Şəfəqə Doğru » Gündəm » Fantastik ssenari: Paşinyan Rusiyadan imtina edir və...

Fantastik ssenari: Paşinyan Rusiyadan imtina edir və...

Fantastik ssenari: Paşinyan Rusiyadan imtina edir və...
Qərb Ermənistanın İranla münasibətlərinə hər zaman loyal yanaşıb. Hətta İrana qarşı sanksiyaların ən sərt dönəmində, qarşılıqlı ittihamların ən kəskin vaxtlarında belə İrəvanın Tehranla münasibətləri ən azı sükutla qarşılanıb. Bu baxımdan, Trampın ABŞ-ın İranla nüvə sövdələşməsindən çıxması barədə qərarı çox güman ki, Ermənistanın İranla münasibətlərinə təsir göstərməyəcək.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, İranın əvvəlki kimi Ermənistanla münasibətlərin inkişafında maraqlı olacağını güman etmir:
"Bununla bağlı səbəblər çoxdur. Azərbaycan regionda mühüm sabitləşdirici faktordur və bu amil İranın daxili siyasətində də özünəməxsus yerə və çəkiyə malikdir. Digər tərəfdən, Ermənistanın İranla zamanında apardığı danışıqlarda İrəvanın müzakirəyə çıxardığı və əslində Azərbaycan-İran münasibətlərinin pozulmasına xidmət edən təşəbbüslər real deyil. Azərbaycan isə İranla həm enerji, həm də nəqliyyat dəhlizləri müstəvisində əməkdaşlıq edir, ortaq layihələr həyata keçirir. Trampın qərarı şübhəsiz ki, İran üçün bu layihələrin əhəmiyyətini daha da artırır. Bu kontekstdən yanaşsaq, İran-Ermənistan münasibətlərinin inkişafı üçün perspektiv görmürəm. Əksinə, qarşılıqlı münasibətlərin azalan xətt üzrə inkişafı daha real görünür. Paşinyanın İranla iqtisadi əlaqələrin gücləndiriləcəyi ilə bağlı fikirləri də siyasi xarakter daşıyır. Bu adam hələ ki, populizmdən uzağa gedə biləcək bir normal fikir belə səsləndirməyib. Mənzərə belədir: əgər Paşinyan Qərbə inteqrasiya yolunu seçəcəksə, o zaman bu, İrəvanın Moskva ilə münasibətlərinin kəskinləşməsinə səbəb olacaq. Belə olduğu təqdirdə Rusiya Ermənistanın bütün nəfəsliklərini qapatmağa çalışacaq. Şübhəsiz ki, İran Azərbaycan və Rusiya ilə münasibətlərini nəzərə alıb onun üçün nə iqtisadi, nə də siyasi müstəvidə əhəmiyyət kəsb edən Ermənistanla münasibətlərdə maraqlı olmayacaq”.
Analitikin sözlərinə görə, digər tərəfdən Paşinyanın, ümumiyyətlə, Ermənistanla bağlı regionda yaranmış vəziyyəti dəyişə biləcək gücü və potensialı yoxdur:
"Və İran hansı səbəbdən öz ölkəsində proseslərə kütlə vasitəsilə təsir etməyə çalışan, siyasi hakimiyyətə küçədən gəlmiş bir siyasətçini ciddiyə almalıdır ki! Paşinyan İran üçün ən arzuolunmaz şəxsdir”.
Analitik qeyd edib ki, Qərb Ermənistanın bir dövlət kimi mövcudluğunun qorunub saxlanılmasına çalışacaq:
"Əgər İrəvanın Tehranla iddia olunduğu kimi iqtisadi əlaqələri güclənərsə, o zaman Qərb siyasətçiləri kluarlarda bunu mövcud vəziyyətdən çıxış yolu kimi dəyərləndirəcək və dolayısıyla bu prosesi stimullaşdırmağa çalışacaqlar. Əgər möcüzə baş verərsə və Paşinyan Ermənistanı Rusiyanın təsir dairəsindən qismən də olsa çıxarmağı bacararsa, o zaman Qərb Ermənistanın İranla və Gürcüstanla əlaqələrinin daha da genişləndirilməsi üçün bütün vasitələrdən istifadə edəcək. Amma bütün bunlar fantastik ssenarilərdir. Paşinyan kütlənin özünəinamını tamamilə məhv etmək üçün meydana atılmış, yaxud meydana atılmasına şərait yaradılmış fiqurdur. Bunu onun maksimalist bəyanatları da sübut edir. Bəzən mənə elə gəlir ki, Paşinyanı 1989-cu ildən "zaman maşını” ilə 2018-ci ilə göndəriblər”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İranla nüvə razılaşmasından çıxması barədə açıqlamasının ardından ABŞ Maliyyə Nazirliyi 3-6 ay müddətində bu ölkəyə qarşı bütün sanksiyaların bərpa ediləcəyini açıqlayıb