"Biz ABŞ-la ikitərəfli əlaqələrimizi yüksək qiymətləndiririk”. APA-nın məlumatına görə, bu sözləri ABŞ-da səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Con Kerri ilə keçirilən press brifinqdə deyib.
O, ilk növbədə ABŞ prezidenti Barak Obamaya Nüvə Təhlükəsizliyi sammitində iştirak etmək üçün etdiyi dəvətə görə təşəkkür edib: "Bu dostluq və tərəfdaşlıq əlamətidir. Mən bizim qarşılıqlı əlaqələrimizi yüksək qiymətləndirirəm. ABŞ Azərbaycan münasibətlərinin uzun 25 illik tarixi var. Bu münasibətlər həmişə yaxın, səmimi olub və strateji tərəfdaşlıq səviyyəsindədir. Bizim inkişaf edən iqtisadi əməkdaşlığımız mövcuddur, ABŞ şirkətləri bizim iqtisadiyyatımıza təxminən 10 milyard dollar sərmayə qoyub. Bu uğurlu iqtisadi əməkdaşlığın və ölkəmizin iqtisadi inkişafının göstəricisidir. Biz birgə vacib layihələri, Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən neft layihələrini ilk dəfə ABŞ-ın ciddi dəstəyi ilə icra etmişik, bu gün isə "Cənub” qaz dəhlizinin üzərində işləyirik. Bu enerji təhlükəsizliyi, diversifikasiyası və bütün iştirakçıların – istehsalçı, tranzit və istehlakçıların uzun müddətli xeyrinə olan layihədir. ABŞ hökumətinə bu layihənin icrasında güclü dəstəyinə görə təşəkkür edirik. Səmimi desək, bu dəstək olmadan bu layihənin reallaşması daha uzun müddət və səy sərf etməli olardıq. Biz işləri davam etdirirk. 2 ildən sonra "Cənub” Qaz Dəhlizi istifadəyə veriləcək”
Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsinə toxunan prezident İlham Əliyev bildirib ki, münaqişə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyri şərtsiz geri çəkilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həll edilməlidir: "Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən münaqişənin həlli yollarının tapılmasındakı səylərinə görə ABŞ hökumətinə təşəkkür edirik. Ermənistan Azərbaycan arasında münaqişə, post-sovet ərazisindəki münaqişələr, eləcə də bütün dünyadakı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Biz həmçinin regionda təhlükəsizlik istiqamətində də yaxın tərəfdaşıq. Azərbaycan Əfqanıstandakı əməliyyatlara logistik dəstək göstərir. Hava və quru nəqliyyatı, eləcə də bizim təxminən 100 hərbi qulluqçumuz NATO qoşunları ilə Əfqanıstanda çiyin çiyinə xidmət göstərir. Bizim münasibətlərimizin gündəliyi genişdir. Bu gün görüşümüz bu məsələləri, eləcə də regional problemləri əhatə edəcək. Əminəm ki, bu görüş bizim dost münasibətlərimizin inkişafında mühüm rol oynayacaq”.
ABŞ Dövlət katibi Con Kerri, öz növbəsində, Azərbaycan prezidentini salamlamaqdan məmnunluq duyduğunu bildirib: "Bizim hazırda üzərində işlədiyimiz çox sayda ümumi maraqlarımız var”.
O, Azərbaycana Əfqanıstandakı sülhməramlı səylərə verdiyi töhfəyə görə minnətdarlığını bildirib: "Aydındır ki, Azərbaycan hazırda mürəkkəb regionda yerləşir və düşünürəm prezident İ.Əliyev bu ehtiyacların bəzilərini, xüsusilə də onun rəhbərliyi altında "Cənub Qaz Dəhlizi”ni qarşılamaq istiqamətində çox səylə və diqqətlə çalışıb. Vacib olan enerji mənbələrinin diversifikasiyası Avropanın uzun müddətli strateji maraqları baxımından çox əhəmiyyətli addımdır”.
O görüşdə terrorizmə qarşı mübarizə və Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli məsələsini müzakirə etdiklərini bildirib: "Biz donmuş münaqişə olan Dağlıq Qarabağ münaqişəsinin nəyahət öz həllini tapmasını görmək istəyirik. Bu münaqişənin həlli üçün danışıqlar aparılmalıdır. Bu məsələ vaxt ötdükcə öz həllini tapmalıdır”.