Bir necə gün əvvəl Ağstafa ərazisində avtomobil yolları üzərinə tum dənələri qurudulmasına dair redaksiyamıza daxil olan məlumat əsasında, redaksiya tərəfindən bölgəyə ezam edilmiş müxbir şahidi olduğu mənzərədən sonra iddiaların əsassız olmadığına əminlik yaradıb. Belə ki, Ağstafanın Zəlimxan kəndi yaxınlığında, asfaltlanmış avtomobil yolu üzərində, quruması üçün yerə sərilmiş tumları görməmək mümkün sayılmaz. Müxbirin haqlı olaraq, qarşılaşdığı bu anti-sanitar mənzərəni video və fotolentə almasıyla istənilən şəxsin görə və anlaya biləcəyi bu qeyri-sağlam vəziyyət ciddi narahatlıq yaradır. Az qala kilometrə yaxın bir məsafədə avtomobil yolu üzərinə səpilmiş tum dənələri hansısa sahibkara və ya hansısa şirkətə aid ola bilər. Ancaq, onların öz məhsullarını bu şəkildə qurutmağı və satışa hazırlamaları dərin sağlıq problemlərini də öz yanında gətirməkdədir. Təsəvvür etmək çətin deyil ki, belə bir şəraitdə tədarük edilən tumlar bu dövr ərzində hər cür mikrob və digər ətraf mühitdəki qorxulu bakteriyalara bulaşa bilərlər və satışa çıxarıldıqdan sonra bunun nəticəsi ölkə əhalisi üçün ağır sağlamlıq problemi yarada bilər.
Bəs bu qorxuducu anti-sanitar vəziyyətlə bağlı rayondakı (və ya regiondakı) məsul idarələrin xəbəri yoxdurmu? Regionda fəaliyyət göstərən Regional Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları günlərlə çəkən bu təhlükəli tədarük prosesindən bixəbərdirlər?
Doğurdanmı bir kəndi rayona bağlayan, belə bir uzunluqda asfalt yol üzərinə səpilərək həm də avtomobillərin və digər nəqliyyat vasitələrinin qarşılıqlı hərəkətinə maneə yaradan bu haldan rayondakı DYP əməkdaşlarının xəbəri yoxdur? Əgər varsa ( ki, olmaması mümkün deyil) hansı səbəbdən bu vəziyyət haqqında təcili tədbirlər görülməyib?
Açıq və aşkar görünən bu narahatedici hal barədə yerli sakinlərlə söhbət edilərək onların bəzilərinin fikirləri öyrənilib. Bəzi sakinlərin səsləndirdiyi iddia budur ki, tum dənələrinin yolda qurudulmasına DYP Ağstafa bölməsinin rəisi Ruslan Zalov tərəfindən "xüsusi icazə" verilib. İddialara görə, sözügedən biznesə verilən "dəstək" sahibkarlar tərəfindən təqdirlə qarşılanır və verilən həmin "xüsusi icazə" sahibkarlar tərəfindən qarşılıqsız buraxılmır. Danşılanlar doğrudursa, deməli, "əl əli yuyur, əl də üzü". Olan isə istehlakçıya olur.
"ŞəfəqəDoğru" redaksiyası olaraq mövzuyla bağlı məsul qurumlara ünvanlanan sorğunun nəticəsində yuxarıda yazdığımız qeyri sağlam və anti-sanitar vəziyyətin əslində bir iş diqqətsizliyimi yoxsa təmənnalı göz yummaq olub-olmadığını aşkarlamağa çalışacağıq. Təbii ki, bəzilərinin peşə fəaliyyətlərindəki etinasızlığı sorğulara cavab verməkdə də özünü göstərməzsə.
Qeyd: Redaksiya yazıda adı çəkilən bütün şəxslər və təşkilatların mövqeyini dərc etməyə hazırdır.