Bakı Apellyasiya Məhkəməsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rüşvətalmada təqsirləndirilən əməkdaşları - Aydaş Məmmədov və Mirhəmid Ağayevin barəsindəki hökmdən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-a istinadla yayılan xəbərdə bildirilir ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, A.Məmmədovun 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 8 ilə endirilib. M.Ağayevə isə şərti cəza verilib. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından dərhal həbsdən azad olunub.
Baş Prokurorluğun yaydığı məlumatda onların 2019-2022-ci illər ərzində Abşeron rayonu ərazisində müvafiq torpaq sahələrinə aid sxemlərin təsdiqi, texniki pasport və çıxarışların verilməsi müqabilində müraciət etmiş ayrı-ayrı şəxslərdən rüşvət almaları bildirilib. Onlarla yanaşı iki makler də saxlanılıb. Qanunsuz əməllərin üzə çıxmasından sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin müdir müavini Etibar Qasımov və 10-a yaxın əməkdaş işdən çıxarılıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 və 313-cü (rüşvətalma və vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona 2 il 6 ay dövlət qurumlarında vəzifə tutmaq qadağan edilməklə 8 il 6 ay müddətə həbs cəzası verilib. M.Ağayev isə rüşvətalmada iştirak etmə və vəzifə saxtakarlığında təqsirli bilinib. Ona 1 il 6 ay vəzifə tutmaq qadağan edilməklə 3 il 6 ay həbs cəzası verilib.