"Azərbaycanın
işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti”
kimi özünü təqdim edən Bako Saakyan ABŞ-a səfəri və ABŞ konqresinin
inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə
əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb,
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət
Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin,
Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş
keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb".
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BakuPost-a
bildirib ki, notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi
şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək
Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması,
ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və
Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə
toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin
beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli
sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd olunub. Eyni zamanda
ABŞ-ın bu addımı Azərbaycan Respublikasının ərazi bütövlüyü və
suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndirilib. Onun sözlərinə
görə, notada Azərbaycanın ABŞ-ın beynəlxalq hüququn norma və prinsipləri
əsasında daşıdığı öhdəliklərini vicdanla yerinə yetirməli olduğunu və
ABŞ ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı
fəaliyyətlərin qarşısını almalı olduğu qeyd olunub.
H.Hacıyev bildirib ki, ABŞ ilə Azərbaycan digər sahələrdə
tərəfdaşlıq münasibətlərinə malik olduğu halda, ABŞ tərəfindən həyata
keçirilən bu təəccüblü addımı ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsi kimi qiymətləndirir
və qərəzli hesab edir: "Post-sovet məkanında olan digər separatçı
rejimlərə münasibətdə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunduğu
halda, Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə
nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin ABŞ ərazisinə
daxil olmasına imkan yaradılması ikili standartların təzahürüdür. BMT
Təhlükəsizlik Şurasının daimi üzvü kimi, ABŞ BMT Təhlükəsizlik Şurasının
konsensusla qəbul edilmiş müvafiq qətnamələrinin tələblərinin yerinə
yetirilməsinə və bu xüsusda, Ermənistan qoşunlarının Azərbaycanın işğal
olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz
doğma torpaqlarına qayıtmasına çalışmalıdır.