Şəfəqə Doğru » Gündəm » Bakıda gənc qadına DƏHŞƏT yaşatdılar: “Bıçağı boğazıma soxaraq yuxarı çəkməyə başladı. Qan üzümə və gözlərimə fışqırdı” – FOTO

Bakıda gənc qadına DƏHŞƏT yaşatdılar: “Bıçağı boğazıma soxaraq yuxarı çəkməyə başladı. Qan üzümə və gözlərimə fışqırdı” – FOTO

Bakıda gənc qadına DƏHŞƏT yaşatdılar: “Bıçağı boğazıma soxaraq yuxarı çəkməyə başladı. Qan üzümə və gözlərimə fışqırdı” – FOTO
Bakıda, "Ukrayna” dairəsi yaxınlığındakı şok hadisə yaşanıb.

PressClub.Az-ın məlumatına görə, Bakı Şəhəri, Nizami rayonu, Nizami Abdullayev küçəsi ev 4-4 A ünvanında müvəqqəti yaşayan Lalə Nürəddin qızı Hüseynova keçmiş həyat yoldaşı tərəfindən zorakılığa, döyülməyə və bıçaqlı hücuma məruz qalıb.

Lalə xanım saytımıza göndərdiyi məktubda başına gələn dəhşətli hadisələri nəql edib. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya, ölkənin hüquq mühafizə orqanlarına və aidiyyəti qurumlarına da məsələ ilə bağlı müraciət edib.

Özümlə bərabər digər ailə üzvlərim də real ölümlə üz-üzədir

Lalə Hüseynova bildirir ki, ölümün bir addımlığından qayıdıb və hələ də həyatı üçün ölüm-dirim savaşındadır: "Həyatıma olan təhlükə aradan qalxmamış və yetirilən xəsarət nəticəsində səhhətim hələ də ağırlaşmaqdadır.

Belə ki, mən keçmiş həyat yoldaşım Rzazadə Orxan Nürəddin oğlu tərəfindən qəsdən 08 aprel 2017-ci il tarixdə axsam saat 8 radələrində boyun nahiyəmə iki bıçaq zərbəsi və boğazımın, nəfəs və qida borumun kəsilməsi ilə nəticələnmiş cinayət əməlinə məruz qalmışam. Lakin mənə qarşı bir qrup tərəfindən törədilən bir cinayət 35-ci Polis Bölməsinin təhqiqatçısı Cəbayıl Şahlarov və bölmə rəhbərliyi tərəfindən ört-basdır edilmək istənib. Lakin anamın şikayətlərindən sonra isə Xətai RPİ-də gülməli olsa da qəsdən adam öldürməyə görə deyil, CM-nin 127-ci maddəsi ilə (qəsdnən sağlamlığa az ağır zərər vurma) cinayət işi başlayıbsa da, orada araşdırma aparılmır. Bu gün özümlə bərabər digər ailə üzvlərim də real ölümlə üz-üzədir. Qəsdən adam öldürməyə görə cinayəti Xətai Payon Prokurorluğu araşdırmalı olduğu və AR CM-nin 120-ci maddəsilə cinayət işi başlamalı olduğu halda, cinayətkarlar evində dincəlməkdədirlər”.

"Hamilə olanda da məni hər gün döyürdü, işgəncə verirdi”

L.Hüseynovanın sözlərinə görə, o, 2013-cü ilin yayında tanış olduğu Şəmkir rayon Çinarlı qəsəbəsi Şəhriyar küçəsi ev 37 ünvanında yaşayan Rzazadə Orxan Nürəddin oğlu tərəfindən 2014-cü ilin yanvar ayında qaçırılıb:

"Mart ayında toyumuz oldu, amma rəsmi nikahımız olmadı. Lakin elə ailə həyatımızın ilk günlərindən mən Rzazadə Orxan tərəfindən işgəncələr və şiddət gördüyümdən atam evinə qaçdım. Amma bir neçə gün sonra gənc ailə dağılmasın deyə qohumlar məni ər evinə qaytardı və məni əmin etdilər ki, belə hadisələr təkrarlanmayacaq. Bu vədə baxmayaraq mən Rzazadə Orxan tərəfindən mütəmadi olaraq fiziki və psixi şiddətə məruz qalmışam. Onun tərəfindən bu hərəkətlər hətta mən hamilə olduğum zamanlarda davam edib. Hamiləliyimin 7-ci ayında bu hərəkətlərə dözməyərək atam evinə qayıtmalı oldum və 2015-ci ilin 10 yanvar tarixində qızım Nilay dünyaya gəldi. Uşaq 1 yaşınadək mənimlə atam evində qaldı. Yalnız bir ildən sonra qayınanam və digər qohumları gəlib mənimlə barışmaq istədiyini və bir də belə hərəkətlərə yol verməyəcəyini dedilər”.

"Anası və bacısı tərəfindən də dəfələrlə döyülərək xəsarətlər almışam”

Lalə xanım yenə də həyat yoldaşı Orxana inanaraq onunla barışıb:

"Ərimlə birlikdə Bakıda, Əhmədli qəsəbəsində yaşamağa başladıq. Bir müddətdən sonra yenidən 18 fevral 2016-cı il tarixində mən Rzazadə Orxan tərəfindən vəhşicəsinə döyüldüm və onun əlindən qaçaraq qonşuya gedib DİN 102 xidmətinə zəng etdim. Daha sonra isə əmim və bacıma xəbər verdim. Onlar mənim dalımca gəldiyi zaman isə Rzazadə Orxan tərəfindən məni ondan müdafiə edən əmimə də xəsarətlər yetirildi. Bununla bağlı 36-cı Polis Bölməsində araşdırma aparıldı.

Rzazadə Orxan tərəfindən işgəncələr və şiddət azmış kimi onun anası və bacısı tərəfindən də dəfələrlə döyülərək xəsarətlər almışam. Buna görə etdiyim müraciətlər əsasında baldızım Əliyeva Lətafət cərimələndi.

Yenə də hər iki tərəfdən qohumlar ailə dağılmasın şüarı ilə barışıq oldu və biz ailəlikcə may ayında Moskva şəhərinə, Rusiya Federasiyasına getdik. Orada isə mən daha ümidsiz və köməksiz vəziyyətdə idim. Belə ki, Rzazadə Orxan müntəzəm olaraq iynə vasitəsilə inyeksiya yolu ilə narkotik vasitələrdən istifadə edirdi. Bundan sonra da vəhşiləşmiş halda məni amansızcasına döyürdü. Mən buna dözməyərək qonşuya qaçdım və orada yaşayan azərbaycanlıların köməkliyi ilə Vətənə, ata evimə qayıtdım”.

"Deyirdi Moskvadan gəlib Bakıda səni öldürəcəm”

L.Hüseynova bundan sonra Bakıda kirayədə qalmaqla özünə iş tapıb və azyaşlı qızı ilə birlikdə yaşamağa başlayıb:

"Bir neçə gündən sonra isə telefonuma Rzazadə Orxan tərəfindən zənglər gəlməyə başladı və o, məni Rusiyadan qayıdıb öldürəcəyi ilə hədələyib təhqir edirdi. 2016-cı ilin dekabr ayında Rzazadə Orxan Bakıya gəldi və məni izləməyə güdməyə, hədələməyə başladı. Uşağı bəhanə edərək mənimlə görüşmək istəsə də, mən qəti şəkildə imtina edirdim. Bir neçə dəfə bacısı oğlunu bağçaya göndərərək qızım Nilayı bacısı evinə aparıb və mənə geri qaytarmayıb ki, mən onunla görüşüm. Lakin mən görüşdən qəti imtina etmişəm. Uşağı növbəti dəfə də verməyəndə mən ona zəng vurub nə etmək istədiyini soruşdum. Dedi ki, "Ukrayna” dairəsinin yanındakı parkda görüşək, narahat olma, söhbət edək, bundan sonra səni narahat etməyəcəm. Mən uşağa görə çarəsiz qalıb razı oldum. Orada görüşdükdə o, uşağı mənə vermək adı ilə bir evə apardı və mənizlə daxil olan zaman dedi ki, atan ya ananla zəng et sağollaş”.

"Bıçağı boynuma sürtməyə başladı. Sonra kürəyimdə ağrı və nəsə isti bir şeyin axtığını hiss etdim”

Zorakılığa məruz qalan qadının dediyinə görə, bundan sonra Orxan onun saçından tutaraq cibindən bıçaq çıxardaraq boynuna sürtməyə başlayıb:
"Mən onu yaxşı tanıdığımdan ayaqlarından tutaraq öldürməsin deyə yalvarmağa başladım. Bu zaman kürəyimdə ağrı və nəsə isti bir şeyin axtığını hiss etdim. Vəhşiləşmiş Orxan saçımdan tutaraq başımı arxaya çəkdi və əlindəki bıçaqla boğazıma zərblə vuraraq yuxarı istiqamətdə çəkdikdən sonra çıxartdı. Bu zaman qan üzümə və gözlərimə fışqırdı. Məni yenidən vurmaq istəyəndə müvazinətimi saxlaya bilmədim və yerə yıxıldım. Əlimlə yaramın üstünü tutmuşdum ki, qan çox axmasın. Orxan da mənim yanımda əyləşərək mənə baxaraq, sanki, həzz alırdı. Tez-tez ona zəng gəlirdi və arada bir neçə dəfə mənim qanlı vəziyyətdəki şəkillərimi çəkərək, məncə, Vatsapla öz bacısı Lətafətə göndəriridi. Bacısı ilə danışığını eşidirdim və bacısına deyidi ki, qanı axır, hələ ölməyib, gözləyirəm. Tez-tez huşumu itirirdim və ayılanda görürdüm ki, Orxan yanımda oturub. Mobil telefonumda onda idi və gələn zəngləri cavablandırmırdı. Nə də ki, mənim kiməsə zəng edib kömək istəməyə imkan vermirdi. Günorta vaxtları olardı Orxanın anası gəldi və mənimlə şərt kəsməyə başladı ki, səni həkimə aparacam. Lakin orada deməyəcəksən ki oğlum səni vurub, yoxsa səni burada atıb gedəcəyik ki, öləsən. Orxanın anası dedi ki, başqa söz deməlisən və mən sağ qalmaq üçün razı oldum”.

Gizlədilən cinayət…

Şikayətçi qeyd edir ki, qayınanası onu hamama aparıb qanını yuyub təmizləyib:

"İlk əvvəl məni 7 saylı poliknikaya apardılar, lakin ora mənim vəziyyətimi görüb qəbul etmədi. Daha sonra məni, deyəsən, Diaqnostoka Mərkəzinə apardılar, orada mənə ilk tibbi yardım edildi, lakin əməliyyat etmədilər. Təcili yardımla oradan Sabunçuya 3 saylı xəstəxanaya gətirildim. Orada Rəşad Babayev tərəfindən əməliyyat edildim. Ayıldıqdan sonra isə 35-ci Polis Bölməsinin təhqiqatçısı Cəbayıl Şahlarov məndən nə baş verdiyini soruşdu və mən də mənə deyildiyi kimi yalandan guya evə gələn zaman tanımadığım şəxs tərəfindən vurulmuşam dedim. Çünki Rzazadə Orxan və anası mənə demişdi ki, Cəbrayıl 35-ci Bölmənin əməkdaşıdır və bölmə rəisi ilə artıq danışmışıq, iş həll olunub, başqa nəsə desən xəstəxanadan sağ çıxmayacaqsan. 3 saylı xəstəxanada 2 gün reanimasiyada qaldıqdan sonra vəziyyətim ağır olduğuna görə Tibb Universitenin Tədris Müalicə korpusuna "MRT” aparatına göndərildim və nəticə olaraq təcili əməliyyat olunmağımın lazım olduğu üzə çıxdı. Bundan sonra məni dərhal "Medical Plaza” Klinikasına apardılar və orada Çərkəz Cəfərov həkim tərəfindən təkrar əməliyyat edildim. Orada 2 gün qaldım və mənə artıq yaxşı olduğumu bildirib evə buraxdılar. Lakin, əslində, vəziyyətim heç də yaxşı deyildi, əksinə vəziyyətim çox pis idi. Sadəcə, Rzazadə Orxan və anası bu cinayəti ört-basdır etmək üçün bölmə əməkdaşları və həkimlərlə əlaqəyə girmişdi. Anamın şikayətlərindən sonra Xətai RPİ-nin rəisi Muradəli Babayev cinayət işi başlanmasına göstəriş verdi, buna kimi isə bölmə bu cinayəti gizlətməklə məşğul idi. Lakin Xətai RPİ İŞ-nin müstəntiqi Tofiq Namazov AR CM-nin 127-ci maddəsi ilə cinayət işi başlasa da, cinayətkarlar evində oturub və mənim ailə üzvlərimi şikayət edəcəkləri halda öldürəcəkləri ilə hədələyirlər. Mənə ağır xəsarət yetirərək, məni qəsdən öldürmək üçün axşam saat 20-00 –dan səhər saat 15-00 kimi qanımın axaraq ölməyimi gözləyən şəxsə və onunla əlbir olanlar barəsində nədən qəsdən adam öldürməyə görə cinayət işi başlanılmır və bu iş Xətai Rayon Prokurorluğu tərəfindən aparılmalı olduğu halda hələ də Xətai RPİ İŞ-də süründürülür? Hazırda vəziyyətim yenə də pis olduğundan Bakı Sağlamlıq Mərkəzində cərrahiyyə şöbəsində müalicə almaqdayam.

Sonda Lalə xanım, Birinci vitse-prezident Mehriban Əliyevaya üz tutur:

"Hörmətli Mehriban xanım, Sizin ümummilli lider Heydər Əliyevin adını daşıyan bir fondun Prezidenti kimi, ölkənin vitse-prezidenti olaraq fəaliyyətiniz danılmazdır. Ona görə də Sizə müraciət edərək, vəzifələrini icra etmək əvəzinə cinayətkarları himayə edən, xüsusilə ağır cinayəti az ağır cinayət kimi qeydiyyata alaraq ört-basdır etmək istəyən, qanunszuluq edib öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cinayət əməlinə yol verən polis əməkdaşları və ailə üzvlərimə qarşıda bu gün real təhdidlərini davam etdirən, həyatıma qəsd edərək mənə qarşı bu xüsusilə ağır cinayəti törədən şəxslərin layiqli məsuliyyətə cəlb edilməsinə, barələrində Azərbaycan Respublikasının qanunları çərçivəsində ciddi tədbirlər görülməsinə və mənim kontitusyon hüquqlarımın bərpasına, təhlükəsizliyimizin təmin edilməsinə yardım etməyiniz Sizdən xahiş edirik”.