Dövlət başçısı bir neçə gün öncə bir sıra məhkumların əfv olunmasına dair növbəti sərəncam imzaladı. Günahsız həbs olunmuş insanları azadlığa buraxmağı əfv adlandırmaq düzgün olmasa da son sərəncamda bu qrupdan olan şəxslərin də adları var. Həmin gün azadlığa çıxan 137 məhbusun 14 nəfəri yerli və beynəlxalq ictimaiyyətin, hüquq müdafiə təşkilatlarının siyasi məhbus kimi tanıdığı şəxslərdir. Fərman imzalanan gün tanınmış jurnalist Rauf Mirqədirov da Apellyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxıldı. Yeri gəlmişkən qeyd edək ki, bu hal "2 aprel məhbusları”-ndan sonra 2012- ci ildən üzü bəri eyni vaxtda siyasi məhbusların say çoxluğu ilə qrup halında azadlığa çıxdığı ilk hal idi. Sual oluna bilər;
İlham Əliyev bir qrup siyasi məhbusu niyə azadlığa buraxdı?
Bəziləri bu addımı humanizmin nəticəsi hesab edir. Amma kiçik araşdırma aparsaq məlum olar ki, onlar yerli və beynəlxalq ictimaiyyətin tələbi ilə azadlığa buraxılıb. Yəni hakimiyyət məcburiyyət qarşısında qalıb 15 nəfər siyasi məhbusu Novruz bayramı öncəsi girovluqdan azad etdi. Humanizm inanclı insanların cibinə narkotika, gənclərin evinə silah sursat qoyub onları həbs etmək, ömürlərinin 3- 4 ilini oğurlayıb sonra azadlığa buraxmaq deyil. Artıq siyasi məhbusların həbsdə qalması məhbusların özlərindən çox hakimiyyətə baş ağrısıdır. Ölkədə ciddi sosial- iqtisadi gərginlik var. Beynəlxalq təpkilər və sanksiya xəbərdarlıqları artır. Bu gərginliyi və tələbləri önləmək üçün hakimiyyət yumşaldıcı addımlar atmağa məhkumdur. Əslində bu addım həm də Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Ağ Evə nəzərdə tutulan səfərin əli boş gedilməməsi və ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Kris Smit tərəfindən Azərbaycanın yüksək çinli məmurları, onların yaxın ailə üzvləri, hüquq pozuntularında birbaşa iştirak edən və maddi olaraq bəhrələnən məmurların ABŞ-a daxil olması üçün viza verilməsindən imtina edilməsini nəzərdə tutan Azərbaycan Demokratiya Aktı (H.R.4264) adlı qanun layihəsinin qarşısının alınmasına xidmət edir.
Ağır cinayət törədənlər olar, siyasi məhbuslar yox…
Ötən dəfə olduğu kimi bu dəfə də əfv siyahısında yer alan şəxslərin çoxu ağır cinayət törətməkdə ittiham olunublar. Görünür Əfv Komissiyasının ağır cinayət törətmiş şəxslərə xüsusi simpatiyası, hörməti- izzəti var. Son əfv sərəncamı ilə azadlığa çıxan 137 məhkumun 90 nəfəri Bakı və regionlarda yerləşən Ağır Cinayətlərə dair məhkəmələrin hökmü ilə ağır cinayətlərdə ittiham olunaraq azadlıqdan məhrum edilib. Onların bir çoxu haqqında məhkəmə hökmü 2013- cü, 2014- cü, hətta elələri var 2015- ci ildə çıxarılıb. Ən ağır cinayətkarın da hüququ olduğu, hər bir məhkumun azadlığa çıxmaq istəyi normal qarşılansa da hakimiyyətin ağır cinayət törədən məhkumları azadlığa buraxıb heç bir günahı olmayan Xədicə İsmayılı, İlqar Məmmədovu, İntiqam Əliyevi, Fuad Qəhrəmanlını və digər vicdan məhbuslarını həbsdə saxlaması heç cür anlaşılan deyil. Yeri gəlmişkən qeyd edək ki, keçən ilin dekabr ayında imzalanan axırıncı əfv sərəncamı ilə azadlığa buraxılan 198 məhbusun 66%- i, yəni 131 nəfəri ağır və xüsusi ilə ağır cinayətlər törətməkdə ittiham olunaraq Bakıda və regionlarda yerləşən Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan mərhum olunublar. Görünən odur ki, əfv sərəncamları ilə azadlığa buraxılan məhbusların 65- 66%- i ağır və xüsusi ilə ağır cinayət törətməkdə ittiham olunan şəxslərdir.
Əfv, yoxsa kin- küdurət və siyasi qısqanclıq?
Sonuncu əfv sərəncamında diqqət çəkən məqamlardan biri odur ki, hakimiyyət özünə rəqib bildiyi, barışmaz münasibətdə olduğu bəzi şəxsləri və təşkilatların nümayəndələrini əfv siyahısına salmadı. Azadlığa buraxılan şəxslər arasında siyasi məhbuslar İlqar Məmmədovun, Xədicə İsmayılın, İntiqam Əliyevin, AXCP üzvlərinin və inanclı insanların olmaması hakimiyyətin həmin şəxslərə qarşı xüsusi münasibətin, kin- küdrətinin göstəricisi hesab oluna bilər.
Əfv sərəncamında digər bir məqam eyni motivli hadisəyə görə eyni maddə ilə ittiham olunan şəxslərə qarşı fərqli münasibətin göstərilməsidir. Bu əfvetmə prinsiplərinin kobud pozuntusu ilə yanaşı məhkumlara qarşı fərqli və ədalətsiz yanaşmanın göstəricisidir. Məsələn, necə ola bilər ki, eyni motivlərdə ittiham olunan Tofiq Yaqublu haqq etdiyi azadlığa qovuşur, amma İlqar Məmmədov həbsdə qalır? Bu yanaşma həbsdə olan NİDA- çılara, o cümlədən İlkin Rüstəmzadəyə qarşı da tətbiq olunub.
Günahsız insanları azadlığa buraxmağa təşəkkür düşürmü?
Çörəyi höküməti tərifləməkdən çıxan bir qrup şəxs son əfv sərəncamı ilə də bağlı yenə öz ampulalarında oldular. Onlar insanların haqq etdikləri azadlığa qovuşması ilə bağlı atılan bu addımın "möhtəşəmliyini” əsaslandırmaq üçün dəridən- qabıqdan çıxdılar. Bəzən onların bu can- fəşanlıqlarının nəqarətinə bəzi beynəlxalq qurumların təmsilçiləri də züy tutdular. Anlamaq istəmirlər ki, bu "möhtəşəm” addım papağı əlindən alınan yetimə sonradan onu qaytarıb verməkdən başqa bir şey deyil.
Doğurdanmı anlamaq çətindir ki, o insanların ömürlərinin ən gözəl çağları əllərindən alınıb, oğurlanıb, qəsb olunub. Onların bir çoxu atasını, anasını (məsələn, Nemət Pənahlı həbsdə olduğu müddətdə ata və anasını itirib, onlarla vidalaşmağa və valideynlərinin dəfnində iştirak etməyə imkan verilməyib), bəziləri övladlarını (Tofiq Yaqublu qızı Nərgizi itirib) və digər əzizlərini itiriblər. Azadlığa çıxan insanlardan təbrik gözləyənlərə ən yaxşı cavabı Tofiq Yaqublu verdi; "Kimsəyə təşəkkür etmək fikrim yoxdu. Əksinə, bizə yaşadılan bu sitəmin, qanunsuz həbsimizin hesabını sormaq lazımdı. Axı bizi niyə qanunsuz yerə, günahımız olmadan həbs etmişdi bu iqtidar?! … Əfvə görə İlham Əliyevə o vaxt təşəkkür edərdim ki, mən gerçək cinayətkar olardım və məni əfv edərdi. Bunların qərbdən qorxusu olmasa bizi divara söykəyib güllələyərdilər. Mənim ömrümdən 3 il 2 ay oğurlanıb, kim verəcək bunun cavabını. Nərgiz faciəsini mənə yaşadanlara necə təşəkkür edim mən?”.
Siyasi məhbus kartından kim alver edir?
Son zamanlar bəzi hakimiyyət yandaşları müstəqil vətəndaş cəmiyyəti institutlarını və beynəlxalq hüquq müdafiə təşkilatlarını nəzərdə tutaraq bildirirlər ki, siyasi məhbus məsələsini alver predimetinə çeviriblər. Görəsən kim çevirib? İnsanların həyatını, ömürünü oğurlayıb, sonra onları minnətlə əfv edib ailəsindən, bəzi qondarma hüquq müdaifəçilərindən "saq ol” almaq, beynəlxalq təşkilatlardan təşəkkür qəbul etmək təkcə tərbiyəsizlik deyil, həm də natamamlıq kompleksidir. Öz vətəndaşını azadlığa buraxmağın müqabilində hansısa beynəlxalq təşkilatlara və dövlətlərə təzyiq etmək, onlardan imtiyaz almaq, təşəkkür gözləmək ancaq Azərbaycan hakimiyyətində təmsil olunan bəzi şəxslərin qafasının məhsulu ola bilər. Əsl alver budur, özü də ucuz və utanc verən alver…
Siyasi məhbus probleminin həlli…
Son əfv sərəncamı ölkədə siyasi məhbus probleminin mövcudluğunu bir daha nümayiş etdirdi. Amma nə yazıq ki, hakimiyyətin bütün addımları kimi bu addımı da yarımçıq oldu, problemi tam həll etmədi. Azərbaycanda siyasi məhbus probleminin həlli qanunsuz həbs həyatı yaşayan siyasi məhbuslar Xədicə İsmayılın, İlqar Məmmədovun, İntiqam Əliyevin, Fuad Qəhrəmanlı başda olmaqla cəhbəçilərin, Taleh Bağırzadə başda olmaqla inanclı kəsimin və digər günahsız insanların azadlığa çıxmasından, eyni zamanda onların yerini doluracaq yeni qanunsuz həbslərin baş verməyəcəyindən keçir. Hakimiyyət bütün siyasi məhbusları azadlığa buraxmağa məhkumdur. Hazırkı şərtlər altında onun uzun müddətli hər hansı formada dirəniş göstərməsi mümkün deyil. Sadəcə toplumun ürəklənməsi, hərəkətə gəlməməsi, eyni zamanda geriyə atdığı addımlarla məğlub durumda olmasını göstərməməsi üçün bu addımları hissə- hissə atır. Amma YAP hakimiyyəti gec- tez Azərbaycan xalqı və dünyanın demokratik kəsimi ilə hesablaşıb, ölkədə iqtisadi və siyasi açılım etməyə məhkumdur. Yoxsa öz durumu indikindən də fəna olacaq…Shafaqadogru.com Azadlıq.ionfoya istinadən bildirir.