Daxili İşlər Nazirliyi Bakı da daxil olmaqla ölkənin beş regionunda əməliyyatlar keçirib.
Shafaqadogru.com Mia.az-a istinaden xəbər verir ki, ümumilikdə 8 oğru yaxalanıb, onların arasında bir qadın da var.
Belə ki, Təhlükəsiz Şəhər Xidməti və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-dən mayın 4-dək olan müddətdə rayon ərazisində 15 avtomobildən yan güzgüləri, səsgücləndiricilər, videoqeydiyyat qurğusu, təkər, qaldırıcı qurğu, pul, qızıl və məişət əşyaları, sənəd, maqnitofon, tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəxslər ələ keçirilib. Nəticədə Bakı şəhər sakinləri Eldar Balışov, əvvəllər məhkum olunmuşlar - Nicat Ələkbərov və Ramin Cəbrayılov tutulub, daha 2 nəfər isə müəyyən edilib.
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 9-da Xoylu kəndi ərazisindəki MMC-lərdən birinə məxsus 900 metr kabel oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Simran Həsənov və dayısı oğlu Röyal Mirzəyev tutulublar. Onların mayın 4-də həmin MMC-dən daha 1681 metr kabel oğurlamaları da müəyyən edilib.
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 9-dan mayın 1-dək olan müddətdə rayon ərazisində 5 nəfərin ciblərindən pul, mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad İsmayılov tutulub.
Nəsimi RPİ-nin əməkdaşları tərəfindən ötən il dekabrın 16-da Bakı şəhər sakini Natiq Ağayevin cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Xocavənd rayon sakini, əvvəllər məhkum olunmuş Yavər Ağayev saxlanılıb.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da rayon ərazisində kirayədə yaşayan əcnəbi vətəndaşın evindən 150 manat, 4500 ABŞ dolları və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini Günay Əliyeva tutulub.