Şəfəqə Doğru » Gündəm » Sərkisyan Tiflisdən umduğu dəstəyi ala bilmədi

Sərkisyan Tiflisdən umduğu dəstəyi ala bilmədi

Sərkisyan Tiflisdən umduğu dəstəyi ala bilmədi

Ermənistanın izolyasiyadan çıxarılması yönündə cəhdləri uğursuz oldu: işğalçı ölkəyə dəmir yolu və avtomobil yolunun açılması müzakirə mövzusu olmadı...

 


Azərbaycanda da diqqətlə izlənən Ermənistan prezidenti Serj Sərkisyanın Gürcüstan səfəri başa çatdı. Ancaq ilkin məlumatlar onu deməyə əsas verir ki, Sərkisyan Tiflis səfərindən gözlədiklərini ala bilmədi. 

Birgə mətbuat konfransında S.Sərkisyan əsas müzakirə mövzusu olan məsələ-Abxaziyadan keçən Rusiya-Ermənistan dəmir yolunun və ya Cənubi Osetiyadan keçən avtomobil yolunun açılması barədə bir kəlmə də söyləmədi. Görünür, Tiflis Sərkisyanın bu arzusunu gözündə qoyduğu üçün erməni prezidentin məsələni ictimailəşdirməsinə ehtiyac qalmayıb.

Milli Məclisin Təhlükəsizlik, Müdafiə və korrupsiya məsələləri komitəsinin üzvü Zahid Oruc "Yeni Müsavat”a bildirdi ki, Serj Sərksiyan hakimiyyəti daxildən böyük təzyiqlər altındadır: "Xüsusilə də Azərbaycanın Gürcüstanla birgə həyata keçirdiyi siyasi-iqtisadi kurs İrəvanda böyük təhlükə kimi qəbul olunur. Erməni informasiya məkanı total bir şəkildə rəsmi orqanların təsiri altında olduğundan dövriyyəyə çıxarılan xəbər kütləsindən Sərkisyanın çevrəsinin nə düşündüyünü təyin etmək o qədər də çətin deyil. Hər halda, İrəvanda belə düşünürlər ki, rəsmi Tiflis hakimiyyəti Türkiyə və Azərbaycanla daha çox yaxınlığa cəhd edir. Xarici siyasət kursunda Ankara-Bakının hərbi və iqtisadi yardımına böyük önəm verməsi hər zaman ”gürcü arzusu" iqtidarının ayağına günah kimi yazılır. Əsl həqiqətdə gürcü tərəfi maksimal şəkildə müstəqil kurs yürütməyə və Qərbi Cənubi Qafqaza gətirməyə çalışdığını gizlətməsə də, resurs yoxluğu səbəbindən üzünü güclü qonşularına çevirməyə, sadəcə, məhkumdur".

Z.Oruc təsdiqlədi ki, Qarabağ konfliktindən Gürcüstanın qazandığı dolayı üstünlüklər saysız-hesabsızdır: "Transmilli layihələrin ən qısa yolu 90-cı illərin böyük müharibələri üzündən Ermənistandan yan keçir. Amma nəticədə gürcü tərəfi Ankara və Bakının iqtisadi, siyasi və maliyyə təsirinin altına düşür. Ona görə də Sərkisyan ikigünlük səfəri vasitəsilə onun ölkəsinin blokadada qalmasına və qlobal layihə olan Bakı-Tiflis-Qars nəticəsində son ümidlərinin darmadağın edilməsinə qarşı tərəfdən cavab almağa çalışır. Hər halda, 2011-ci ildə Rusiya ilə düşmən münasibəti ortadan qaldırmaq üçün İvanişvili hökuməti ruslarla Abxaziya və Cənubi Osetiya üzərindən keçən yolları birgə istifadə etməyə razılıq əldə edə bilmişdi. Hətta İsveçrə tərəfinin ortada arbitr-müşahidəçi statusu da imzalanmış memorandumda əksini tapmışdı. Ötən həftə baş naziri Georgi Kvirikşaşvili bəyan etdi ki, onlar Ermənistanla məlum yolların açılmasına başlamağa hazırdılar. Elə hər şey də ondan sonra başlandı. Bildiyiniz kimi, 2008-ci ilin ”5 günlük müharibə"sindən sonra Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi Rusiya tərəfindən tanındı. İndi İrəvana vəd olunan yollar fəaliyyətə başlasa, avtomatik olaraq, gürcü iqtidarı işğal olunmuş əraziləri və subyektləri suveren tərəf kimi tanımış olacaq. Belə bir legitimləşdirmə prosesi xalq tərəfindən süngü ilə qarşılandığından hazırkı situasiyada onun reallaşacağı ağlabatan görünmür".

Deputata görə, digər yandan, Bakı-Tiflis-Qars Rusiyaya müəyyən qədər strateji planda maneçiliklər törətdiyindən əvvəllər gürcülərə "yox” deyən Moskva öz mövqeyinə yenidən baxa bilər: "Lakin Gürcüstanda hər zaman belə fikirlər hökmranlıq edib ki, dəmir yolları şəbəkəsi Rusiya texnikasının daşınmasının ən yaxşı vasitəsinə çevrilə bilər. O halda xalq bunu heç bir hökumətə bağışlamayacaq. Sərkisyanın səfərdən sonra tranzit yollarla bağlı həmkarları ilə danışıqlar apardığını bəyan etməsi Azərbaycan və Gürcüstan arasında nifaq salmağa xidmət edən siyasi hiylədir. Hər halda, tranzit-kommunikasiya qovşaqları uğrunda mübarizdə rəsmi Bakı ön tədbirləri yaxşı görüb və çox çevik şəkildə regionda gedən prosesləri yaxından izləyir. Gürcüstan yaxın qonşu kimi seçim qarşısında qalarsa, kimi seçəcəyi sualına çoxdan cavab verib. Ermənistanı izolyasiyadan çıxarmaq planlarının təhlükəsi təkcə Azərbaycan-Türkiyə birliyini təhdid etmir, eləcə də özünün daxilində mövcud olan separatçı bölgələri bir qədər də gücləndirə bilər. Təsadüfi deyil ki, son aylar ”erməni genosidi"nin tanınması planında Cavaxetiyada baş verən hərəkətliliyə qarşı gürcü millətçiləri hansı kəskin reaksiyanı verdilər. Azərbaycan müharibəni təkcə hərbi vasitələrlə deyil, iqtisadi yollarla və diplomatik üsullarla apardığından işğal faktı ortada olduqca bizim ermənilərlə eyni qatara minməyimiz mümkün deyil".

Qeyd edək ki, Z.Oruc həm də Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür. Gürcüstanın anti-Azərbaycan mövqeyə yuvarlanmaması üçün parlament səviyyəsində hansı işlərin həyata keçirilməsi lazımdır? Z.Oruc: "Məncə, parlament diplomatiyası vasitəsilə hər hansı tədbirlərə ehtiyac qalmayacaq. Bir çox reallıqları və təşəbbüsləri yaxşı bilirəm. Tam arxayın edirəm ki, Ermənistan-Gürcüstan yolu qar-çovğunun, fəlakətin içində olan Yuxarı Larsın - elə həm də rəmzi mənada - kənarındakı başqa yollar hələ ki təbiət tikanlarının içində qalacaq”.