Qazaxda 18 tələbə dönərdən zəhərlənib. Hadisə dünən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində baş verib. Belə ki, dönər yeyən 18 tələbənin halı pisləşib və xəstəxanaya yerləşdiriliblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.media-ya zəhərlənən tələbələrin vəziyyəti açıqlanıb:
"10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir".
Oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 nəfər tələbənin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat verib.
Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 18 tələbə ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.
"Qazaxda 18 tələbənin dönərdən zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb".
Bu məlumat Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilib.
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", - deyə məlumatda vurğulanır.
oxu.az