Gəncədə satışı qadağan edilən güclü təsir edən dərman preparatları satılan aptek aşkarlanıb. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional şöbəsinin rəis əvəzi Ceyhun İsmayılovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, idarəyə Kəpəz rayonu ərazisində, Dədə Qorqud küçəsi bina 33-də fəaliyyət göstərən aptekdə satışı qadağan edilən güclü təsir edən dərman preparatlarının satılması barədə məlumat daxil olub. Aparılan əməliyyat tədbirləri nəticəsində aptekdə 580 ədəd müxtəlif adda (198 ədəd Lyrika, 110 ədəd Fenazepam, 50 ədəd Tramadol, 260 ədəd Kantromal vəs.) güclü təsiredici olan preparatlar aşkarlanıb və orada əczaçı işləyən Gəncə şəhər sakinləri Aqil Kazımov və Nazilə Cəfərova saxlanılıb. Araşdırma zamanı aptekin qeyri-qanuni fəaliyyət göstərdiyi, heç bir sənədinin olmadığı da müəyyən edilib. Qadağan edilən preparatların bir qisminin qonşu ölkələrdən gətirildiyi məlum olub. Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 240-cı maddəsi (güclü təsir edən və ya zəhərli maddələrin satışı məqsədi ilə qanunsuz dövriyyəsi) ilə cinayət işi başlanacaq.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional şöbəsindən bildirilib ki, bölgədə bu istiqamətdə əməliyyat tədbirləri davam etdiriləcək.