Məhkəmə prosesində cavabdeh qismində iştirak etdiyim iş üzrə qarşı tərəfi təmsil edən hüquqşünas mənə belə bir sual ünvanladı: “Sizin marağınız nədir ki, zavod haqqında yazırsınız?”
Bu sual mənim üçün təkcə məhkəmə prosesində verilmiş sual deyil, həm də jurnalist fəaliyyətinin mahiyyəti baxımından düşündürücü sualdır.
Mən bu işdə cavabdehəm. Eyni zamanda, baş redaktor və jurnalist kimi ictimai əhəmiyyət daşıyan məsələləri araşdırmaq və işıqlandırmaq peşə fəaliyyətimin bir hissəsidir. Buna görə də hansısa müəssisənin fəaliyyəti ilə bağlı vətəndaşların və sahibkarların səsləndirdiyi iddiaların araşdırılması üçün həmin müəssisədə şəxsi və ya maddi marağımın olması şərt deyil.
Jurnalistin əsas marağı ictimai maraqdır.
Əgər bir müəssisənin fəaliyyəti ilə bağlı iddialar, şikayətlər və mümkün nöqsanlar barədə məlumatlar daxil olursa, baş redaktor kimi həmin məlumatların araşdırılması və ictimaiyyətə çatdırılması mənim peşə məsuliyyətimdir.
Əlbəttə, burada mühüm bir fərq var: iddianı dərc etmək onun həqiqət olduğunu təsdiqləmək anlamına gəlmir. Jurnalist iddianı təqdim edir, mümkün qədər yoxlayır və qarşı tərəfin mövqeyinə də yer verir. Hər hansı məlumatın həqiqətə uyğun olmadığı düşünülürsə, buna münasibət və etiraz da faktlarla ortaya qoyula bilər.
Məhkəmədə cavabdeh kimi mənim mövqeyim ayrıca hüquqi məsələdir. Baş redaktor və jurnalist kimi fəaliyyətim isə başqa məsələdir. Bu iki anlayışı bir-birinə qarışdırmaq doğru olmaz.
Jurnalistin motivini sorğulamaqla yazılan məlumatın hüquqi və faktiki mahiyyəti dəyişmir.
Mənim “marağım” isə çox sadədir: ictimai əhəmiyyət daşıyan məsələləri araşdırmaq, tərəflərin mövqelərini təqdim etmək və oxucunun məlumat almaq imkanını təmin etmək.
Əgər yazılanlarla bağlı etiraz varsa, cavab jurnalistin şəxsi marağında deyil, faktların özündə axtarılmalıdır.
Niyamət Novruzov
