Kürdəmir rayonunda kriminal avtoritetlərin sxodkası keçirilib. Criminal.az saytı xəbər verir ki, tədbir sentyabrın 16-da, saat 17.00-da Kürdəmir rayonun mərkəzində çay evlərindən birində baş tutub. Sxodkada iştirak edən kriminal aləmin fəal üzvləri öz aralarında ərazi bölgüsü, kriminal aləmin kassasına pulun yığılması və bəzi məsəllələrin həlli məsələləri müzakirə edilib.
Kriminal aləmin fəal üzvlərinin bir araya toplaşması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Kürdəmir rayon polis şöbəsi əməkdaşları kriminal ailəmin fəal üzvlərinin toplaşdığı çay evində əməliyyat keçirib.
Polislər kriminal aləmin fıəal üzvləri olan Rauf M, Cahandar E, Araz A ,Nicat M, Zaur M, Anar D. adlı şəxsləri saxlayıblar. Əməliyyat zamani Araz A və Nicat M polislərin əlindən qaça bilib. Bu zaman qaçan həmin hər iki kriminal aləmin fəal üzvlərinin xəsarət aldığı bildirilir. Onların hansı şəraitdə xəsarət almaları açıqlanmır.
"Seyid” ləqəbli Miryusif Əsədov
Qeyd edək ki, həmin çay evində toplaşan şəxslər kriminal aləmdə "Seyid” ləqəbi ilə tanınan Miryusif Əsədovun yaxın adamları olduğu bildirilir. İddia olunur ki, Kürdəmirdə keçirilən əməliyyat zamanı "Rauf M” şifrəli adla saxlanılan şəxs Miryusif Əsədovun yaxın silahdaşı "Yapon” ləqəbi ilə tanınan Rauf Məmmədovdur.
Rauf Məmmədov bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Miryusif Əsədovla birlikdə mühakimə olunub və məhkəmənin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rauf Məmmədov ötən il həbsdən azad olunduğu bildirilir.
Digər "Nicat M” şifrəli adla həbs olunan şəxsində Nicat Məmmədov olduğu bildirilir. Nicat Məmmədov da bir müddət əvvəl Miryusif Əliyevlə birlikdə mühakimə olunub və o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Nicat Məmmədovun bu ilin avqustunda həbsdən azad olunduğu bildirilir.
Qeyd edək ki, Miryusif Əliyev və digər şəxslər paytaxtın Sabunçu, Nizami və digər rayonlarında mağazalara basqın ediblər və xeyli sayda pul aparıblar. Onlar Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən həbs ediliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə quldurluq və digər cinayətlərdə ittiham olunan Miryusif Əsədov 6 il, Nicat Məmmədov 4 il 6 ay, Əhməd Ərəbov 4 il 6 ay, Rauf Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.