60-yaşlı Natiq Bədəlov işsizliyə görə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətini məhkəməyə verib. Xidmətin Nərimanov rayon Məşğulluq Mərkəzindən 4 il öncə iş istədiyini, ancaq bu müddətdə işlə təmin olunmadığını deyən N.Bədəlov iddia edir ki, bu dövlət orqanı vəzifəsinin öhdəsindən gələ bilmir: «Məşğulluq Mərkəzi 4 il ərzində məni işsiz qoymaqla, həm maddi, həm də mənəvi ziyan vurub. Ona görə də kompensasiya ödəməlidir».
O, Məşğulluq Mərkəzinin üzərinə ona 25 min manat (23 min 424 manatı maddi, qalanı mənəvi ziyan) kompensasiya ödəmək öhdəliyinin qoyulmasını da məhkəmədən xahiş edib.
N.Bədəlov CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə suçlanaraq, 8 il həbs cəzası alıb. Suçsuz olduğunu iddia edən N.Bədəlov məhkəmələrə dörd illik get-gəldən sonra Bakı Apellyasiya Məhkəməsi ona bəraət verib. Həbsdən buraxılandan sonra «Təhqiqat, ibtidai-istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanuna dayanaraq, məhkəmədə həm işlə təmin olunması, həm də kompensasiya tələbiylə iddia qaldırıb.
Onun münasib işlə təmin edilməsi barədə iddiası qismən təmin olunub. İndi N.Bədəlov deyir ki, Məşğulluq Mərkəzi ona iş verməməklə həm də məhkəmə qərarını icra etmir.
«İş təklif olunub, özü imtina edib»
Məşğulluq Mərkəzi N.Bədəlovun iddiasını haqsız sayır və bildirir ki, 6 noyabr 2015-ci ildə işaxtaran vətəndaş kimi müvəqqəti qeydiyyata alınandan sonra ona bir neçə müəssisədə vakant iş yerləri təklif olunsa da, imtina edib və deyib ki, yaşına uyğun işdə çalışmaq istəyir: «Ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilib, həmin proqrama qoşulmaq tövsiyə olunub. Əvvəl razılıq versə də, sonradan imtina elədi. Məşğulluq Mərkəzinin də vakant iş yerlərinə vətəndaşı məcburi göndərmək, yaxud hansısa müəssisədən kiminsə işlə təmin olunmasını tələb etmək səlahiyyəti yoxdur».
2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı təmin etməyib. Qərarda da yazılıb ki, R.Bədəlov tələb etdiyi 25 min manatlıq ziyanın ona necə vurulduğunu təsdiqləyən bir sübut göstərməyib.
Bakı Apellyasiya Məhkəməsi də əvvəlki qərarı qüvvədə saxlayıb.
İyulun 24-də Ali Məhkəmə həmin işə baxıb. Bu instansiyada hakimlər N.Bədəlovun Məşğulluq Mərkəzinə qarşı 25 min manatlıq iddiasına baxılmasını, ümumiyyətlə, mümkünsüz sayıb.
«746 min pul və qonşulara bildiriş göndərin ki, mən bəraət almışam…»
N.Bədəlovun həbsdən çıxandan sonra qanunsuz həbsdə saxlanmasına görə Maliyyə Nazirliyinə qarşı kompensasiya tələbi qismən təmin edilib. O, həbsdə saxlandığı 1735 günün hər birinə görə 165 manat, iş yerini itirməsinə görə 150 min manat, özünə və ailəsinə dəymiş mənəvi ziyanın əvəzi kimi, 100 min manat olmaqla, toplam 746 min 875 manat kompensasiya istəyib. N.Bədəlov oğlunun təhsil haqqının ödənilməsini və universitetə bərpa olunmasını, Naxçıvanda yaşayan anasına, Bakıda ailəsinin yaşadığı ünvandakı qonşularına onun bəraət almasına dair bildiriş göndərilməsini, həbsdəki müddətinin əmək stajı sayılmasını da tələb edib.
Məhkəmə ona mənəvi ziyana görə 8 min, maddi ziyana görə 1900 manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarıb. Qərardan istər N.Bədəlov, istərsə Maliyyə Nazirliyi narazı qalsa da, yuxarı məhkəmə instansiyaları onu dəyişməyib. (Azadlıq Radiosu)