Şəfəqə Doğru » Gündəm » TÜRKİYƏDƏKİ SOYUQ HAVA BİZƏ GƏLİR – DİQQƏT!

TÜRKİYƏDƏKİ SOYUQ HAVA BİZƏ GƏLİR – DİQQƏT!

TÜRKİYƏDƏKİ SOYUQ HAVA BİZƏ GƏLİR – DİQQƏT!

"Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada müşahidə olunan soyuq havanın yaxın 1 həftə ərzində Azərbaycanda gəlmə ehtimalı var”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya bildirib ki, Atlantik okeanından gələn mülayim dəniz və şimaldan gələn mülayim-kontinental hava kütlələrinin qarşılaşması Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada güclü qarların yağmasına səbəb olub.

Onun sözlərinə görə, bu, mülayim kontinental hava kütlələrinin daha uzun müddətli hakim olmasının nəticəsidir: "Azərbaycanda isə atmosfer təzyiqi 750-755 millimetr civə sütunu civarındadır. Təzyiq get-gedə aşağı düşür və belə olduqda soyuq hava kütlələri Azərbaycana gələcək. Lakin ölkəmizə gələnə qədər onlar təsirini müəyyən qədər itirəcək. Çünki həmin hava kütlələri tərkibində olan qar, yağış buludlarının xeyli hissəsini itirərək gələcək. Məsələn, Türkiyədə, Rusiyanın Avropa hissəsindəki qar bizdə olmayacaq. Havanın temperaturu 3-5 dərəcə aşağı düşəcək və iqlim normasına uyğun olacaq”.

M.Həsənov vurğulayıb ki, ötən il yağıntının miqdarı bütün ölkə üzrə çoxillik normadan yüksək olub. Onun sözlərinə görə, temperatur həddi isə iqlim normasından 1 dərəcə aşağı müşahidə edilib: "Aylar üzrə götürdükdə isə sentyabr, oktyabr, noyabr aylarında daha çox fərq hiss olunub. Yağıntıların miqdarında yazda bir qədər çoxluq müşahidə edilib. Payız fəslində fərq daha kəskin şəkildə özünü büruzə verib. Son 25 ildə yağıntının belə çox olması qeydə alınmayıb. Yağıntıların çox olması nəticəsində 2016-cı il daha rütubətli il olub”.