Şəfəqə Doğru » Gündəm » Stomatologlar TƏBİB-in "plan" tələbinə etiraz müraciəti yayımladılar

Stomatologlar TƏBİB-in "plan" tələbinə etiraz müraciəti yayımladılar

Stomatologlar TƏBİB-in "plan" tələbinə  etiraz müraciəti yayımladılar

TƏBİB tərəfindən stomatoloqlara yönəlmiş aylıq  "plan" ödəniş qərarına qarşı etiraz dalğası böyüyür. Dünən stomatologların  "META"(Facebook) sosial şəbəkəsi üzərindən yayımladıqları bəyannamədən aydın olur ki, həkimlər TƏBİB-in "plan" qərarından narazılıqlarını açıq şəkildə göstərməyə və bu qərarın ləğvinə nail olmağa  qərarlıdırlar. Dünən axşam saatlarında yayınlanmış müraciəti aşağıda olduğu  kimi təqdim edirik:


STOMATOLOGLAR ADINDAN ETİRAZ MÜRACİƏTİ

Biz, uzun illər boyunca çətin və məsuliyyətli təhsil yolu keçərək stomatologiya sahəsində ixtisaslaşmış və minlərlə insanın sağlamlığına xidmət etmiş həkimlər olaraq, son zamanlar qarşılaşdığımız ədalətsizliklərə, həmçinin stomatoloqların nüfuzunu və fəaliyyətini sual altına alan qərarlara görə dərin narahatlıq keçiririk.

Stomatoloq olmaq – yalnız dişlə bağlı müalicə aparmaq deyil, insan sağlamlığının bütövlüyünü təmin edən çətin və incə bir sənət sahəsidir. Bizlər 5 il müddətində ali tibb təhsili alaraq, yüzlərlə imtahandan keçərək, praktik təcrübələr toplayaraq bu peşəyə yiyələnmişik. Gecə-gündüz demədən, həm pandemiya dövründə, həm də çətin şəraitlərdə insanlara xidmət etmişik.

Lakin bu gün TƏBİB tərəfindən stomatoloji müəssisələrə tətbiq edilən yeni 1200 və 1800 manatlıq “plan” tələbi, nə tibbi prinsiplərə, nə də real iqtisadi və sosial şəraitə uyğundur. Bu planlar əsassız və qeyri-etik tələblərlə həkimlərə qarşı maddi və psixoloji təzyiq vasitəsinə çevrilmişdir. Bu sistem, yalnız vicdanla çalışan həkimlərin deyil, ümumilikdə stomatoloji xidmətlərin keyfiyyətinə də mənfi təsir göstərir.

Daha acınacaqlısı odur ki, bu qərarların fonunda heç bir tibbi və stomatoloji təhsili olmayan, qanunsuz şəkildə diş müalicəsi və protezləşmə ilə məşğul olan şəxslərə qarşı heç bir cəza tədbiri görülmür. Əksinə, təhsilli, lisenziyalı və peşəkar stomatoloqlara qarşı təzyiqlər artır, işdən çıxarılma təhlükəsi ilə qarşı-qarşıya qalırlar. Bu, sadəcə bir haqsızlıq deyil – bu, səhiyyənin gələcəyinə qarşı bir təhlükədir.

Biz, stomatoloqlar olaraq bu ədalətsizliklərə qarşı çıxır, aşağıdakı tələblərlə rəsmi qurumlara və cəmiyyətə müraciət edirik:

1. TƏBİB-in tətbiq etdiyi 1200 və 1800 manatlıq plan tələbləri dərhal ləğv olunsun;

2. Stomatoloji fəaliyyəti yalnız müvafiq diplom və icazəsi olan şəxslər tərəfindən həyata keçirilməli, digərlərinə qarşı hüquqi tədbirlər görülməlidir;

3. Təhsilli və peşəkar həkimlərin işdən uzaqlaşdırılması və ya təzyiqə məruz qalması dayandırılsın;

4. Həkimlərin əməyinə, peşəkarlığına və insan sağlamlığına verdiyi töhfəyə hörmətlə yanaşılsın.

Biz bu məsələnin yalnız stomatoloqların deyil, bütün cəmiyyətin sağlamlığı ilə bağlı olduğunu düşünür və bütün aidiyyəti qurumları məsuliyyətli və ədalətli qərarlar verməyə çağırırıq.