Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, ölkənin ikinci prezidenti Robert Köçəryanın mətbuat konfransına baxmayıb və baxmaq niyyəti də yoxdur.
Musavat.com erməni mediasına istinadən xəbər verib ki, o, bunu “Telegram” kanalında yazıb.
“Mahiyyət baxımından yeni heç nə gözlənilmirdi, estetik baxımdan isə bu insanı izləmək və dinləmək sadəcə xoşagəlməzdir. Onun ‘saxta’ gülüşü, mimikaları, cəfəng fikirləri və süni cəsarəti artıq heç kimə maraqlı deyil. Sadəcə bunu ona demirlər ki, kefini pozmasınlar.
Əgər onun siyasi baxımdan deyəcək sözü varsa, yol çoxdan göstərilib — qoy cəsarətini toplayıb Ermənistanın unikal şəkildə seçilmiş rəhbəri ilə debatlara gəlsin. Amma əminəm ki, vaxtilə özünü ölkədə ‘yeganə kişi’ adlandıran bu şəxs, digərləri kimi, qorxur. Qorxmayın, onsuz da siz çoxdan siyasi cəsədlərsiniz, itirəcəyiniz bir şey yoxdur. Heç olmasa, aranızda kimin daha çox ‘siyasi meyit’ olduğunu müəyyənləşdirmək üçün bir şansınız olar”,-deyə Simonyan yazıb.