Etiraf etmək lazımdır ki, bu gün ölkənin təhsil sahəsində həyata keçirilən islahatların getdikcə genişləndirilməsinə və dərinləşməsinə rəğmən, respublikanın bəzi rayon və bölgələrində təhsilin səviyyəsində nəinki gözlənilən irəliləyişlər hələ də müşahidə olunmur, əksinə həmin bölgələrdə bu səviyyə ketdikcə daha da aşağı düşür. Bu vəziyyəti şərtləndirən əsas səbəblər isə, ilk növbədə təhsil sisteminin əksər strukturlarında yaşanmaqda olan ciddi kadr problemləri ilə bağlıdır. Xüsusilə, respublkanın rayon və bölgələrində fəaliyyət göstərən bir çox təhsil şöbə və idarələrinin işi bu günümüzün tələblərinə qətiyyən cavab vermir.
O cümlədən də, aldığımız çoxsaylı məlumatlarda artıq neçə müddətdir ki, Zəngilan təhsilinin acınacaqlı durumu barədə açıqlamalar təqdim olunur. Qeyd etmək lazımdır ki, bu xüsusda mənbələr istər ümumilikdə RTŞ-nin fəaliyyətini, istərsə də ayrı-ayrılıqda götürülmüş bəzi Zəngilan məktəblərində müşahidə olunan vəziyyəti olduqca qeyri-qənaətbəxş qiymətləndirirlər. Məlumatlarda bildirilir ki, Zəngilan Təhsil Şöbəsinin müdiri Zakir İbrahimovun öz işində yol verdiyi ciddi qanun pozuntuları səbəbindən bu gün işğal altında olan bu rayonumuzun təhsili getdikcə tənəzzülə uğrayır. Gerçəklik bundan ibarətdir ki, bu gün respublikanın hər yerinə səpələnmiş Zəngilan təhsil müəssisələrində fəaliyyət arzuolunan səviyyədən xeyli aşağıdır. Həm şagirdlərin, həm də müəllimlərin davamiyyəti ürəkaçan deyildir. Zəngilan təhsilinin aktivinə yazılan uğurların çoxu isə "legioner şagird transferi” hesabınadır. Məsələ bundadır ki, paytaxt Bakıda övladlarını ali təhsil müəssisələrinə hazırlaşdıran valideynlər onların adlarını "nəzarətdən uzaq” Zəngilan məktəblərinə yazdırırlar. Beləliklə, adları Zəngilan məktəblərinin yuxarı sinif şagirdləri sırasında gedən gənclər Bakıda, Sumqayıtda repetitor kurslarına gedirlər. Sonra onlar test imtahanlarından uğurla çıxıb Zəngilan təhsilinin müsbət statistikasını formalaşdırırlar.
Mənbələr iddia edirlər ki, Zəngilan RTŞ-nin fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 14 may tarixli 67 nömrəli qərarı ilə təsdiq olunmuş "Dövlət büdcəsindən maliyələşən təlim-tərbiyə və təhsil müəssələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi qaydaları”nın tələblərinə əməl olunmur. Külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə yol açan qanun pozuntularına isə şöbənin işində addımbaşı rast gəlmək olur. O cümlədən Zakir İbrahimov tərəfindən rəvac verilən qeyri-qanuni əmək haqlarının yazılması, məktəbdənkənar müəssisələrdə əlavə qrupların yaradılması, ödəniş dərəcələrinin düzgün müəyyən edilməməsi, siniflərdə qəsdən komplektləşmə aparılmaması və digər bu kimi hallar olduqca böyük məbləğlərin silinməsinə şərait yaratmaqdadır.
Artıq qeyd olunduğu kimi hal-hazırda Zəngilan rayonu üzrə məktəblərin 34-ü tam orta, 2-si əsas, 1-i ibtidai olmaqla 26-sı Bakı şəhərində, 6-sı Sumqayıtda, 2-si Şirvan, 2-si Sabirabad, 1-i isə Abşeron rayonundadır. Eləcə də Zəngilan RTŞ-nin tabeliyində uşaq və yeniyetmələrin təlim-tərbiyəsinin inkişafına xidmət edən 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Bu təhsil ocaqlarında 4112-dən çox şagird təhsilə cəlb edilmişdir. Onların təlim-tərbiyyələri və elmi biliklərə yiyələnmələri işi ilə 800 nəfərdən çox müəllim məşğul olur. Redaksiyamıza daxil olan məlumatlarda isə, belə bir məqam da xüsusi olaraqvurğulanır ki, Zəngilan Təhsil Şöbəsinə kadrların seçilməsi zamanı da heç bir qanuna riayət olunmur. Belə ki, iddialara görə, təhsil sistemindən anlayışı olmayan bəzi şəxslər hazırda təhsil şöbəsində mühüm vəzifələri tutublar...
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.