Şəfəqə Doğru » Gündəm » Aparıcı Zaur Baxşəliyev Qarabağa gedib.

Aparıcı Zaur Baxşəliyev Qarabağa gedib.

Aparıcı Zaur Baxşəliyev Qarabağa gedib.
 

Axşam.az-ın məlumatına görə, aparıcı təəssüratlarını sosial şəbəkədə bölüşüb:
 
"İlk dəfə idi ki, bu qədər rahat nəfəs alırdım. Qarabağda döyüşən əsgərlərimizlə, zərərçəkən sakinlərlə görüşdüm. İlk dəfə idi ki, insanlarda qələbə əzmi, məğlubedilməzlik ruhu gördüm. Uşaqlığımın ən gözəl anlarını xatırladım. Sevindim, həm də ürək dolusu ağladım, ürəyimi şəhidlərimizin qanı töklən torpaqlarda boşaltdım. Şəhid ailələrinə baş çəkəndə vanlı vətənpərvərlik kitabları oxuyurdum, sanki. Həyatımda bu qədər vətən üçün çırpınan ürəyi bir arada görməmişdim. Qayğısız uşaqlığımın son dönəmlərini, qorxu, hiddət və nifrət içində keçən körpəliyimi xatırladım, təəssüfləndim. Atamın erməninin qarşısına çıxmaq üçün dəhrə, balat, armature axtarışını xatırladım. Vertolyot meydançasına insanların axınını xatırladım, anamın basırıqda qalmasını. Həmin an heç vaxt unutmayacağım bağırtımı xatırladım. Heç kim məni eşitmirdi. Ağdamın vertolyot meydançasında təlaş içində qaçışan adamları, Tərtərdə mal tövləsinə yığışıb illərlə yaşamağımızı xatırladım! Xeyli ağladım, şəhid balalarının məsum siması göz önümə gəldi.
 
Erməni qonşumuz Raciki xatırladım. Xoruzu ilə fəxr edən Racik... Anam heç sevmirdi Raciki, çünki xoruzu hər dəfə məhəllənin qadınlarının üstünə tullananda Racik gülürdü. Hələ mən sizə 1980-ci illərdən danışıram. Bir gün anam Racikin xoruzunu siçan dərmanı ilə zəhərlədi. Dedi ki, mən bu şərəfsizin qeyrətsiz hərəkətinə dözə bilmərəm. Buna görə məhəlləmizdə əməlli-başlı dava düşdü. Uşaqlıqdan sevmirdim onları, eyni məhəlləni, eyni binanı eyni havanı, suyu paylaşsaqda nifrət edirdim onlara. 



Bu dəfə Ağdamda mərmi dəyən məktəbin dağılmış vəziyyətini gördüm. Dağılan evlər, talan olan mənzillər, mərmidən delik-deşik olan həyət-bacaları gördüm. Şuşada məktəbimi xatırladım. Atışma düşdü, məktəbdə SOS siqnalı verildi. Mərmilər töküldü məktəbə. Bacım məndən 5 yaş böyük idi, qaçıb gəldi sinfə, məni qoltuğuna vurub güllələrin altıyla qaçırdı. Birdən gözümüz heç vaxt sevmədiyim sinif yoldaşım Anara sataşdı. Anar həm kök, həm hündür, həm də pinti idi. Ona görə sevmirdim onu. Amma ilk dəfə idi ki, onu çox istədim. Bilmirəm niyə... Bəlkə, onun hər zamankı yekəpər, qorxmaz simasında dəhşət qorxu var idi. Bəlkə, Anar həmişə yekəpərliyi altında gizlətdiyi uşaqlığını ilk dəfə göstərirdi. "Bacı, qurban olum, məni də götür" deyəndə ilk dəfə Anarı ağlayan gördüm. Bacım ikimizi də qoltuğuna vurub zülmlə güllənin atından çıxardı. İndi Ağdamdakı dağılan məktəbi görəndə bu mənzərəyə hamıdan fərqli olaraq, başqa hisslərlə baxırdım. İndi insanların "niyə” sualı ilə o zamankı niyə sualı arasında fərq var idi. O zaman "niyə oldu, niyə qırıldıq, niyə şəhid oldu” deyirdilər. İndi "niyə dayandıq” deyirlər. Hisslər,düşüncələr, dünyagörüşləri dəyişdi. Tək dəyişməyən müharibə və onun vurduğu zərbələr və şəhidlərimiz oldu".