Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Vəkil Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, bu gün Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə həbs müddətinin uzadılması barədə təqdimata baxılıb. Qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ay uzadılıb.
Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.