Şəfəqə Doğru » Gündəm » Azərbaycanlılar 66 ölkəyə vizasız gedə bilər

Azərbaycanlılar 66 ölkəyə vizasız gedə bilər

Azərbaycanlılar 66 ölkəyə vizasız gedə bilər

Baş qərargahı Londonda mənzillənən nüfuzlu Henley & Partners konsaltinq firması özünün internet saytında dünya "pasportlarının indeksini” dərc edib. Bu indeks reytinqində ölkələrin yeri onların vətəndaşlarının vizasız gedə biləcəkləri başqa ölkələrin sayı ilə müəyyən edilib.

Shafaqadogru.com  "Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu reytinqdə birinci yeri Yaponiya tutub. Onun vətəndaşları dünyanın 190 ölkəsinə vizasız səfər edə bilərlər. İkinci yeri tutan Sinqapur və Cənubi Koreya Yaponiyadan "cəmi bir ölkə” geridə qalır.

Üçüncü yeri Almaniya və Fransa tutur. Onların vətəndaşları vizasız pasportla 188 ölkəni gəzə bilərlər.

Böyük Britaniya və ABŞ-ın pasport indeksindəki yeri son illər enməyə başlayıb. Bu iki ölkə indi pasport reytinqində 6-cı yeri tutur, halbuki 2015-ci ildə 1-ci yeri bölüşürdülər. Ekspertlər bunu sözügedən ölkələrdə "bağlı qapılar” siyasətinin güclənməsi ilə izah edirlər.

Rusiya 119 ölkə ilə 48-ci yeri tutub. Rusiya vətəndaşlarının vizasız gedə biləcəkləri ölkələrin siyahısına ötən il ərzində daha 9 ölkə daxil olub.

Bu indeksdə Ukrayna Rusiyadan irəlidə, 41-ci yerdədir. Onun vətəndaşları 128 ölkəyə vizasız gedə bilərlər. Belarus və Qazaxıstan müvafiq olaraq 66-67-ci yerləri tuturlar. Onların vətəndaşları üçün 77 və 76 ölkənin qapıları açıqdır.

Keçmiş SSRİ respublikaları arasında ən nüfuzlu pasportlar 11-ci yeri tutan Latviya və Litvadadır. Bu ölkələrin vətəndaşları vizasız olaraq dünyanın 180 ölkəsinə gedə bilərlər. 12-ci yerdə 179 ölkə ilə Estoniya gəlir. Keçmiş sovetlər arasında ən "keçərsiz” pasportu türkmənlər daşıyırlar. Bu pasport yalnız 53 ölkəyə vizasız gediş imkanı verir.

Mərkəzi Asiya ölkələri arasında pasportlarının nüfuzuna görə Qazaxıstandan sonra Tacikistan və Özbəkistan gəlir. Bu ölkələr pasport reytinqində 58 ölkəyə sərbəst girişlə 80 pillədədirlər.

Cənubi Qafqazda ən keçərli pasporta gürcülər malikdirlər. Gürcüstan pasport indeksində 51-ci yeri tutur. Gürcüstan vətəndaşları 114 ölkəyə vizasız gedə bilirlər.

Azərbaycan Filippin və Tunislə birlikdə 76-cı yeri bölüşürlər.Bu ölkələrin vətəndaşları yalnız 66 ölkəyə vizasız səfər edə bilərlər. Ermənistan 61 ölkəyə vizasız girişlə 79-cu yeri tutur.

96-cı yerdə olan İranın pasportu 42, 52-ci yerdə olan Türkiyənin pasportu 111 ölkəyə vizasız gediş-gəliş haqqı verir.

Reytinq cədvəlində sonuncu 104-cü yeri Əfqanıstan və İraq tuturlar.