Şəfəqə Doğru » Gündəm » Nazirlər Kabinetinə seçki şoku: Artur Rasi-zadənin üç müavini gedir

Nazirlər Kabinetinə seçki şoku: Artur Rasi-zadənin üç müavini gedir

Nazirlər Kabinetinə seçki şoku: Artur Rasi-zadənin üç müavini gedir
Növbədənkənar prezident seçkilərindən sonra idarəetmədə ciddi islahatlar həyata keçiriləcək

FİA.Az-a iqtidardakı mənbələrdən sızan xəbərlərdə bildirilir. 

Məlumata görə, referendumdan sonra qanunlara edilən dəyişikliklər struktur islahatlarını zəruri edir. Dövlət başçısı ötən il struktur dəyişikliklərini davam etdirdi.

Prezident Administrasiyası rəhbərinin müavinləri və müşavirləri vəzifələri ləğv olundu, prezident köməkçiləri təyin olundu.

Habelə, Vahid Əliyev, Fatma Abdullazadə, Kamal Abdulla, Vahid Axundov PA-dakı postlarından uzaqlaşdırıldılar.

Bu il də apreldən sonra ciddi reformalara şahidlik edəcəyik. Xüsusən də Nazirlər Kabinetində böyük dəyişikliklər gözlənilir.

Vitse-prezidentlik institutunun funksionallığının artırılması fonunda Baş nazir postunun ləğvi nəzərdə tutulur.

Baş nazir Artur Rasi-zadə və müavinlərinin seçkidən sonra mərhələli şəkildə yola salınacağı bildirilir.

Bu xüsusda Abid Şərifov, İsmət Abbasov, Yaqub Eyyubov üçün 2018 vəzifədə sonuncu il ola bilər.

Baş nazirin digər iki müavini Əli Əhmədovla Əli Həsənov isə dövlət idarəçiliyində kifayət qədər mühüm kadrlardır.

Ona görə də onların vəzifədə saxlanması, yaxud vitse-prezident instutunda əhəmiyyətli mövqe tutacaqları xəbər verilir.

Elçin Əfəndiyev isə hamıdan ayrılır və onun yazıçı olaraq mədəniyyətə xidməti nəzərə alınaraq baş nazir müavini postunda saxlanması ehtimalı yüksəkdir.

Nazirlər Kabinetindən fərqli olaraq vitse-prezidentlik təsisatı işlək institut olacaq və cari idarəetmə ilə məşğul olacaq.

Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsi nəzərdə tutulur.

Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abbasov) var.

FİA.Az-a iqtidardakı mənbələrdən sızan xəbərdə bildirilir ki, baş nazirin müavini postları ləğv ediləcək, onların funksiyaları prezidentin köməkçilərinə ötürüləcək.

Yalnız baş nazir və onun köməkçiləri ştatları saxlanılacaq. Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsi nəzərdə tutulur.

Bu islahatlar aprel seçkilərinin nəticələri bəlli olduqdan sonra gedişatdan asılı olaraq dəyişəcək.

Böyük siyasi və biznes ambisiyaları olmayan YAP funksionerlərinin hökumətdəki fəaliyyəti siyasi rəhbərliyi tam qane edir.

İkincisi, oliqarxiyanın siyasi səhnədən sıxışdırılması fonunda YAP-ın onların əvəzləməsi də siyasi hakimiyyətin prioritetlərinə daxildir.

Artıq kadr bankı qismində oliqarxiya və onların yaxın ətrafı yox, YAP funksionerləri çıxış edir.

Üçüncüsü, birinci vitse-prezident təyinatından sonra əvəzedilməz 2-ci şəxs statusunu itirən 83 yaşlı A.Rəsi-zadə indiki sosial-iqtisadi reallıqlara qətiyyən uyğun gəlmir.

Bundan sonra, sosial-iqtisadi sektorla bağlı qərarlar Prezidentinin Administrasiyasında qəbul ediləcək, qərarların cari və operativ icrasına isə baş nazir nəzarət etməlidir.

Prezident and içdikdən dərhal sonra bütün hökumət üzvləri avtomatik istefaya getmiş hesab olunacaqlar. Bu, planlaşdırılan kadr islahatlarını daha ağrısız şəkildə reallaşdırmaq imkanı yaradır.

Bu ehtimalı Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov da təsdiqləyərək bildirib ki, gündəlikdə olan islahatların səmərəsinin artırılması, kadr və struktur islahatlarının aparılması məqsədilə Prezident seçkilərinin aprel ayına təyin edilməsi məqsədəuyğun hesab edilib.

Bunu seçkidən sonra hakim komanda daxilində ciddi dəyişikliklərin olacağına dair rəsmi anons da hesab etmək olar.

Kimlərin gedəcəyini, hansı nazirlərin dəyişdiriləcəyini, hökumətdə hansı struktur dəyişikliklərinin olacağını isə proqnozlaşdırmaq çətindir.