Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin sabiq rəisi, gömrük xidməti polkovnik-leytenantı N. İmanovun cinayət işi üzrə məhkəmə posesi davam etdirilib.
Shafaqadogru.com oxu.az-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində DGK-nın Narkotiklər Şöbəsinin rəisi Mahir Cəfərov ifadə verib.
O bildirib ki, N. İmanov saxlanılan zaman komitədə olub:
"Həmin vaxtı Komitənin Əməliyyat İdarəsinin rəis müavini Rafael Əhmədov məndən bir işlə bağlı kömək lazım olduğunu dedi. O, mənim şahid kimi iştirak etməyimi istədi. Razılaşdım, baxış keçirilən zaman İmanovun üzərində, deyəsən, 2500 manat pul var idi. Daha sonra o, bunu təsdiqlədi”.
Məhkəmə iclası dekabrın 12-də davam etdiriləcək.
Qeyd edək ki, DKG-nın yaydığı məlumata əsasən, Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn N. İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.
DGK sədrinin müvafiq əmrinə əsasən, Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi N. İmanov dərhal tutduğu vəzifədən azad edilib və hazırda fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.