qurbanların sayından asılı olmayaq hər fakt bir cinayət hadisəsi kimi qeydə alınır. Yəni statistikada qurbanlarının sayı 7, ya da 1 olan ağır cinayətlər arasında fərq yoxdur. Əgər qəsdən adamöldürmə cinayətlərinin sayı ümumi cinayətlərin sayında tək-tək rast gəlinsəydi, o zaman ölüm hökmünün geri qaytarılması gündəmə gətirilməzdi. Təəssüf ki, cinayətlərin sayı çoxalır və cəmiyyət buna qarşı tədbir görməlidir. Ona görə də ölüm hökmünün bərpası istisna deyil. Hər şeyi statistika müəyyən edəcək - əgər cinayətlərin xarakteri mənfiyə daha çox meyllənsə, ölüm hökmü bərpa ediləcək”.

Hüquqşünas Natiq Ələsgərov deyir ki, xüsusi qəddarlıqla törədilən cinayətlərə, xüsusən də qadınlara, uşaqlara, cinsi təcavüz, xüsusi qəddarlıqla ölüm hadisələrinə görə ölüm cəzası verilməsi müzakirə oluna bilər: "Azərbaycan Konstitusiyası bunu istisna etmir. Cinayət Məcəlləmizdə ölüm cəzası yoxdur. Çünki Azərbaycan 2000-ci ildə Avropa Şurasına daxil olandan sonra şərtlər bu olub ki, ölüm cəzası ola bilməz. Bu şərti qəbul etdik ki, bizi də Avropa Şurasına qəbul etsinlər. Ölüm hökmünün əleyhdarları bildirir ki, hər bir insanın yaşama hüququ var və bəşəri dəyər olan bir hüquqdur. Bu, əslində belə deyil. Onsuz da qanun müəyyən hallarda imkan verir ki, insan özünü müdafiə edərkən başqasını öldürə bilər. Bəziləri deyir ki, ölüm hökmünün olması cinayətlərin azalmasna səbəb olmur. Əlbəttə ki, hər cinayət hadisəsinə görə ölüm cəzası verilməsi tələb olunmur. Xüsusi qəddarlıqla, əvvəlcədən düşünülmüş, hazırlanmış, gəncliyi məhv edən cinayətlərdən söhbət gedir. O cür insanlar cinayəti törətməyə hazırlaşanda bu faktı nəzərə alırlar. İnsanlar qorxudan belə cinayətlərə getmirlər. Bu gün Azərbaycan cəmiyyətində insanların mənəvi dəyərlərində problemlər var”.
Hüquqşünas hesab edir ki, Azərbaycanda qanunla ölüm hökmünün bərpası mümkün deyil:
"Biz Avropa Şurasının üzvüyük və bunun üçün öhdəlik götürmüşük ki, ölüm hökmü ləğv edilsin. Bu hökmün bərpası Avropa Şurasından çıxarılmağımıza və ya fəaliyyətimizin dondurulmasına səbəb ola bilər. İkincisi isə əgər bir halla bağlı ölüm hökmü bərpa olunacaqsa, sabah da digər məsələlərlə bağlı tələb edilə bilər ki, vətənə xəyanətlə, casusluqla, korrupsiya ilə bağlı da ölüm hökmü olsun. Beynəlxalq hüquq təcrübəsi göstərir ki, ölüm hökmünün mövcudluğu ağır cinayətlərin qarşısını alan məqam deyil. Amerikanın bəzi ştatlarında ölüm hökmü var və orada da ağır cinayətlər baş verir. Hüquq təcrübəsi göstərir ki, bəzən günahı olmayan insanlar məhkəmə, hüquq səhvi əsasında ölümə məhkum edilirlər. Bir müddət sonra isə məlum olur ki, insan bu cinayəti törətməyib. Məsələn, Rusiyanın təcrübəsində bu, çox olub. Orada 52 nəfəri zorlayıb öldürən manyak tutulana qədər artıq 3 nəfər ölüm hökmü ilə edam edilmişdi. Hansılar ki, bu cinayətlərlə əlaqəsi yox idi. Xüsusilə də nəzərə alsaq ki, bizim istintaq, məhkəmə orqanlarında hələ də ciddi səhvlərə yol verilir, təcrübəsizlik var, o zaman bu hökmün bərpası günahsız insanların edamına səbəb ola bilər. Ona görə də, sadəcə olaraq, istintaqı gücləndirmək lazımdır. İstintaqda yeni və müasir texnikanın tətbiqini artırmağa ehtiyac var. Bundan əlavə, hüquq maarifçiliyi, mənəvi cəhətdən tərbiyə məsələlərinə fikir vermək lazımdır. O cinayəti törədən təbii ki, mənəviyyatsız insan olub. Bu baxımdan mənəvi, əxlaqi məsələlər cəmiyyətdə prioritet olmalıdır ki, bu cür halların baş verməsinin qarşısı alınsın. Bununla belə, narkoticarətlə məşğul olanların ömürlük həbsə məhkum edilməsi praktikasının yaradılması zərurəti ortalıqdadır”.
Elşən MƏMMƏDƏLİYEV,
"Yeni Müsavat”
Facebook-da paylaş