Ermənistana "İsgəndər M” operativ-taktiki raket komplekslərinin verilib-verilmədiyi hələ də qaranlıq qalır. Rəsmi Moskva bu günədək faktı nə təsdiq, nə də təkzib edib. O sırada Rusiya Müdafiə Nazirliyi həmin sistemlərin hüquqi baxımından kimə məxsus olduğuna konkretlik gətirməyib. Bu isə erməni tərəfinə mövzu ilə bağlı ajiotaj yaradılması və Azərbaycana qarşı təbliğat savaşında müəyyən fürsət verib.
Ancaq bu da əbəsdir. Çünki hərbi analitiklərə görə, həmin komplekslər aprel döyüşləri zamanı da Ermənistanda olub, amma bu, Azərbaycan ordusunun blits-hərbi uğuruna mane ola bilməyib. Demək, Ermənistan ərazisindəki heç də bütün döyüş sistemlərinin ixtiyarı İrəvanın əlində deyil - o cümlədən "İsgəndər” raket kompleksləri ilə Ermənistanın istədiyi kimi davranması istisnadır.
Hərbi təhlilçilərə görə, ermənilərin "İsgəndər”lə bağlı eyforiyasını əsassız edən bir mühüm amil də ondan istifadə olunacağı təqdirdə Ermənistanın Naxçıvan ərazisindən qat-qat ağır cavab zərbəsinə məruz qala biləcəyi ilə bağlıdır. Söhbət əlbəttə ki, Naxçıvana ən yaxın məsafədə (təxminən 100 km) yerləşən İrəvanın və hətta Metsamor AES-in hədəf alınmasından gedir. Heç şübhə yox ki, düşməni bu iki hədəf ciddi şəkildə narahat edir, xofda saxlayır.
Başqa yandan, düşmən bilməmiş deyil ki, Rusiya həmin silahları əgər Ermənistana müvəqqəti, "icarəyə” verə bilərsə, Azərbaycana da sadəcə, sata bilər. Yəni o halda da düşmənin hansısa hərbi balans yaratmasından və ya hərbi üstünlüyündən danışmağa dəyməyəcək.
***
"Yəqin ki, Rusiya Azərbaycana da ”İsgəndər" satacaq". Bu fikir Gürcüstanda nəşr olunan "Arsenali” hərbi-analitik jurnalının məqaləsində yer alır (Virtualaz.org). Jurnalın qənaətincə, Kremlin indiyə qədər "İsgəndər” operativ-taktiki raketlərini heç kimə satmadığı bir vaxtda bu silahların Ermənistanda nümayiş olunması regiondakı hərbi-siyasi vəziyyəti daha da gərginləşdirib.
Məqalədə daha sonra deyilir ki, bu raketlərin Rusiya tərəfindən Ermənistana verilməsi apreldəki dördgünlük müharibə zamanı Azərbaycan ordusunun İsraildən aldığı müasir idarəolunan raketlərlə erməni ordusunun zirehli texnikasına dəqiq zərbələr endirməsinin nəticələrindən irəli gəlir. "Aprel döyüşləri erməni generalitetinin ciddi səhvlərini üzə çıxarmaqla yanaşı, Kremlin neytral mövqeyi ilə də yadda qaldı, bu isə Ermənistan əhalisində kəskin anti-Rusiya əhvalı yaratdı. Görünür, Rusiya Ermənistanda öz nüfuzunu qorumaq üçün İrəvana bahalı ”İsgəndər" komplekslərini verib. Lakin istisna deyil ki, bu sövdələşmədə həm də uzaqgedən məqsədlər var. Yəqin Azərbaycan da "İsgəndər” almaq istəyəcək, ancaq Rusiya Bakıya bu operativ-taktiki raket komplekslərini dünya bazar qiymətlərinə satacaq", - deyə jurnal vurğulayıb.
***
"İsgəndər” kompleksinin Ermənistana elə bir hərbi üstünlük yaratmadığını artıq ermənilərin özləri də etiraf etməyə başlayıblar. Məsələn, separatçı rejimin keçmiş "xarici işlər naziri” Arman Melikyan bu sistemlərin "İsgəndər”lərin əslində Ermənistan ərazisində çoxdan olduğunu söyləyib. Ancaq onun fikrincə, bu fakt Azərbaycanı apreldə erməni mövqelərinə hücum etməkdən çəkindirməyib.
Sitat: "İsgəndər”lər paradda nümayişindən sonra Rusiya və Azərbaycan arasında "hava-hava” və "hava-yer” taktiki raketlərinin yeni nəslinin istehsalı ilə bağlı danışıqlar başlayıb. Yaddan çıxarmayaq ki, Rusiya dünyanın ən böyük silah istehsalçısı və ixracatçılarından biridir. Real müharibə şəraitində Rusiya istehsallı silahların uğurlu tətbiqi həmin silahlar üçün əlavə reklam ola bilər. Qarabağ bölgəsində hərbi əməliyyatların başlaması təhlükəsi və bu təhlükənin aprel ayında gerçəkləşməsi bölgə dövlətlərini silahlanma məsələsində yenidən yarışa girməsinə səbəb oldu. Ermənistanın müstəqilliyinin 25 illiyində nümayiş etdirilən "İsgəndər”lər isə bu yarışı daha da qızışdıra bilər".
Məlikyan daha sonra deyib: "Bildiyim qədər, ”İsgəndər" Ermənistanda uzun müddətdir ki, mövcuddur. Çətin ki Azərbaycanın da aprel ayına qədər bundan xəbəri olmamış olsun. Daha doğrusu, Azərbaycan bunu bildiyi halda belə hərbi əməliyyatlara başlamaqdan çəkinmədi. Yəqin ki, erməni tərəfinin bu raketlərdən istifadə edə bilməyəcəyinə əmin olublar. Belə çıxır, müharibə şəraitində istifadə edilə bilməyən silahlar ancaq Rusiya-Azərbaycan əməkdaşlığına xidmət edir".
***
Beləliklə, Bakının Ermənistandakı "İsgəndər”in təsir effektini sıfırlayacaq ən azı, iki güclü kontur-tədbiri ortaya çıxır: Naxçıvandan İrəvana cavab zərbələri şəklində və Azərbaycanın özünün bu kompleksləri almaq imkanı. Üçüncü çarə də var - Bakının İsrailin köməkliyi ilə güclü raket hücumundan müdafiə sistemi yaratması.
Söhbət "Dəmir günbəz” və ya "Sehrli çubuq” müasir və yüksək dəqiqlikli sistemlərdən gedir - hansı sistemlərin qurulmasına artıq başlandığı deyilir. Bu günlərdə isə yəhudi əsilli deputat Yevda Abramov yerli mətbuata açıqlamasında bildirib ki, tezliklə İsrail Azərbaycana "İsgəndər” raketlərinin yerə düşməsinə imkan verməyən "Dəmir günbəz” raket əleyhinə müdafiə sistemləri verəcək.
Təsadüfi deyil ki, bu arada erməni tərəfində Bakının almağa hazırlaşdığı "Dəmir günbəz” və "Sehrli çübuq”dan dolayı xof xeyli artıb. Görünür, o səbəbdən rusiyalı hərbi ekspertlərin dilindən sakitləşdirici aşıqlamalar almaqla özlərinə təsəlli tapmağa çalışırlar. Misal üçün, "Dəmir günbəz” məsələsini erməni mediasına şərh edən Rusiyadakı Hərbi-Siyasi Təhqiqatlar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov deyib ki, "Dəmir günbəz” ballistik trayektoriya ilə uçan, habelə "Smerç” yaylım sistemlərindən atılan raketlərlə mübarizədə yaxşı olsa da, "İsgəndər” tipli müasir raketlərə qarşı qətiyyən effektli deyil. "Ona görə də bu sistemin (”Dəmir günbəz" - red.) baha olmasını nəzərə alsaq, Bakı üçün o, məqsədəuyğun ola bilməz. "Dəmir günbəz”ə dərdlərin dərmanı kimi baxmağa dəyməz" - ekspert qeyd edib.
Onun sözlərinə görə, "İsgəndər” raketləri məhz məqsədli şəkildə bu cür raketdən müdafiə sistemlərindən yayınmaq üçün yaradılıb: "Bu raketlərin ələ keçirilib vurulması üçün manevr qabiliyyətli və effektli anti-raketlər lazımdır - özü də bir yox, onlarla. Bundan əlavə, ”İsgəndər" raketlərinin uçuş trayektoriyasını hesablamaq üçün hesablama kompleksi sistemi lazımdır. Elm və texnikanın müasir inkişaf mərhələsində belə sistemlərin yaradılması mümkün deyil" - rusiyalı ekspert iddia edib.
***
Sözsüz ki, bu kimi fikirlər erməni tərəfini sakitləşdirməyə, guya Rusiyanın Ermənistanla Azərbaycan arasında hərbi balansı qoruduğuna, bütövlükdə Moskvanın ermənilərin yanında olduğuna onu inandırmağa yönəlib. Ancaq Naxçıvandakı Türkiyə istehsallı T-300 "Qasırğa” raket kompleksi İrəvana Moskvadan da yaxındır. Təkcə buna görə xoflanmağa dəyər - Ermənistanda "İsgəndər” olsa da, olmasa da.