Ermənistanın baş naziri Nikol Paşinyan Sovet İttifaqı və Qərb Müttəfiqlərinin İkinci Dünya Müharibəsindəki Qələbəsinin 80 illiyi ilə bağlı xalqa müraciət edib.
Modern.az-ın məlumatına görə, Paşinyan müraciətində bəzi mesajlar verib.
O deyib ki, son illərdə fəaliyyətinin əhəmiyyətli hissəsini Ermənistan Respublikasının vətəndaşları ilə real Ermənistanın ideologiyası barədə müzakirələrə həsr edib.
“Bu son dərəcə vacib bir prosesdir. Real Ermənistan ideologiyası tariximizi yenidən oxumağın nəticəsidir. Real Ermənistan ideologiyası Tarixi Ermənistanın bizə ünvanladığı mesajları oxumağın nəticəsidir. O deyir: mənim yolumla getmə, ancaq xəyal etdiyimiz ölkədə azadlıq, xoşbəxtlik və firavanlıq qurmağa diqqət et. Bu gün belə bir imkanımız var və biz bunu reallaşdırmağa borcluyuq”.
Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir: “Bölgəmiz sülh və firavan yaşamaq haqqını qazanıb və belə də olmalıdır”.
“Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında müharibə olmayacaq, sülh olacaq!”, - Paşinyan vurğulayıb.