Bu gün sosial şəbəkədə Ağstafa rayonunda həkimlərin YAP rayon şöbəsinin binasının qarşısını süpürməsi ilə bağlı məlumat və foto yayılıb. Məlumatda deyilir:
"Şəkildə gördüyünüz yer Ağstafa YAP rayon şöbəsinin binasıdır. Onun qarşısını süpürənlər isə Ağstafa mərkəzi xəstəxanasınn həkimləridirlər. Bu ayın sonu prezidentin Qazax, Ağstafa, Tovuza səfəri var deyə bütün dövlət işçilərini çıxardıblar küçələrə abadlıq işləri aparırlar.
Rayonlarda büdcə puluna qənaət eləmək üçün iş yerlərin çoxunu bağlayıblar, indi də mərkəzi küçələri həkimlərə məcbur süpürtdürürlər. Bax budur, bu günün reallığı! Bax budur, həkimlərə qoyulan hörtmət! Guya həkimlərin aldığı maaş nədir ki, hələ küçə də süpürtdürürlər? Səhiyyə sistemini məhv ediblər! Sonra da deyirlər ki, bizimkilər niyə müalicə üçün xaricə gedirlər".
Qaynarinfo.Az olaraq, Ağstafa Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın baş həkimi İlham Mustafayev bildirdi ki, məlumat qərəzlidir:
"Yayılan məlumatın heç bir əsası yoxdur. Süpürülən ərazi xəstəxananın həyətidir. Xəstəxananın işçiləri, daha doğrusu, xadimələr təmizlik işləri aparır. Biz bilirik şəkli çəkən kimdir və məramı nədir".
Əməkdaşımız təmizlik aparan işçilərin ağ xalatlı olduğunu bildirərək həkimlərin də bu işi gördüyünü soruşduqda, baş həkim İlham Mustafayev cavab verməyərək telefonu söndürüb.
Məsələni diqqətdə saxlayırıq…