Ötən il teatr tamaşaçıların sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə teatrlara gələnlərin sayı 419 min nəfər olduğu halda, 2025-ci ildə bu göstərici 413 min nəfərə enib ki, bu da altı min nəfər azalma deməkdir.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda göstərilir ki, Azərbaycanda 2025-ci ilin sonuna teatrların sayı 29 olub. İl ərzində teatr tamaşalarına gələnlərin ümumi sayı isə 413 min nəfər təşkil edib.
Rəsmi statistikaya əsasən, ölkədəki teatrların 19-u dram, musiqili komediya və musiqili dram teatrlarıdır. Uşaq və gənc tamaşaçılar üçün fəaliyyət göstərən teatrların sayı doqquz opera və balet teatrlarının sayı isə birdir.
Statistikaya görə, 2025-ci ildə teatrlara gələnlərin 278 min nəfəri dram, musiqili komediya və musiqili dram teatrlarının, 116 min nəfəri uşaq və gənc tamaşaçılar üçün teatrların, 19 min nəfəri isə opera və balet teatrlarının tamaşaçıları olub//oxu.az
