Şəfəqə Doğru » Gündəm » “İnqilabların pul kisəsi” miqrantlarla birləşir: Prezidenti gözləyən təhlükə

“İnqilabların pul kisəsi” miqrantlarla birləşir: Prezidenti gözləyən təhlükə

“İnqilabların pul kisəsi” miqrantlarla birləşir: Prezidenti gözləyən təhlükə

Bu gün ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Ümumilikdə amerikalılar bu seçkidə Nümayəndələr Palatasının gələcək tərkibini, Senatda boş qalmış 33 mandatın sahibini, 36 ştatda qubernatorları seçəcək, Kolumbiya federal dairəsi də daxil olmaqla 50 ştatda yerli idarəetmə orqanlarının seçkili pozisiyaları üçün 6665 siyasətçiyə səs verəcəklər.

Hazırda Respublikaçılar müəyyən üstünlüyə sahib olsalar da, müxalifdə olan demokratların da seçkiləri udmaq şansının az olmadığı istisna deyil. Hazırda iki cəbhə arasında ciddi mübarizə davam edir. Mübarizə  artıq gərgin mərhələyə keçib. 6 noyabr seçkilərinə hazırlaşan Amerika cəmiyyəti son bir neçə onillikdə olmadığı kimi bölünmüş və qəzəbli durumdadır. Siyasətçilərin bir-birinə xitabən tez-tez "dələduz”, "axmaq” və ya "satqın” kimi ifadələr işlətməsi seçkiqabağı kampaniyanın gərginliyindən xəbər verir. Bu yaxınlarda prezident Donald Trampın bir tərəfdarı öz rəqiblərinə poçtla 14 partlayıcı qurğu göndərib, ağ dərili şovinist isə sinaqoqda 11 nəfəri güllələyərək, Amerika tarixində ən dəhşətli antisemit cinayət törədib. Maraqlıdır, bu fonda Konqres seçkiləri necə olacaq və bu aralıq seçkilərindən nə gözlənilir?

Məsələni "Cümhuryət” qəzetinə şərh edən politoloq Elşən Manafov bu seçkidə Trampın xeyrinə və zərərinə işləyəcək amillərə toxunub. E.Manafov qeyd edib ki, Tramp "Kremlin agenti” olmadığını sübut etməlidir: 

"Bu, Konqresə aralıq seçkiləridir. Təbii ki, seçkilərdə Trampın tərəfdarları olan respublikaçılar üstünlüyü əldən verməməyə çalışacaq. Hərçənd ki, Konqresdə hazırda üstünlük demokratların tərəfindədir. Baxmayaraq ki, prezident seçkilərində respublikaçılar qalib gəlmişdi. Söhbət ondan gedir ki, Trampın həyata keçirdiyi siyasət və xüsusilə də Obama iqtidarı dövründə Demokratlar Partiyasının daxili və xarici siyasətini sərt tənqid etməsi, Demokratların aralıq seçkilərdə revanş götürmək istəyini gücləndirib. Nəzərə alsaq ki, demokratların seçkillərdə sonuncu təmsilçisi xanım Hillari Klinton idi. Onun isə arxasında bu gün də Trampın ciddi opponentləri Soros və digər milyarderlər dayanır. Düşünürəm ki, bu mənada demokratların bu seçkidə revanş götürmək imkanları var. Digər tərəfdən prezident seçildiyi ilk gündən Trampın üzərində "Kremlin adamıdır” ləkəsi var. Tramp isə son zamanlar aldığı radikal qərarlarla damğadan canını qurtarmaq istəyir. Tramp Rusiyanın timsalında  uzaqmənzilli raketlərə sahib ölkələrlə gərginliyin əsasını qoydu. Trampın atdığı bu addımlar təbii ki, ilk növbədə Rusiya ilə gərginliyin artmasına hesablanıb. Hər halda demokratlara və ümumi ictimai rəyə hesablanmış addımlardır. Trampın Suriyada Rusiya foktoru ilə bacara bilməməsi, problemin həllindən kənar qalması onu göstərir ki, respublikaçıların "qırğı siyasəti” bir qədər arxa plana keçib.

Trampın xeyrinə işləyən amillər də var. Onlardan ən başlıcası da işsizliyin aradan qaldırılmasında atılan ciddi addımlardır. Faktlara istinad etsək, Tramp hakimiyyəti müddətində 2 milyon 200 min nəfərin işlə təmin olunması ilə bağlı Ağ Evin rəsmi məlumatı var. Demokratların əlində olan, Trampın əleyhinə işləyəcək əsas amil isə onun miqrasiya siyasəti ilə bağlı qərarlarının həddindən artıq sərt olmasıdır. Bu baxımdan seçkilərdə Latın Amerikası və Afro-Amerika seçiciləri demokratları dəstəkləyəcəklər. Trampın miqrasiya sahəsində atdığı addımlar yerli amerikalıların mövqeyinə uyğun olsa da, gəlmələr bu məsələdə hazırkı administrsiyaya müxalif mövqedə dayanır. Digər tərəfdən Soros kimi milyarderlər də bu seçkinin gedişinə təsir göstərməyə çalışacaqlar. Düşünürəm ki, demokratlar qalib gəlsə belə, Trampın impiçmentinə nail olmaq üçün təzyiq etsinlər”.

Vilayət Muxtar