Alı Alıyevin göstərişinə əsasən Şakir Hacıyevin işçisi olmuş şəxs və ailə üzvləri işdən çıxarılıb, Mirhəşim müəllimin həyat yoldaşının maaşı isə yeni təyin olunmuş məmur tərəfindən mənimsənilib
Füzuli rayonunda icra başçısı Alı Alıyev rəqiblərinə və ya rəqibi olmaq ehtimalı olanlara divan tutmaqda davam edir. JAM.AZ xəbər verir ki, icra başçısı təkcə rəqiblərinə deyil, onlara yaxın olanlara qarşı da analoji addımı atır.
Məlumat üçün bildirək ki, Alı Alıyevin əsas «düşmən»lərindən biri yanvar hadisələrinə görə həbs olunmuş Şakir Hacıyevdir. Həmin vaxt əlinə düşən fürsəti fövtə verməyən icra başçısı onun yerinə gələcəyi gözlənilən Hacıyevi «hakimiyyət əleyhinə etirazlar təşkil edən şəxs» kimi yuxarılara təqdim edərək, onun qandallanmasına rəvac vermişdi. Halbuki həmin aksiyalarda iştirak edənlər arasında çoxluq təşkil edənlər sosial problemlərlə üz-üzə qalmış insanlar və Füzuli İcra Hakimiyyətində çalışanların yaxınlarıydı. Hətta sutkalıq həbs alanlar arasında idarə və müəssisə müdirlərinin yaxın qohumları, İcra Hakimiyyətində çalışanların yaxınları üstünlük təşkil edirdi.
JAM.AZ xəbər verir ki, Alı Alıyev hazırda həbs olunmuş «düşmən»lərinin yaxınlarını sıradan çıxarır. Rayonda həyata keçirilən «qisas əməliyyatı» isə Şakir Hacıyevlə birgə işləmiş şəxsləri əhatə etməyə başlayıb. Belə ki, bu günlərdə icra başçısının göstərişi əsasında Şakir Hacıyevin mühasibi olan Mirhəşim müəllim, onun həyat yoldaşı və oğlu işdən azad edilib. 1993-cü ildən şəhər İcra Nümayəndəliyində mühasib işləyən Mirhəşim müəllim rayonun ən sayılan, seçilən və hörmətli şəxslərindən hesab olunur. Onun seyid olması isə camaat tərəfindən daha da sayğı ilə qarşılanmasını şərtləndirib.
JAM.AZ-a daxil olan məlumata görə, şəhər İcra Nümayəndəliyinin başına keçirilmiş Vidadi Tağıyev isə Alıyevin tapşırıqlarını «fədakar»lıqla həyata keçirir. Və bu şəxs Mirhəşim müəllimin həyat yoldaşını da işdən çıxararaq, onun yanvar ayı üçün nəzərdə tutulmuş bir aylıq maaşını öz kartına vurdurub. Yəni, baş mühasibin həyat yoldaşının qanuni haqqı olan pulu özünə götürüb.
Bildirilir ki, Vidadi Tağıyev dərin savadı və idarəçilik bacarığı olmayan bir şəxsdir. Şakir Hacıyevlə əvvəlcədən hüsumətləri olan onun vəzifə başına gətirilməsi isə daha çox əmr qulu olmasıdır.
Bu əsnada Füzuli rayonundan olan məcburi köçkünlər Alı Alıyevin əlindən zara gəldiklərini dilə gətirməyə başlayıblar. JAM.AZ-a müraciət edən rayon sakinləri qeyd edirlər ki, əvvəllər dövlət tərəfindən verilən çörəkpulu və yardımları alırdılarsa, artıq Cəmşid Əmirov və Alı Alıyevin sayəsində bundan məhrum olublar. «Qaçqınların çörəkpulunu, bağçaların ərzaqlarını Cəmişd Əmirovla Alı Alıyev birgə mənimsəyir. Demək olar ki, Füzuli rayonun ikinci dəfə işğal olunub. Bizim səsimizi Prezidentə çatdırın. Biz məcburi köçkünük, qul yox!»
Qarşı tərəfi də dinləməyə hazırıq.