Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları daxili tələbatı ödəyə bilir. Sadəcə olaraq, bizdə istehlak bazarı qiymət məsələsində ajiotaja meyillidir. Bundan əlavə, ölkəmizdə əksər kənd təsərrüfatı məhsulları istehsalı baha başa gəlir, yəni xarici analoqları ilə müqayisədə maya dəyəri yüksəkdir. Üstəlik, qiymətlər həm rəqabət, həm də digər amillər baxımından basqı altındadır. Ona görə də, kiçik bir subyektiv təsir yaranan kimi əlahiddə olaraq un, yumurta, kartof, soğan, kələm və sair kimi problemlər ortaya çıxır. Və hökumət də məcburən tarif gedişi etməyə başlayır. Bu, Azərbaycan kimi kifayət qədər inkişaf etmiş və gəlirli olan bir ölkənin istehlak bazarı üçün qeyri-normal vəziyyətdir. Amma...
Məsələ bundadır ki, ölkəmizin istehlak bazarı çox kiçikdir. Başqa sözlə, yerli istehsalçılarımız üçün belə bir bazarda "söz demək" kənar bazarlarda iştirak etməkdən xeyli çətindir. Çünki, məsələn, Rusiyada, Türkiyədə və İranda bazar daha geniş əhəmiyyətə sahibdir. Rəqabət şəraiti əlverişlidir, alıcı qüvvəsi tələb olunan səviyyədədir, keyfiyyət amili ön sıradadır və sair. Azərbaycanın kənd təsərrüfatı məhsulları isə yüksək keyfiyyətdədir. Odur ki, xırda bir göyərti əkib-becərən də, hazır məhsulu əlinə götürən kimi dərhal kənara "qaçır". Axı bu, daha sərfəlidir.
Deyilə bilər ki, onda idxal həyata keçirilməsin. Bu, mümkündürmü? Xeyr. Hər hansı növ məhsul daxili tələbatı ödəyə biləcək qədər istehsal edilsə belə, idxalı yenə həyata keçirilməlidir. Başqa çür mümkün deyil. Yuxarıda qeyd etdim ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları daxili tələbatı ödəyir. Ət, yumurta, kartof, soğan, kələm və sair ilə bağlı vəziyyət məhz belədir. Sadəcə olaraq, taxıl sarıdan problem mövcuddur ki, bu, ayrı söhbətin mövzusudur. Ancaq adı çəkilən hər bir məhsul növü üzrə idxal həyata keçirilir və keçirilməlidir də... O səbəbdən ki, bunu bazar tələb edir. Yəni, yerli istehsalın inkişafı üçün daxili istehlak bazarında rəqabət və geniş çeşid mövcud olmalıdır ki, qiymət tələb ilə təklifin nisbəti altında təşəkkül tapa bilsin. İndi nə edək ki, Rusiya, Türkiyə və İran bazarları geniş imkanlara malik olmaqla yanaşı, ucuz ixrac potensialına da malikdirlər. Yəni, adı çəkilən ölkələrdən anoloji məhsullar istehlak bazarımıza ucuz daxil olur.
Azərbaycanda soğan və kartof sarıdan niyə problem ortaya çıxdı? Qiymətlər niyə bahalaşdı? Çünki İran ixraca rüsum tədbiq etdi. Daxili bazar da dərhal buna reaksiya göstərdi. Və bir çoxlarında elə təsəvvür yaranır ki, ölkəmizdə soğan və kartof istehsalı həcmi daxili tələbatı ödəmir. Xeyr... Bu, belə deyil. İstehsal kifayət qədərdir, sadəcə olaraq, daxili istehlakı ödəməyə yönəlməyib. Problem də məhz bundadır. Və bunu tənzimləmək üçün ixraca vaxtında rüsum tədbiq etmək lazım idi. Ancaq bizdə vəziyyət necə idi? Keyfiyyətli məhsul kənara axırdı, daxili bazar isə keyfiyyətsiz məhsullarla təmin edilirdi. Həmin keyfiyyətsiz məhsulu ucuz qiymətə idxal edən tərəf isə ixracına rüsum tədbiq edən kimi bazarda təklif endi. Bax, real mənzərə məhz, bundan ibarətdir. Ona görə də, hökumət yuxarıda qeyq etdiyim kimi yenə tarif gedişinə əl atdı.
Belə ki, son vaxtlar daxili bazarda kartof, soğan və kələmin qiymətlərində ciddi artım baş verdiyindən, Nazirlər Kabineti 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü nəzərə alınmaqla, kartofun ixracına aprelin 30-na qədər, soğan və kələmin ixracına isə mayın 31-dək qədər ixrac rüsumu tətbiq edib. Bundan başqa, soğanın idxalına tətbiq edilən rüsum həmin müddətədək ləğv edilib. Əlavə olaraq, belə bir məlumat da yayılıb ki, kartof idxalından tamamilə imtina etmək nəzərdə tutulur.
Təkrar edirəm, idxalı tamamilə dayandırmaq mümkün deyil. Sadəcə olaraq, bazarı düzgün tənzimləmək lazımdır ki, yerli istehsal inkişaf etsin, artsın. Bəli, yerli istehsalın ixraca yönəlməsi yaxşı haldır. Bu, xarici valyuta deməkdir. Amma əvvəlcə yerli bazarda tələbatın ödənilməsinin qayğısına qalınmalıdır. Bu, əsas şərtdir. Yerli məhsul öncə xarici analoqunu daxili bazardan sıxışdırıb çıxartmalıdır ki, o zaman, xarici istehlakçı özü həmin məhsulu gəlib daxili bazardan satın alıb da, apara bilər. Məsələn, ildə 900 min ton kartof istehsal etdiyimiz deyilir. İdxal 160-170 min olduğu halda, qiymət nədən bahalaşsın ki? Deməli, burada səbəb təkcə heç də idxalın məhdudlaşması ilə bağlı deyil. Sahibkar üçün məhsulunu daxili bazarda satmaq əlverişsizdir.
Bəs, çıxış yolu nədədir? Sahibkarların, yerli kənd təsərrüfatı istehsalçılarının maraqlarının nəzərə alınmasında. Vəssalam. Dövlət ilə sahibkarlar arasında heç bir 3-cü qüvvə, dəllallar və sair iştirak etməməlidir. Bizdə bir qrup sahibkarlar var ki, yalnız idxal və ixracda maraqlıdırlar, istehsalda deyil. Odur ki, istehsalçıların qayğısına qalmaq, məhz onların maraqlarını təmin etmək lazımdır. Bunun isə əsas çıxış yolunu maya dəyəri aşağı salmaq təşki edir.
Dedyim kimi, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları daxili tələbatı ödəməyə qadirdir, sadəcə, bizdə əksər kənd təsərrüfatı məhsulları istehsalı baha başa gəldiyindən, maya dəyəri yüksək olur. Söhbət xarici anoloqlar ilə müqayisədən gedir. Ona görə də, kiçik bir təsir olan kimi qiymətlər hədsiz oynayır - bazar ajiotaja meyillidir. Bu səbəbdən də ilk növbədə sahibkara və ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının yerli istehsalçılarına elə şərait yaradılmalıdır ki, əldə etdikləri məhsullar ucuz başa gəlsin.
Təkrar edirəm: Azərbaycanda istehsal olunan məhsullar çox keyfiyyətlidir... Odur ki, xaricdə bunlara tələbat bizdəkindən daha yüksəkdir. Qapını bağladıqda, istehsal azala bilər. Geniş açdıqda isə, hər şey xaricə axıb gedəcək. Bəs, nə etməli? İstehsalçıya maya dəyərini aşağı salmaq, daxili bazarda mövqelərini möhkəmləndirmək üçün dəstək göstərilməlidir. Əks halda, qiymətləri tənzimləmək üçün bir gün gömrük rüsumu və sair kimi vasitələr işə yaramaya da bilər.
Azvision.az