"Çox sayda şagird və müəllim məktəblərdə papaq və üst geyimi ilə oturmağa məcburdurlar. Demək olar ki, şagirdlər uşaqlıqdan "sağ qalmaq” kursu keçirlər”.
Bunu ekspert Nəriman Ağayev "Exo” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda 1000-ə yaxın məktəb hələ də istiliksiz qalıb.
Ekspert məktəblərdə istilik sahəsində problemlərin yaranmasının səbəbini idarəçilik sistemində görür. N.Ağayev deyib ki, istiliyə görə xərcləri Təhsil Nazirliyi ödəyir, amma buna görə büdcə ayırması olmur, vəsaiti Maliyyə Nazirliyindən alırlar.
Ekspert qeyd edib ki, buna görə də 100-lərlə şagird və müəllim başqasının təqsirlərinə görə əziyyət çəkir.
Müəllif hesab edir ki, prokurorluq «Azəriqaz» və «Azəristiliktəchizat» sistemində buna görə günahkarı aşkarlamalıdır. Onlar məsuliyyətə alınmalıdırlar.
N.Ağayev düşünür ki, bu məsələyə görə Təhsil Nazirliyinin də böyük məsuliyyəti var: «Vaxtında bu məsələyə reaksiya verməyən Təhsil Nazirliyinin də böyük günahı var. Axı, bu problem birinci il deyil, neçə illərdir ki, davam edir. Əgər nazirlik problemin həllində maraqlı olsaydı, bu gün şagirdlər siniflərdə donmazdılar. Bütün ümid ictimaiyyətə qalıb. Vətəndaşlar bu məsələni qaldırmalı, məktəbin konkret adını çəkməli, tədris prosesini foto və video-materiallarda əks etməklə diqqəti bu problemlərə yönəltməlidirlər».
N.Ağayevin deməsinə görə, hazırda Azərbaycanda azı 1000 məktəb istilik sisteminə qoşulmayıb. Bu müəssisələr sinif otaqlarını, ən yaxşı halda, odun və solyarka ilə qızdırırlar: «Bəzi kənd məktəblərində odun və solyarka alınması üçün ayrılan pullar məktəb direktorunun şəxsi ehtiyaclarına ödənir. Yəni, pullardan təyinatı üzrə istifadə edilmir. Belə problemlərlə xüsusilə dağ regionlarının insanları daha yaxşı tanışdırlar».
Yazıda deyilir ki, elə bunun səbəbidir ki, məktəblərdə uşaqlar arasında xəstələrin sayı artır.