Şəfəqə Doğru » Gündəm » Imişlidə İcra hakimiyyəti fəhlələrin pulkunu vermir - ETİRAZ VAR

Imişlidə İcra hakimiyyəti fəhlələrin pulkunu vermir - ETİRAZ VAR

Imişlidə İcra hakimiyyəti fəhlələrin pulkunu vermir - ETİRAZ VAR
Imişlidə bir qrup fəhlə icra hakimiyyətindən iki aylıq maaş tələbinə qalxıb

"Icra hakimiyyəti ilə müqavilə bağlayıb 6 ay işləmişik. Indi də deyirlər, ”iş bitdi”. Bizəsə yalnız 4 ayın maaşı ödənilib”.

Sentyabrın 2-də Imişlidə bir qrup fəhlə maaş tələbi ilə rayon icra hakimiyyətinin qarşısına toplaşıb. Fəhlələr "Azadlıq” radiosunun "Qaynar xətt”inə bildiriblər ki, qurum onları müxtəlif tikintilərdə işlədib, sonra da maaşlarını vermədən onlarla "sağollaşıb”.

100-120 fəhlənin 2 aylıq maaşı

Suvaqçı Vasif Babayev:

"Yağış başımıza tökə-tökə binanın qarşısında toplaşıb maaşımızı tələb edirik. Işçilər pəncərələrdən tamaşaya dayanıblar. Yalvarırıq ki, başçı qəbul eləmirsə, heç olmasa, müavinləri qəbul eləsin. Mühafizəçilər hədələyirlər ki, ”bir də buralara hərlənsəniz, polis çağırıb hamınızı şöbəyə apartdıracağıq. Bizim mart və avqust aylarının maaşlarını basıb yeyiblər. Indi qarşımıza çıxan yoxdur”.

Ilqar adlı fəhlə deyir, o da həmin 100-120 fəhlədən biridir. Orta xidmət haqqı 200-250 manat civarında olub:

"Görün, 100-120 fəhlənin iki aylıq maaşı ciblərində qalanda nə qədər pul edir… Işə martdan başlamışıq. Elə ilk ayın maaşında problem yarandı. Icra hakimiyyəti növbəti aylardan maaşları ödəyəndə arxayın olduq ki, yəqin müqavilə bitənə yaxın martın da maaşını ödəyərlər. Bunlar nəinki birinci, heç sonuncu ayın maaşını ödəmədilər. Maaşlarımızı ödəmədən dedilər ki, ”gedin, sizinlə müqavilə bitib”.

"Gözümü qəpik-quruşa dikmişəm”

Ancaq deyəsən, fəhlələrin iki aylıq maaşlarını bağışlayıb getmək fikirləri yoxdur. Əli adlı fəhlə üç övladına hələ məktəb bazarlığı etməyib. Üstəlik, qarşıdan Qurban bayramı gəlir:

"Gözümü icra hakimiyyətindən alacağım iki aylıq qəpik-quruşa dikmişəm. Uşaqların məktəbə getməsinə iki həftədən də az qalıb. Icra hakimiyyəti mənə borcunu ödəməsə, uşaqlar məktəbə gedə bilməyəcək. Mən də Qurban bayramında uşaqlarıma 1 kilo düyü qaynatmaq, süfrə açmaq istəyirəm”.

Imişli rayon icra hakimiyyətindən "Qaynar xətt”ə bildirilib ki, məsələ ilə bağlı rəhbərliyin münasibətini öyrənib gün ərzində özləri "Azadlıq” radiosu ilə əlaqə saxlayacaqlar. Qurumdan səs çıxmadığını görən "Qaynar xətt”ə əməkdaşının növbəti zəngləri isə cavabsız qalıb.

Hüquqşünas Vaqif Alıyevin sözlərinə görə, əgər fəhlələrlə qurum arasında müqavilə bağlanıbsa, onların məhkəməyə müraciət etmək imkanları var.