Bizim.Media-ya açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, icra hakimiyyətləri hər zaman zəruridir: “Yerlərdə idarəetməni kim həyata keçirməlidir? İcra hakimiyyəti olmasın, başqa ad olsun. Yəni, ali icra hakimiyyətin yerlərdə funksiyalarını həyata keçirəcək strukturun olması vacibdir. Yeni çağırışlar fonunda müəyyən funksional dəyişikliklər ola bilər. Xarici ölkələrin praktikasına baxsaq, görərik ki, bələdiyyələrin fəaliyyəti daha aktivdir. Yerlərdəki bütün təsərrüfat işlərini bələdiyyələr icra edir. Amma digər məsələləri valilik institutu həyata keçirir. O ki qaldı xüsusi nümayəndəliklərin tətbiqinə...
Bu məsələdə konstitusion dəyişikliyə ehtiyac var. Çünki Konstitusiyada icra hakimiyyətləri nəzərdə tutulur. Ümid edirik ki, bu müzakirələr sonda Konstitusiya dəyişikliyi ilə yekunlaşar. Orada daha dəqiq göstərilər ki, hansı formada idarəetmə lazımdır. Bununla belə hesab edirəm ki, icra hakimiyyəti mütləq lazımdır. Onun adını başqa formada da qoymaq olar. Amma bu institut vacib idarəetmə strukturudur”.
