Şəfəqə Doğru » Gündəm » Ukraynanın işğalından sonra Rusiyadakı zənginlər Türkiyəyə axın edirlər

Ukraynanın işğalından sonra Rusiyadakı zənginlər Türkiyəyə axın edirlər

Ukraynanın işğalından sonra Rusiyadakı zənginlər Türkiyəyə axın edirlər

Ukraynanın işğalından sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra şəxsi aktivləri üçün sığınacaq axtaran bir çox rusiyalı İstanbul və Dubayın daşınmaz əmlak bazarına üz tutub.

"Ruslar narahatdırlar, Türkiyəyə təhlükəsiz liman kimi üz tuturlar. Xüsusilə son 10 gündə həm sərmayə, həm də yaşayış məqsədi ilə rusların sıx maraqları ilə qarşılaşırıq”, - deyə "Golden Sign” daşınmaz əmlak şirkətinin qurucu ortağı Gül Gül bildirib. Onun sözlərinə görə, İstanbulda 5-6 satış ofisi ilə xidmət göstərirlər və son günlərdə hər 10 müştəridən 7-si rusiyalıdır. Bu, çox ciddi rəqəmdir:

"Üç mənzil, beş mənzil alanlar var... Rusiyada vəziyyətin daha da pisləşəcəyi ehtimalı ilə bura üz tuturlar. Onlar bizneslə məşğul ola biləcəkləri, pullarını köçürəcəkləri və vətəndaşlıq ala biləcəkləri mühit axtarırlar. Alış-verişlərini nağd şəkildə edirlər. Türkiyədə bank hesabı açır, qızıl gətirirlər. Onlar bir yol tapıb pullarını gətirirlər”.

Dubayda fəaliyyət göstərən "Modern Living” daşınmaz əmlak şirkətinin CEO-su Tsiaqo Kaldas rus müştərilərdən tələbatın 10 dəfə artdığını bildirərək, tələbatın çox olması səbəbindən rus dilini bilən 3 daşınmaz əmlak agenti işə götürdüyünü bildirib.

Fevralın 24-də Rusiya Ukraynanı işğal etməyə başladıqdan sonra qlobal bank sistemi SWIFT-dən çıxarılarkən bir çox Rusiya vətəndaşı, xüsusilə Vladimir Putinə yaxınlığı ilə tanınan oliqarxlar sanksiyalarla üzləşib.

Həm Türkiyə, həm də Birləşmiş Ərəb Əmirlikləri Rusiyanın Ukraynaya hücumunu tənqid etsə də, Moskva ilə münasibətlərini qoruyur. Hər iki ölkə Rusiyaya uçuşlarını davam etdirsə də, Rusiya vətəndaşları və Rusiya aktivləri üçün potensial təhlükəsiz liman rolunu oynayır.

Rusiya Ukraynanı işğal etməyə başladığı fevral ayında Rusiya vətəndaşları Türkiyədə 509 ev alıb. Bu rəqəm ötən ilin eyni ayına nisbətən 97 faiz artımdan xəbər verir. 2021-ci ildə Türkiyədə ev alan əcnəbilər arasında 711 yaşayış yeri ilə İran və 633 yaşayış yeri ilə İraq vətəndaşlarından sonra üçüncü yerdə rusiyalılar qərarlaşıb.