Şəfəqə Doğru » Gündəm » Azərbaycandan Moskvaya gedən avtobus yük maşını ilə toqquşdu, çoxlu tələfat var

Azərbaycandan Moskvaya gedən avtobus yük maşını ilə toqquşdu, çoxlu tələfat var

Azərbaycandan Moskvaya gedən avtobus yük maşını ilə toqquşdu, çoxlu tələfat var
Bu gün martın 6-da səhərə yaxın Azərbaycandan Moskvaya sərnişin daşıyan mikroavtobus Rusiyanın Stavrapol vilayətində qəzaya düşüb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, mikroavtobus saat 05.30 radələrində "Qafqaz” federal şossesində, Nevinnomısk şəhəri yaxınlığında "QAZ 66” markalı yük avtomobili ilə toqquşub.

Stavrapol vilayəti Daxili İşlər İdarəsinin məlumatına görə qəza nəticəsində çoxlu insan tələfatı və yaralılar var. Belə ki, son məlumatlara əsasən mikroavtobusun sərnişinlərindən 6 nəfəri ölüb, qalanları müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Avtoqəzanın iştirakçılarının dəqiq sayı və onların yaşayış yeri məlum deyil. Lakin ehtimala görə sərnişinlərin hamısı Azərbaycan vətəndaşlarıdır. İlkin məlumata əsasən qəza yük avtomobilinin mikroavtobusun yoluna çıxması nəticəsində baş verib. Mikroavtobusun Azərbaycandan Moskvaya fərdi sərnişin daşımaları ilə məşğul olduğu bildirilir. Bu, Azərbaycandan Rusiyaya sərnişin daşıyan mikroavtobusların qəzaya düşməsi ilə bağlı birinci hadisə deyil.

"İnterfaks"ın yaydığı son məlumata görə qəzada ölənlərin hamısı Azərbaycan vətəndaşlarıdır. Stavrapoldakı məlumatlı mənbə deyib ki, hazırda ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir. 

Digər mənbə qəzada azı 5 nəfər Azərbaycan vətəndaşının yaralandığını bildirir, onların vəziyyəti barədə məlumat verilmir.