Azərbaycanda kənd təsərrüfatı torpaqlarının təyinatının dəyişdirilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik edilib.
“Qafqazinfo”-nun xəbərinə görə, dəyişikliyə əsasən, yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən həyata keçiriləcək.
Həmin şəxslərin müraciəti əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı andan torpağın təyinatı dəyişdirləcək.
Bildirilib ki, hazırda kənd təsərrüfatı yerlərindən birindən digərinə dəyişiklik etmək mürəkkəb mexanizmə tabe olduğundan mülkiyyətçilərin təsərrüfat fəaliyyətində tətbiqi çətinlik yaradır. Təklif olunan tənzimləmə torpaq istifadəçiləri üçün bu mexanizmi daha dəqiq tənzimləyir, torpaq balansının dürüst məlumatlara sahib olmasını təmin etmək üçün isə bu barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi şərtini müəyyən edir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.