Şəfəqə Doğru » Gündəm » İRƏVANDA BÖYÜK TƏLAŞ: “Müharibə başlasa, heç bir ölkənin köməyinə ümid edə bilməyəcəyik”- ANALİZ

İRƏVANDA BÖYÜK TƏLAŞ: “Müharibə başlasa, heç bir ölkənin köməyinə ümid edə bilməyəcəyik”- ANALİZ

İRƏVANDA BÖYÜK TƏLAŞ: “Müharibə başlasa, heç bir ölkənin köməyinə ümid edə bilməyəcəyik”- ANALİZ

Erməni mətbuatında Qarabağda müharibənin yenidən başlayacağı təqdirdə bu ölkəyə kömək edəcək ölkələrin olmayacağı ilə bağlı yazılar görünməyə başlayıb. Cebhe.info xəbər verir ki, mətbuat yaxın qonşular və tərəfdaş olduqları ölkələrlə bağlı müxtəlif fikrilər səsləndirir və ümumi nəticə belədir ki, Ermənistan müharibə olacağı təqdirdə böyük köməyə ümid edə bilməz.

"Ətrafımızda geosiyasi vəziyyət heç də sadə deyil. Ermənistan faktiki olaraq müttəfiqsiz qalıb”,- deyə Armenianreport yazır.

Ermənistanın Azərbaycan tərəfindən növbəti Qarabağ müharibəsi təhdidilə üz-üzə qaldığını qeyd edən mətbuatının yazdığına görə, bu müharibədə İrəvan müttəfiqsiz qalacaq.

"İran. Hazırda diqqəti Suriyada və daxili problemlərinə yönəlib. Azərbaycanla hər hansı müharibədə bizə kömək edəcək durumda deyil. Üstəgəl Azərbaycanla İran arasında faktiki olaraq fikir ayrılğı qalmayıb, əvəzində qarşılıqlı münasibətlər, indi və gələcəkdə həyata keçiriləcək layihələrin sayı artır. Bütün bunlar İranı Azərbaycanın müttəfiqi etməsə də, tam dəqiqliklə bizim də tərəfdaşımız etməyəcək”,- deyə sayt yazıb.

"Gürcüstan. Burada hər şey aydındır. Ölkəmizin yeni rəhbərliyi Gürcüstanla artan əməkdaşlıqdan nə qədər istəsən danışa bilər, amma reallıqda Gürcüstan həmişəlik olmasa da, uzun müddət üçün Azərbaycandan asılıdır. Onlar Bakıdan neft və qaz alır, həmçinin nəqliyyat layihələrindən gəlir əldə edir”,- deyə vurğulanır.
"Türkiyə. Burada da danışılası heç nə yoxdur. Prezident Ərdoğan Bakıya o qədər tez-tez gəlir ki, sanki öz evidir. Bu ölkələr arasında siyasi, iqtisadi əməkdaşlıq günbəgün artır. Üstəlik Ankara Bakıya hərbi kömək barədə də çəkinmədən danışır. Azərbaycanla birgə hərbi təlimlər keçir, şərti düşmənə, yəni bizə zərbə endirilir.

Rusiya. Təəssüf  ki, burada da hadisələrin  faciəvi həddə bizim üçün təhlükəli istiqamətdə inkişafını görürük. Moskva və Bakı əməkdaşlığı artırır. Həmçinin hərbi sahədə. Rusiya Azərbaycanı silahlandırmaqda davam edəcək, hətta talış xalqının hüquqları uğrunda mübarizə aparan şəxsi də Azərbaycan tərəfinə verəcək (separatçı Fəxrəddin Abbaszadə nəzərdə tutulur-red.), üstəlik şübhələr var ki, bu, Putinin 25 sentyabrda Bakı səfəri ərəfəsindəki son hədiyyə olmayacaq.

ABŞ və Avropa. Hazırda aralarında olan problemlərə baxmayaraq, onlar Azərbaycana heç bir təzyiq etmir. Üstəlik enerji daşıyıcıları bazarında Azərbaycanı dəstəkləyir.  Tramp və Paşinyan görüşünün baş tutmadığını gördük və bütün bunlar pis əlamətdir.

Bu məsələdə xüsusi yeri İsrail tutur. Bu ölkə Azərbaycana ən son model silah satışını davam etdirir. Müdafiə naziri Aviqdor Librman bu günlərdə Bakıda olub. Onun səfəri kifayət qədər xüsusi əhəmiyyət daşıyıb. 12 sentyabrda başlayan səfər ancaq 17 sentyabrda başa çatır. O artıq Prezidentlə, Müdafiə, Fövqəladə Hallar naziri, Sərhəd Xidmətinin komandanı ilə görüşüb. Librman Bakıda səfərdə olarkən Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. Müdafiə Nazirliyi adında çələng qoyub. Yəhudi əsilli Azərbaycan Milli qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib. Bu isə İsrailin Azərbaycanı dəstəkləməsinə açıq jestdir. Azərbaycan isə bu jesti hərəkətə keçmək üçün işarə kimi qəbul edib. 17 - 22 sentyabrda genişmiqyaslı hərbi təlimlər keçiriləcək. Bu təlimlər bizim hazır olmadığımız, Azərbaycanın isə çox sayda müttəfiqinin olduğu müharibənin prelüdiyasıdır”.

Xəzər