Şəfəqə Doğru » Manşet » Putin bu gün Bakıya gəlir - danışıqlarda 3 kritik mövzu

Putin bu gün Bakıya gəlir - danışıqlarda 3 kritik mövzu

Putin bu gün Bakıya gəlir - danışıqlarda 3 kritik mövzu
Kreml başçısı Azərbaycana "hədiyyə” ilə gəlir? Moskvanın İrəvana Bakıdan verəcəyi əsas Qarabağ mesajı; "Putinlə birlikdə Azərbaycana Rusiya biznesi də gəlir...”

Bu gün - sentyabrın 25-də Rusiya prezidenti Vladimir Putinin Azərbaycana ikigünlük səfəri başlayır. Səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq. Xatırladaq ki, sonuncu dəfə iki lider bu ilin sentyabrında Soçidə görüşüb.

V.Putinin Bakıdan İrəvana gedəcəyi barədə məlumatlar yayılsa da, hələ ki xəbər rəsmi təsdiqini tapmayıb. Həftə ortası isə liderlər Düşənbədə MDB-nin növbəti sammiti çərçivəsində yenidən bir araya gələcəklər. Ermənistanın baş naziri Nikol Paşinyanın da Düşənbə sammitinə qatılacağı gözlənilir.

Bu xüsusda Kreml başçısının Düşənbədə Azərbaycan və Ermənistan rəhbərlərinin ilk görüşünün reallaşması üçün moderatorluq edib-etməyəcəyi hələlik məlum deyil. Belə bir görüşün təşkili şübhəsiz ki, konfliktin həllində Moskvanın ciddi irəliləyişin əldə edilməsinə nə dərəcədə maraq göstərməsindən asılı olacaq.

Gerçək belədir ki, Ermənistanda hakimiyyətin inqilabi yolla dəyişməsindən sonra konflikt zonasında müharibə riski xeyli artıb. Bu, Moskvanı narahat etməyə bilməz. Çünki atəşkəsin genişmiqyaslı pozuntusu Kremlin regiondakı orta və uzunmüddətli maraqlarına, o sırada təhlükəsizlik maraqlarına ziddir. Yeni müharibə Türkiyə ilə dinamik inkişafda olan əlaqələrə də ciddi təhlükə yarada bilər. Bu və digər səbəbdən Moskvanın artıq həlli yetişən Qarabağ ixtilafı ilə bağlı diplomatik həmləsi üçün vaxtın çatdığını söyləmək mümkündür. 

*****

Müşahidəçilərə görə, İlham Əliyevlə Vladimir Putin arasında Bakı danışıqlarında əsas mövzulardan biri məhz Dağlıq Qarabağla bağlı olacaq - bir növ, saat əqrəbləri bu dəfə Bakıda tutuşdurulacaq. Yada salaq ki, Soçidə İlham Əliyevlə görüşdən bir həftə sonra - sentyabrın 8-də Putin Paşinyanla da bir araya da gəlib. Həmin görüşdə də Qarabağ mövzusunun diqqət mərkəzində olduğu sirr deyil.

Doğrudur, Soçi görüşündən sonra Ermənistanın baş naziri sülh prosesinə zərbə vuran, müharibə ehtimalını artıran təxribatçı bəyanatlarını davam etdirib. Üstəlik, aqressiv bəyanatları o, işğal altındakı Qarabağdan səsləndirib. Bu isə sülh danışıqlarının aqibətinin bir az da qəlizə salınması deməkdir. 

Bütövlükdə ekspert cameəsi Nikol Paşinyanın hərəkətlərini proqnozlaşdırmağın çətin olduğu qənaətindədirlər. Belə ki, Paşinyan sözdə Rusiya ilə müttəfiq olduğunu desə də, daim Qərbə sarı boylanır, Qərbdə dəstək axtarır. Yəni onun Moskvaya qarşı səmimi olmadığı rəyi yaranır. Ermənistanla belə anlaşılmaz münasibətlər fonunda isə Rusiya-Azərbaycan əlaqələri dərinləşməkdədir. Bunun bir təzahürü də Soçidə Putinin düz bir saat İlham Əliyevlə protokoldankənar söhbət eləməsi sayıla bilər.

Bir çox analitiklər hesab edirlər ki, Putin həmin görüşdə Əliyevə mühüm təklif edib. Söhbət Azərbaycanın KTMT və Şanxay Əməkdaşlıq Təşkilatı kimi strukturlara mümkün üzvlüyündən gedə bilərdi. Lakin rəsmi Bakının konkret olaraq, "Rus NATO-su” sayılan KTMT-yə üzvlüyü əvəzində əsas şərti bəllidir - öncə Qarabağ, torpaqlar.

Söhbət ən azından, Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun qeyd-şərtsiz işğaldan azad edilməsindən gedir. Əks halda, təcavüzkar Ermənistanla, təcavüzə məruz qalan Azərbaycanın heç nə olmayıbmış kimi eyni hərbi blokda təmsilçiliyi qeyri-mümkündür. Bunu Putin də yaxşı bilir. Gözlənilir ki, Bakı görüşü və liderlərin bu görüş çərçivəsində verəcəkləri bəyanatlar məsələyə müəyyən dərəcədə aydınlıq gətirəcək. 

*****

Putinin cavab xarakteri daşıyan Azərbaycan səfəri Bakıda Rusiya-Azərbaycan Regionlararası Forumun keçirildiyi günlərə təsadüf edəcək ki, bu da iki dövlətin çoxşaxəli əməkdaşlığının təzahürü olacaq. Virtualaz.org-un xəbərinə görə, rusiyalı jurnalist Andrey Şapoşnikov "Moskva-Baku.ru” portalı üçün hazırladığı süjetdə bildirir ki, hazırda Rusiya ilə Azərbaycanın münasibətləri ən yüksək nöqtəsinə çatıb: "Azərbaycan Rusiyanın regionda iqtisadi, siyasi və hərbi məsələlər üzrə əsas müttəfiqinə çevrilib.

İki ölkənin biznesi müxtəlif sahələrdə sıx əlaqədədir, ölkələr logistika layihələrini fəal şəkildə inkişaf etdirirlər ki, bunların arasında Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. İndi isə Xəzərdə əməkdaşlıq iqtisadi əlaqələrin fəallaşması üçün əsas istiqamətlərdən biridir. Bakıya Putinlə birlikdə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin də gəlir və özü ilə Rusiya biznesini gətirir. Azərbaycanda artıq ”KamAZ", "QAZ”, "LUKoil” və başqa nəhəng şirkətlər fəaliyyət göstərir".

Bundan əlavə, sirr deyil ki, son illər ərzində Azərbaycan Rusiyadan xeyli həcmdə müasir silahlar alıb və bununla da Moskvanın mühüm hərbi tərəfdaşına çevrilib. Bakıda keçirilən və paytaxt şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda nümayiş etdirilən silah və hərbi texnikanın böyük hissəsi Rusiya istehsallı idi. Maraqlıdır ki, Putinin Azərbaycana səfəri günlərində Bakıda müdafiə sənayesinə həsr olunmuş "ADEX-2018" sərgisi keçiriləcək. Burada da Rusiyada istehsal edilən ən müasir silahlar nümayiş etdiriləcək. Böyük ehtimalla, Bakı danışıqları zamanı üçüncü kritik mövzu kimi hərb-texniki sahədə ikitərəfli əməkdaşlığı dərinləşdirmək yönündə də müzakirələr aparılacaq.

Bir sözlə, iki dövlət arasında istifadə olunmamış qalan əməkdaşlıq sferaları getdikcə azalır. Bəzi məlumatlara görə, az öncə Rusiyada saxlanılan separatçı Fəxrəddin Abbaszadənin səfər ərəfəsi və ya səfər günlərində Bakıya təhvil verilməsi bunun növbəti bariz təsdiqi ola bilər. Yəni Moskva Bakıya belə bir "hədiyyə” də edə bilər. 

Ermənistan-Rusiya münasibətlərində isə əksinə, gərginlik artmaqdadır. Putinin budəfəki Azərbaycan səfərinin bir mühüm özəlliyi də onun İrəvan-Moskva əlaqələrinin ən aşağı səviyyəyə düşdüyü dövrə təsadüf eləməsidir. Başqa sözlə, onun Bakı ziyarəti hər şeydən öncə gizli qərbyönlü Paşinyan hökumətinə veriləcək açıq mesaj, siyasi güc nümayişi olacaq - özü də Bakıdan...