Ölkə başçısının struktur islahatları ilə bağlı anonsundan sonra İcra hakimiyyətləri və ona bağlı strukturlarda da ciddi dəyişikliklərin olacağı gözlənilir. Ayrı-ayrı nazirliklərin bölgələrdə şöbələrinin olduğunu nəzərə alsaq, iqtisadi çətinliklərlə üz-üzə qaldığımız bir vaxtda "əyalət padşahları”nın hökmranlığı çox yersiz görünür.
Bu haqda modern.az-a danışan Milli Məclisin deputatı Zahid Oruc ümumilikdə İcra hakimiyyətlərinin ləğvindən söhbət getməsə də, müəyyən ciddi dəyişikliklərin olacağının gözlənilən olduğunu açıqlayıb:
Kompüterdən istifadə edə bilməyən icra başçılarımız...
"İcra Hakimiyyətləri ləğv olunmasa da, Azərbaycan bölgələrinin büdcənin boğazında yükə çevrilməsi dayandırılmalıdır. Çıxış yolu, adının nə qoyulmasından asılı olmayaraq, bölgənin öz-özünü təmin edə bilməsindədir. Sən pis İcra Hakimiyyəti başçısı olasan, eyni zamanda regional büdcən də dolub-daşa, bu, qeyri-mümkündür. Əgər sən, menecmenti yaxşı bilməsən, müasir informasiya texnologiyalarından istifadəni bacarmasan, investisiya cəlbi üçün aktiv tədbirlər həyata keçirməsən, iş adamlarına şərait yaratmasan, hətta adın çox cazibədar terminlə ifadə olunsa belə, qəbul olunmayacaqsan. Reallıq bundan ibarətdir ki, Azərbaycanda İcra hakimiyyətlərilə bağlı problem müxtəlif dövrlərdə ölkə rəhbərliyi səviyyəsində deyilib. Buna görədir ki, Prezident kadr islahatları sahəsində məhz bu sferada ən böyük addımları atıb. Yeni dövr tələbləri baxımından bu sahədə islahatlar davam etdiriləcək”.
"İcra başçısı dirəniş göstərirdi”
Parlament üzvü tarixə ekskurs edərək, indiki icra başçılarını əvvəlkilərlə müqayisə edib: "1990-cı illərin reallığından çıxış etsək, o dövrdə rayonlara rəhbər təyin olunarkən əsas məqsəd, bölgənin ağır xaosdan çıxarılması idi. Qorxmazlıq, igidlik, ayrı-ayrı qruplaşmalara qarşı dirəniş amili önə çəkilirdi. İndi də həmin dövrün icra başçılarının adı xatırlanır. 1991-1992-ci illərdə silah vasitəsilə 1-ci şəxsləri əvəzləyirdilər, yaxud onların ailə üzvlərini girov götürürdülər. Həmin vaxt mənim təmsil etdiyim bölgədə belə bir hadisə baş vermişdi. Hətta ulu öndər gecə saat 4-də müxtəlif şəxslərlə əlaqə quraraq problemi çözməyə çalışmışdı. Nəticədə sərt cəzalara da gedilmişdi”.
"Bəzi "media mənsubları” icra başçısına "pul tələsi” kimi baxır”
Z.Oruc XXI əsrdə padşahlıq hökmranlığına yer olmadığını vurğulayıb: "2000-ci ildən sonra menecmentlik önə çıxdı. Artıq həmin dövrdə silahlı qüvvələr mövcud deyildi və Rasim Daşdəmirovlar, Ağa dayılar, Aslan Aslanovlar erası bitmişdi. Qarşıdakı dönəm üçün parametlər dəyişməkdədir. Əgər İcra Hakimiyyətinin rəhbəri elektron sistemlərdən istifadə edə bilmirsə, ayrı-ayrı "media mənsubları”nın pul tələsi kimi görünür və onların hədəfinə çevrilirsə, bu vasitə ilə əhalinin problemləri, vətəndaşların qəbulu, sahibkarların mühüm işləri kənarda qalırsa, demək ki, problemlərimiz hələ mövcuddur. Mən hesab edirəm ki, bütün bunlar dövlət başçısına hamımızadan daha yaxşı bəllidir. Nəzərə alın ki, hər gün bölgələrdən gələn məlumatlar Adminstrasiyada toplanaraq ölkənin birinci şəxsinə məruzə edilir. Ola bilsin ki, vətəndaşın qəbul olunması problemi fonunda dərhal qərar verilməsin. Amma zaman keçdikdə insanları incidən icra başçılarını aqibətinin şahidi oluruq. Dediyim dövr baxımından gələcəkdə islahatlar prosesinin daha da sürətli olacağını düşünürəm”.