Şəfəqə Doğru » Manşet » Rusiya donanması niyə sərhədimizə yaxınlaşır? - Şərh

Rusiya donanması niyə sərhədimizə yaxınlaşır? - Şərh

Rusiya donanması niyə sərhədimizə yaxınlaşır? - Şərh
Rusiyanın Xəzər donanmasını Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürmək istəməsi Azərbaycanla bağlı deyil.

Bu sözləri Axar.az-a Rusiyanın Xəzər donanmasını Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürmək haqda qərarını şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert Rusiyanın sözügedən qərarının başqa səbəblərlə bağlı olduğunu bildirib:

"Əslində, Dağıstanda hərbi infrastruktur sovet dönəmində də mövcud idi və Xəzər dənizi donanmasının məşhur bazalarından biri də Kaspiysk şəhərində yerləşirdi. Ancaq SSRİ dönəmində Xəzər donanmasının əsas məntəqəsi məhz Bakı sayılırdı. Sovet İttifaqı dağıldıqdan sonra burada yerləşdirilən hərbi sursatlar və şəxsi heyət qismən Kaspiyskə köçürüldü. Buna baxmayaraq, maddi-texniki bazanın böyük bir hissəsi Bakıda qaldı. Müəyyən vaxtdan sonra isə əsas mərkəz Həştərxan idi. Lakin bazanın yeri məqbul deyildi, o, daha çox Volqaboyunda yerləşirdi və Xəzər dənizinə birbaşa çıxışı yox idi. Ancaq Kaspiyskdə buna imkan var, çünki buradakı port və dəniz limanı hərbi məqsədlərə uyğundur. Limanda dərinləşdirilmə ilə bağlı görülən işlər iri gəmilərin də oraya daxil olmasına imkan verir. Həştərxanın mərkəz olmasına baxmayaraq, ən yararlı infrastruktur və münbit baza Kaspiyskdədir”.

Politoloq sözügedən qərarın daha çox Rusiyanın Yaxın və Orta Şərq siyasəti ilə bağlı olduğunu düşünür:
"İndiki şəraitdə Rusiya üçün Xəzər dənizinin yeni hərbi strateji çəkisi artır. Ona görə də Rusiya çalışır ki, donanma infrastrukturunu indiki məqsədlərə uyğun qursun. Əsas hərbi qüvvələrin Kaspiyskə gətirilməsi də daha çox bununla bağlıdır. Qərarın Rusiyanın Yaxın və Orta Şərq siyasətindən qaynaqlanması isə hərbi siyasətdə Xəzər donanmasının rolunun aktivləşməsindən irəli gəlir. Kaspiyskdəki baza coğrafi nöqteyi-nəzərdən təxminən Xəzər dənizinin orta hissəsinə düşür. Bu isə həm yaxın ölkələrin hövzəsinə, həm də Cənubi Qafqazın Xəzərə yaxın olan hissəsinə nəzarət etməyə imkan verir. O ki qaldı bu məsələnin Cənubi Qafqaz və ya Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsi perspektivi ilə birbaşa əlaqləndirilməsinə, bunu doğru saymıram”.

Qeyd edək ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Xəzər donanmasının Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürüləcəyini açıqlayıb.

Onun sözlərinə görə, donanma Kaspiyskə köçürüldükdən sonra buradakı hərbçilərin sayı da artırılacaq.