Şəfəqə Doğru » Manşet » Tramp Bakıdakı oteldən nə qədər pul qazanıb?

Tramp Bakıdakı oteldən nə qədər pul qazanıb?

Tramp Bakıdakı oteldən nə qədər pul qazanıb?
Ötən cümə günü ABŞ Konqresindəki Demokratlar Partiyasının təmsilçiləri keçmiş prezident Donald Trampın Ağ Evin rəhbəri olduğu 2015-2020-ci illər üçün vergi bəyannamələrini açıqlayıb. Trampın özü vəzifədə olarkən bunu etməkdən imtina edib və bununla da ABŞ-da mövcud olan ənənələri pozub. Nəticədə Demokratlar keçmiş prezidentin vergi bəyannamələrini açıqlamaq üçün məhkəməyə müraciət ediblər. 
 
ABŞ məhkəməsi iddianı təmin edib və minlərlə səhifəlik maliyyə sənədləri demokratlara təhvil verilib. Məlum olub ki, Tramp prezident postunda olarkən bir çox xarici ölkələrdən, o cümlədən Azərbaycandan on milyonlarla dollar gəlir əldə edib.
 
Shafaqadogru.com  haqqin.az-a istinadən xəbər verir ki, ən qalmaqallı məqamlardan biri də Trampın prezidentliyi dövründə ABŞ-ın ən böyük geosiyasi rəqibi olan Çində bank hesablarının olmasıdır. Üstəlik, 2020-ci ildə Co Baydenlə seçkiqabağı debat zamanı eks-prezident bu faktı təkzib edərək, yuxarıda qeyd olunan hesabların çoxdan bağlandığını bildirib. Vergi bəyannamələri Trampın yalan danışdığını sübut edir.
 
O da məlum olub ki, Tramp 2016-cı ildə 38 milyon dollar, 2017-ci ildə isə 55 milyon dollar ümumi gəliri açıqlayıb. ABŞ-ın eks-prezidenti Azərbaycan, Hindistan, İndoneziya, Panama, Filippin, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə pul qazanıb. Mütəxəssislər bildirirlər ki, bu xarici pulların konkret mənbələri məlum deyil.
 
Gəlirlə yanaşı, Tramp xaricdəki sərmayələrində də on milyonlarla dollar itkilər və xərclər tələb edib, oradakı öhdəlikləri bəzən ABŞ-dakı öhdəliklərdən daha çoxdur. Məsələn, 2016-cı ildə Tramp xaricdə 1,2 milyon dollar, ABŞ-da isə gəlir vergisi olaraq cəmi 750 dollar ödədiyini deyib.
 
Vergi bəyannaməsində Trampın Azərbaycandakı gəlir mənbəyi göstərilməsə də, görünür, söhbət onun Bakıdakı "Trump Hotel” layihəsindən əldə etdiyi gəlirdən gedir.
 
Bildiyiniz kimi, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Trampın ailə şirkəti ilə biznes sövdələşməsi edərək Bakının mərkəzində tikilmiş yelkənvari otel və yaşayış kompleksinə onun adını verib.
 
 
Amerika mətbuatı bu sövdələşmədən Tramp prezident seçildikdən sonra yazıb və eyni zamanda onun Bakıda otel açmaq planlarının iflasa uğradığını qeyd edib. Məsələn, 2017-ci ildə "The New Yorker”də dərc olunmuş məqalədə bildirilirdi ki, "Trump International Hotel & Tower Baku” adlı qəşəng 5 ulduzlu yelkən formalı otel, demək olar ki, tamamlanmış kimi görünsə də, heç vaxt açılmayıb.
 
Xatırladaq ki, binanın tikintisi ilə bağlı planlar 2008-ci ildə, memarlar Azərbaycan paytaxtının mərkəzində "elitar yaşayış binası” layihəsini hazırlayanda açıqlanmışdı. 2012-ci ildə "Trump Organization” şirkəti ilə azərbaycanlı inşaatçılar binanın lüks otelə çevrilməsi üçün müqavilə imzalayıblar. Təşkilatın baş hüquqşünası Alan Qarten bildirib ki, Tramp otelin tikintisi prosesində yalnız nominal rol oynayıb: o, Anar Məmmədova öz adından istifadə etməyə icazə verən "sadəcə lisenziya verən” olub. Bu barədə "The New Yorker” məlumat yayıb.
 
 
2018-ci ildə "New York Times" yazıb ki, Tramp təşkilatı 2016-cı il seçkilərindən qısa müddət sonra bu lisenziya müqaviləsini geri götürüb, çünki o zaman prezident üçün maraqların toqquşması yarada biləcək bütün beynəlxalq layihələrin dayandırılması nəzərdə tutulurdu. Bununla belə, layihədə iştirak edən üç "Trump” MMC şirkətinin vergi uçotunda ümumi məbləği 1,1 milyon ABŞ dolları məbləğində konsaltinq xidmətləri üçün ayırmalar göstərilir.
 
"Associated Press" agentliyinin 2016-cı ildə dərc etdiyi araşdırmada bildirilirdi ki, Bakıda otel layihəsi tamamlanmasa da, Trampa hələ də külli miqdarda pul ödənilib. Belə ki, Tramp kampaniyasının yaydığı bəyannamədə onun sonda heç açılmayan bir otelin idarə edilməsi xidmətlərinə görə 2,5-2,8 milyon dollar qazandığı göstərilib. Donald Trampın qızı İvanka "Trump Organization”un Bakı layihəsində ən yüksək vəzifəli məmuru olub. Həmin vaxt Tramp Azərbaycanın ən korrupsioner məmurlarından biri olan Ziya Məmmədovun oğlu ilə münasibətlərinə görə Amerika mətbuatı tərəfindən kəskin tənqid edilib.
 
Trampın özü vergi bəyannamələrinin açıqlandığını öyrəndikdən sonra demokratları hədələyərək "bunun üçün siyasi qiymət ödəməli olacaqlarını” deyib. "Radikal Sol Demokratlar bütün silahlarını mənə qarşı istifadə etdilər, lakin bunun təhlükəli ikitərəfli yol olduğunu unutmayın!" - eks-prezident vurğulayıb.