Prezident İlham Əliyevin tövsiyəsi ilə yaradılan, regionun ən böyük müəssisələrindən biri olan və hazırda “Arkoz Qazax Sement Zavodu” MMC adı ilə fəaliyyət göstərən müəssisə təkcə burada çalışan işçilər üçün deyil, həm də bölgədə fəaliyyət göstərən kiçik sahibkarlar üçün də mühüm qazanc mənbəyidir.
Aldığımız məlumatlar əsasında apardığımız araşdırma zamanı zavodun bəzi sahələrində diqqətçəkən məqamlarla qarşılaşmışıq. Bildirilən iddialara görə, bir neçə zavod daxili vəzifəli şəxsin əlbir olaraq qruplaşma yaratması bəzi kiçik sahibkarları zavodla əməkdaşlıq imkanlarından məhrum edib.
Bizim diqqətimizi ilk olaraq zavodun əsas xammallarından biri olan əhəngin daşınması məsələsi cəlb etdi.
Əldə etdiyimiz məlumata görə, daşınmanı bir podrat şirkət həyata keçirir. Amma bir neçə ay əvvələ qədər əhəngin daşınmasında şəxsi yük maşınları ilə daşınma edənlər də olub və sonradan onların işi dayandırılıb. Indi daşınmanın tamamını podratçı şirkət edir.
Məhz bundan sonra ortaya ciddi suallar çıxır.
Bildirilir ki, ṣəxsi maşınlarla daşıyanlara əhəngin bir tonunun daşınma qiyməti 1 manat 20 qəpik olub. sonradan "bir əl"ə keçdiyi üçün bu rəqəm 2 manat 32 qəpiyə, hazırda isə təxminən 2 manat 69 qəpiyə yüksəlib.
Bizdə olan məlumata əsasən, aylıq əhəng daşınmasının həcmi 140 min tondan çoxdur.
Sadə hesablama belə, məsələnin miqyasını göstərir:
140 000 × 1,20 manat = 168 000 manat
Hazırkı bildirilən qiymətlə isə:
140 000 × 2,69 manat = 376 600 manat
Beləliklə, aylıq fərq təxminən 208 600 manat təşkil edir. Bu göstərilən məbləğin içərisində yükləmə xərcləri də var. Təəsüfki onun məbləğini dəqiqləşdirmək mümkün olmadı.
Əlbəttə, bu rəqəm yalnız əldə etdiyimiz məlumatların əsasında aparılmış ilkin hesablamadır və onun dəqiqliyi müvafiq sənədlər və müqavilələrlə təsdiqlənməlidir. Lakin sual kifayət qədər ciddidir: daşınmanın qiyməti niyə bu qədər artıb və əlavə yaranan xərcin iqtisadi əsaslandırması nədir?
Axı böyük müəssisənin fəaliyyətində əsas prinsiplərdən biri xərclərin optimallaşdırılması, maya dəyərinin aşağı salınması və səmərəliliyin artırılması deyilmi?
Bizə maraqlıdır: əvvəlki qiymətlə daşınma mümkün olduğu halda, hansı səbəbdən daha yüksək qiymətli daşınma modelinə keçilib?
Bu qərarın zavodun iqtisadi göstəricilərinə təsiri necə hesablanıb?
Araşdırmamız zamanı bu sahəyə zavod daxilində Dağ-mədən şöbəsinin müdiri Orxan Nərimanov və Satınalmalar şöbəsinin müdiri Ruslan Məmmədovun nəzarət etdiyi barədə məlumatlar da əldə etmişik.
Adları çəkilən şəxslərin hər hansı qanunsuzluqda iştirak etdiyini təsdiqləyən sənədlər olmadan belə bir nəticə çıxarmaq düzgün olmaz. Lakin məsələ ilə bağlı ciddi sualların mövcudluğu onların cavablandırılmasını zəruri edir.
Digər tərəfdən, həmin şəxslərin son dövrlərdə həyat tərzində və əmlak vəziyyətində nəzərəçarpacaq dəyişikliklər olması barədə də məlumatlar səsləndirilir. Bu məlumatların da ayrıca yoxlanılmasına ehtiyac var. Təbii ki, hər hansı şəxsin maddi vəziyyətinin yaxşılaşması öz-özlüyündə qanunsuzluq demək deyil və bununla bağlı konkret nəticə yalnız rəsmi maliyyə məlumatları və digər sübutlar əsasında çıxarıla bilər.
Bizim məqsədimiz kimisə əvvəlcədən günahlandırmaq deyil. Əksinə, ortaya çıxan sualların cavablandırılmasını istəyirik.
Əgər əhəng daşınması və digər xammal üzrə xərclərin bilərəkdən yüksək göstərilməsi və yaranan fərqin mənimsənilməsi ilə bağlı iddialar doğrudursa, bu, artıq sadəcə təsərrüfat məsələsi deyil, ciddi araşdırma tələb edən məsələdir.
Bu baxımdan müəssisənin rəhbərliyinin, eləcə də aidiyyəti qurumların səsləndirilən iddialara münasibət bildirməsi və zəruri hesab etdikləri halda araşdırma aparması vacibdir.
Çünki söhbət bir neçə yüz manatdan deyil, yalnız ilkin hesablamaya görə aylıq 208 min manatdan artıq fərqdən gedir. Üstəlik, bu rəqəm yalnız əhəng daşınmasına aiddir. Digər xammallar və zavodun digər xərc istiqamətləri üzrə araşdırmalarımız davam edir.
Əgər hər hansı nöqsan və ya qanunsuzluq aşkarlanarsa, onun üzərinə gedilməsi həm müəssisənin, həm də bölgənin iqtisadi maraqlarına xidmət edər.
Möhtərəm Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bürokratiya, korrupsiya, rüşvətxorluq, özbaşınalıq və digər neqativ hallarla bağlı aparılan araşdırmalar ümumi işimizə dəstək verir.
Biz jurnalist olaraq öz işimizi görürük: səsləndirilən iddiaları mümkün qədər araşdırır, ortaya çıxan sualları ictimailəşdirir və aidiyyəti şəxslərin diqqətinə çatdırırıq.
Qarşı tərəfin mövqeyinə gəlincə, “Arkoz Qazax Sement Zavodu” MMC rəhbərliyini, eləcə də adı çəkilən şəxsləri qərəzsiz şəkildə dinləməyə və mövzu ilə bağlı göndərəcəkləri açıqlamanı olduğu kimi dərc etməyə hazırıq.
Şəfəqə Doğru redaksiyası
