Şəfəqə Doğru » Gündəm » Sulduzda kürd-azərbaycanlı qarşıdurması: gərginlik davam edir... SAXSITƏPƏ KƏNDİNƏ PKK BASQINI

Sulduzda kürd-azərbaycanlı qarşıdurması: gərginlik davam edir... SAXSITƏPƏ KƏNDİNƏ PKK BASQINI

Sulduzda kürd-azərbaycanlı qarşıdurması: gərginlik davam edir... SAXSITƏPƏ KƏNDİNƏ PKK BASQINI
İranın Türkiyə və İraqla sərhədə yaxın bölgəsində yerləşən, Qərbi Azərbaycan ostanlığına aid olan Sulduz şəhərində azərbaycanlılarla kürdlər arasında qarşıdurmanın davam etdiyi bildirilir. virtualaz.org xəbər verir ki, əvvəllər ancaq azərbayanlıların yaşadığı, Cənubi Azərbaycan şəhəri olan Sulduza son illər etnik kürdlərin köçürülməsi şəhərdə demoqrafik vəziyyəti dəyişib və vaxtaşırı olaraq kürdlərlə azərbaycanlılar arasında gərginlik yaşanır.

Xəbər verildiyi kimi bir neçə gün əvvəl PKK-çı kürd yaraqlıları Sulduzun Saxsıtəpə kəndinə basqın edərək qadınları və uşaqları döyüb, bəzi qadınları zorla dağa qaçırmaq istəyib. İran təhlükəsizlik qüvvələri PKK terrorçularının kəndə basqınına laqeyd qalıb.



Bu hadisənin səbəbi isə Saxsıtəpə kəndində azərbaycanlı qadına sataşan bir kürdün öldürülməsidir. Həmin şəxs tutulub, amma kürdlər yerli polis idarəsinin qarşısına toplaşaraq ona divan tutmaq istəyiblər. Tələb ediblər ki, tutulan kəndli onlara təhvil verilsin. Buna cavab olaraq azərbaycanlılar da toplaşıb və polis idarəsinin qarşısına yürüş edib. İki kütlə arasında qarşıdurmanın və əlbəyaxa davanın olduğu bildirilir.

Cənubi Azərbaycandan olan fəallar bildirirlər ki, Sulduzda gərginlik davam edir, hadisələrin böyüməsi və bütün vilayətə yayılması riski var. Bölgədə azərbaycanlılar yaşayan kəndlərin sakinləri qorxu içindədir, onlar PKK yaraqlılarının yeni basqınlarından ehtiyat edirlər. Azərbaycanlı fəallar deyirlər ki, İran hakimiyyəti kürdlərin azərbaycanlıları sıxışdırmasına və onlara mütəmadi hücumlar həyata keçirməsinə göz yumur. Hesab edilir ki, İran hakimiyyəti Türkiyə ilə sərhədə yaxın ərazilərdə demoqrafik vəziyyəti dəyişdirməyə çalışır , azərbaycanlıların bu bölgədə çoxluqda olmasını istəmir. Bu səbəbdən Qərbi Azərbaycan əyalətinə kürd köçü təşviq edilir.



Hazırda bölgədə demoqrafik vəziyyətin necə olduğuna dair dəqiq rəqəmlər yoxdur. Amma 3.5 milyona yaxın əhalisi olan Qərbi Azərbaycan ostanlığında əvvəllər azərbaycanlılar çoxluqda olub, indi isə sünni kürdlərin sayının onları keçdiyi təxmin edilir.
Mənbə: Virtualaz.org