"Təbii ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan silahlı birləşmələrinin 2 gün öncə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində ələ keçirdiyi mövqeləri geri almaq istəyi var, amma bu istək heç bir nəticə verməyəcək. Bu, birmənalıdır. Çünki Azərbaycan Silahlı Qüvvələrinin həmin mövqeləri ələ keçirməsindən sonra orada yenidən elə möhkəmlənmə tədbirləri görülüb ki, ermənilərin yenidən həmin mövqeləri, yüksəklikləri və ya yaşayış məntəqələrini yenidən ələ keçirməsi məsələsi, demək olar ki, xətm olunub".
Bu barədə Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov Azərbaycan-Ermənistan cəbhə xəttində son günlər yaranmış gərginliyi və Ermənistan hərbi birləşmələrinin revanş almaq məqsədilə ata biləcəyi mümkün addımları şərh edərkən deyib.
Ermənilərin digər istiqamətlərdə revanş götürmək ehtimalını dəyərləndirən hərbi ekspert qeyd edib ki, buna, sadəcə, döyüş imkanları çatmır: "Onlar əgər Yerevanda cərəyan edən hadisələri nəzərə alsalar, hansısa başqa hərbi əməliyyat və ya döyüş aparmaq niyyətinə düşməzlər. Onlar boş-boş qışqıra, sinələrinə döyə, nəsə deyə bilərlər. Amma bu mümkün olan şey deyil. İndi onlar bilmirlər necə eləsinlər ki, heç olmasa camaatı bir az sakitləşdirsinlər. Ermənistanda əhali, demək olar ki, üsyana qalxıb. Belə bir vəziyyətdə onlar hələ başqa döyüş də aparmaq iqtidarında deyillər. Buna nə resursları, nə də mövcud sosial-siyasi vəziyyət imkan vermir.
M.Cahangirov Dağlıq Qarabağda erməni əhalinin, xüsusən də yaşlıların səfərbər olunması məsələsinə də münasibət bildirib: "Əlbəttə, ermənilər səfərbərlik elan etsələr, Azərbaycan də nisbi səfərbərlik elan edə bilər. Amma Azərbaycanın buna ehtiyacı yoxdur. Silahlı Qüvvələrin bugünkü durumu, tərkibi, döyüş imkanları əsas verir ki, düşmənin cəbhə xəttində bütün cəhdlərini puç eləsin. Axı ermənilərin hamısı gic deyil, içlərində 1-2 ağıllıları da var... Ona görə də heç vaxt cəbhədə Azərbaycana qarşı böyük həbi əməliyyat aparmaq üçün addım atmazlar".
Xatırladaq ki, polkovnik Məhərrəm Cahangirovun özü də vaxtilə Azərbaycan Müdafiə Nazirliyinin yüksək vəzifəlisi kimi I Qarabağ müharibəsi dövründə döyüşlərdə iştirak edib.
Qeyd edək ki, aprelin 2-dən etibarən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində bütün cəbhə boyu vəziyyət gərginləşib. Ordumuzun düşmənin təxribatlarına cavab olaraq keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Döyüşlərdə ermənilərə məxsus 16 ədəd tank, 20-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 15 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb. Bundan əlavə, ermənilərin yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində mülki şəxslər arasında da ölən və yaralananlar var.
Rəsmi məlumatlara görə, hazırda cəbhə boyu, xüsusən Ağdərə-Tərtər və Ağdam-Füzuli istiqamətlərində gərgin döyüşlər gedir.
İlkin İzzət