Bakıda hotelin 4 əməkdaşı elektrik xəttinə təmas nəticəsində cərəyan vurması nəticəsində ölüb.
Şahidlərin sözlərinə görə, faciə dəmir konstruksiyanın yerini dəyişərkən baş verib.

Əməkdaşlar şüşələri yumaq üçün dəmir nərdivanı aparan zaman konstruksiya yüksək gərginli naqillərə toxunub. Bu zaman cərəyan dörd nəfəri vuraraq öldürüb.
TƏBİB-dən bildirilib ki, bu gün saat 11:35-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən cərəyanvurma hadisəsinin baş verməsi səbəbilə təcili çağırış qeydə alınıb.
Saat 12:00-da təcili tibbi yardım briqadası çağırış ünvanına çatıb. Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Hadisədə həyatını itirən şəxslər 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovdur .
Hadisə ilə bağlı cinayət işi açılıb // apa.az
