Şəfəqə Doğru » Gündəm » Gürcüstanda nə baş verir? – “Məxməri” inqilab, yoxsa narko “maniyası”..

Gürcüstanda nə baş verir? – “Məxməri” inqilab, yoxsa narko “maniyası”..

Gürcüstanda nə baş verir? – “Məxməri” inqilab, yoxsa narko “maniyası”..

Politoloq: "Gürcüstanda İvanişvilinin qeyri-şəffaf şəkildə siyasətə və hakimiyyətə təsiri mövcuddur. Gürcüstan demokratiyası öncəliklə bu problem həll etməlidir”

 


"Gürcüstanda baş verən aksiyalar spontan olaraq yaranan bir hadisədir və bu etirazların "məxməri” inqilab və ya hansısa siyasi məsələlərlə yaxından əlaqəsi yoxdur”.

Bu sözləri politoloq Azər Qasımlı son günlər Gürcüstanda baş verən etiraz aksiyalarını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bir neçə gün öncə Gürcüstan polisi Tbilisinin  "Gallery” və "Bassiani” gecə  klubunda narkotik əleyhinə reydlər keçirib. Reyd zamanı narkotik maddələrinin satışında şübhəli bilinən səkkiz nəfər saxlanılıb. Klublardan çıxarılaraq, üzərində axtarış aparılan minlərlə insan parlament qarşısına kütləvi mitinqə toplaşıb. Etiraz aksiyası polislə toqquşma ilə nəticələnib və daha 20 nəfərin saxlanılmasına səbəb olub. Saxlanılanlar arasında narkotik maddələrin istifadəsinin dekriminallaşması hərəkatının lideri, "Girçi” partiyasından prezidentliyə namizəd Zurab Caparidze də olub. Sonradan kütləvi mitinq iştirakçıları sərbəst buraxılıb. Polisin bildirdiyinə görə, reydlər narkotik maddələrin istifadəsi nəticəsində gənclərin ölümü ilə bağlı faktların araşdırılmasından sonra keçirilib.

Gürcüstanda narkotik siyasətinin liberallaşmasını tərəfdarı olan "Ağ səs-küy” hərəkatı isə  narkotik əleyhinə reydlərə görə cavabdeh olan insanların istefasını tələb edib.

Gürcüstanın Daxili İşlər naziri Giorgi Gagaria parlament binası qarşısına gələrək etiraz edən qrupun liderləri ilə görüşüb və etirazçılardan üzr istəyib. Etiraz mitinqinə Daxili İşlər naziri ilə birgə gələn Tbilisi meri Kaxa Kaladze də nazirin bəyənatını alqışlayıb. Görüşdən sonra etiraz aksiyasını təşkil edən "Ağ səs-küy” hərəkatının üzvləri etirazı bir həftəlik dayandırdıqlarını elan ediblər. Onlar bir həftə müddətində Daxili İşlər Nazirliyinin verdiyi vədlərə necə əməl edəcəyinə nəzər yetirəcəklərini deyiblər.

Qeyd edək ki, Gürcüstanda son günlər baş verən kütləvi etiraz aksiyaları  öz miqyasına və kütləviliyinə görə  bu vaxta qədər olan aksiyalardan xeyli fərqlənir. Ekspertlərin bəzisi hesab edir ki, ermənilərin pis nümunəsi gürcülərə də mənfi təsir göstərib. Digərləri isə düşünür ki, Gürcüstanda "məxməri” də olsa inqilab qoxusu hiss olunmur. Rusiyalı bloqer və siyasi icmalçı Denis Korkodinovun sözlərinə görə isə  Gürcüstan dövlət çevrilişinə hazırlaşır. Bəzi analitiklər də bu aksiyaları yeni məxməri inqilabın başlanğıcı kimi dəyərləndirirlər. 

Gürcüstan Daxili İşlər Nazirliyinin narkotiklər əleyhinə keçirdiyi reydlər niyə belə bir etiraza səbəb oldu? Həmçinin aksiyaların təşkilatçısı olan "Ağ səs-küy” hərəkatının 1 həftəlik fasilədən sonra etirazları  davam etdirəcəyi gözlənilirmi? Və baş verənlərlə bu və ya digər şəkildə Saakaşvilinin əlaqəsinin olması mümkündürmü?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Azər Qasımlının fikirlərini öyrənib.

Image result for azər qasımlı

Azər Qasımlı: "Bu sadəcə gənclərin etirazı idi ki, polis onların hüquqlarını pozub və qeyri-adekvat güc tətbiq edib”.


Gürcüstandakı etiraz aksiyalarının siyasətlə əlaqədar olmadığını vurğulayan politoloq Azər Qasımlıya görə, sadəcə müxalifət bu hadisədən siyasi maraqları üçün istifadə edə bilər:

"Gürcüstanda baş verən aksiyalar spontan olaraq yaranan bir hadisədir və bu etirazların "məxməri” inqilab və ya hansısa siyasi məsələlərlə yaxından əlaqəsi yoxdur. Amma baş verən hadisənin yeni bir siyasi prosesin başlanğıcı olduğu da aydındır. 

Təbii ki, istənilən etiraz sonuc etibarilə hansısa siyasi məsələ ilə əlaqəli olur və normaldır. Ancaq ötən həftə olan etirazlarda aksiya iştirakçıları Gürcüstanda siyasi rejimin dəyişməsini tələb etmirdilər. Onlar sadəcə yüngül narkotiklərdən istifadə olunmasının sərbəst olmasını tələb edirdilər. 

Buna baxmayaraq, müxalifyönlü partiyaların bu hadisədən istifadə edəcəkləri gözləniləndir. Hətta hakimiyyətə əlavə təzyiqlərin edilməsinə də çalışacaqlar. Lakin bir daha qeyd edim ki, Gürcüstandakı etiraz aksiyalarının "məxməri” inqilabla heç bir əlaqəsi yoxdur və etirazçıların tələbi siyasi xarakterli deyildi. Bu sadəcə gənclərin etirazı idi ki, polis onların hüquqlarını pozub və qeyri-adekvat güc tətbiq edib. Onlar bildirir ki, polis daha düzgün və qanun çərçivəsində öz işini görə bilərdi. Bu etiraz dalğası nəticəsində müəyyən tələblər irəli sürüldü. 

Bir məsələ də aydındır ki, Gürcüstanda yeni parlament seçkiləri gözlənilir və ehtimal olunur ki, bu aksiyaların hakim partiyanın səslərinə ciddi şəkildə mənfi təsir edəcək. Bu baxımdan onların seçkilərdə uduzmasına şərait yaradacaq. 

Baş verən hadisənin Saakaşvili ilə hansısa formada əlaqəsinin olduğunu düşünmürəm. Polis reyd etməsəydi, bu hadisə yaşanmayacaqdı. Meydana çıxan adamların böyük əksəriyyətinin siyasətlə, siyasi fəaliyyətlə heç bir əlaqəsi yoxdur. Onlar sadəcə barda idilər, əylənirdilər və reydi hüquqlarının pzoulması kimi qəbul edib, etiraz etdilər. Biz bu məsələni müasirliyin ifrat forması kimi də qəbul edə bilərik. 

Azər Qasımlı: "Baş verən hadisənin Saakaşvili ilə hansısa formada əlaqəsinin olduğunu düşünmürəm”.


Vaxtilə ABŞ-ın, Avropanın özündə də bu tip etirazlar var idi. Sadəcə bu tipli hadisələrin müəyyən mənada siyasətə təsiri olur. Ermənistanda gedən proseslər nəticəsində insanlarda belə bir fikir yaranıb ki, deyəsən Cənubi Qafqazda inqilabi proseslər gedir. Yəni bəzi gənclər düşünür ki, Ermənistanda inqilab oldu, Gürcüstanda da olmalıdır. Əslində heç də belə deyil və Gürcüstanda inqilabın baş verməsi üçün siyasi, həmçinin sosial-iqtisadi şərtlər mövcud deyil. 

Fikrimcə, əsas inqilabın işartıları hələlik görünməsə də,  Azərbaycanda inqilabın olması üçün zəmin daha çoxdur.  Onu da qeyd edim ki, Gürcüstanın özü tam qalib gəlmiş, demokratik ölkə deyil. Orda da müəyyən problemlər və görüləcək işlər var. Xüsusən də İvanişvilinin qeyri-şəffaf şəkildə siyasətə və hakimiyyətə təsiri mövcuddur. Gürcüstan demokratiyası öncəliklə bu problem həll etməlidir”.

Gülşən ŞƏRİF