Kreml Paşinyanı yenə pərt etdi - Moskvadan Bakıya jest
- Tarix: 02-may-2019, 10:59 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 344
Ermənistanın baş naziri Nikol Paşinyan inqilabdan keçən 1 ildə Rusiyaya çoxsaylı sədaqət andları içib reveranslar eləsə də, o sırada vəd etdiklərinin əksinə olaraq, işğalçı ölkəni Rusiya siyasi-hərbi orbitində saxlasa da, hələ ki prezident Vladimir Putinin rəğbətini qazana bilməyib. Kremldə bu gün də ona - öz komandasını "Qərbin uşaqları”ndan qurmuş Paşinyana yad kimi, şübhəli nəzərlərlə baxır, tam etimadın yaranması üçün sonuncudan əlavə nələrsə gözləyirlər.

Məsələn, Rusiya liderinin dostu, sabiq prezident, Xocalı hərbi canilərindən olan Robert Köçəryan Putinin xahş-minnətinə rəğmən, hələ də həbsdə saxlanılır. Onun buraxılması isə Kreml başçısını bəlkə bir az yumşaldardı. O da gözlənilmir.

*****

Təbii ki, Paşinyan da Moskvanın ona qarşı Serj Sərkisyan qədər isti olmadığının fərqindədir. Nikol eyni zamanda, Avropa Birliyinin, ABŞ-ın Ermənistanın indiki rəhbərinə artıq bel bağlamadığını bilir. Yəni Paşinyan əlini Qərbdən üzmüş kimidir. Odur ki, vəziyyəti öz xeyrinə dəyişmək, Rusiyanın tam dəstəyini almaq üçün əlindən gələn edir. Rusiya baş naziri Dmitri Medvedyevin bu günlərdə İrəvanda olduqca isti qarşılanması, Paşinyanın onu hətta öz evinə qonaq çağıraraq, xüsusi lütfkarlıq göstərməsinin tək səbəbi də onun Medvedyev vasitəsilə Putinə növbəti sədaqət mesajını çatdırmaq istəyi olub. Yəni "artıq mən də sizdənəm, cənab Putin, buna şəkk eləməyin”. 

Ancaq nə qədər qəribə də olsa, Rusiya baş naziri ölkəsinə qayıdar-qayıtmaz, Moskvadan Qarabağ məsələsi ilə bağlı Paşinyanı pərt edən açıqlama gəlib. Özü də ölkənin baş diplomatından. 

"Rusiya münaqişə zonalarında etimadın yaradılması üçün əsirlərin və girovların ”hamının hamıya" prinsipi ilə dəyişdirilməsinə çağırır". Bu sözləri srağagün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında deyib. 

"Biz daim belə situasiyalarda tutarlı humanitar həllərin tərəfdarıyıq: cəsədlərin dəyişdirilməsi, hərbçilərin, girov saxlanılan şəxslərin ”hamının hamıya" prinsipi üzrə dəyişdirilməsi. Biz hesab edirik ki, belə addım münaqişə zonalarında etimad mühitinin yaradılmasına xidmət edəcək, istər Yaxın Şərqdə olsun, istər Dağlıq Qarabağda, istər Ukraynanın cənub-şərqində",- deyə Rusiya XİN başçısı qeyd edib.

*****

Yada salaq ki, rəsmi Bakı bir neçə dəfə Ermənistanı əsir və girovların "hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə çağırıb. Ermənistan hökuməti isə konkret olaraq, Dağlıq Qarabağda girov saxlanılan Kəlbəcər köçkünləri Şahbaz Quliyev və Rusiya vətəndaşı olan Dilqəm Əsgərovu təhvil verməyəcəyini bildirir - baxmayaraq ki, erməni cəmiyyətində də əsir və girovların dəyişdirilməsi ilə bağlı Bakının təklifi müsbət qarşılanıb. Hətta məsələ ilə bağlı Paşinyana təzyiq üçün ölkədə etiraz aksiyaları keçirilib, yollar bağlanıb.

Bununla belə, Moskva israr edərsə, bu dəfə vəziyyət dəyişə bilər. Ola bilsin, Paşinyan da Moskvadan elə bu xahişi gözləyir ki, həm Kremlə xoş gəlib öz yerini yaxşı eləsin, həm də daxili auditoriya qarşısında öz sifətini saxlasın və siyasi opponentləri sakitləşdirərək bəyan eləsin ki, "ortada Kremlin iradəsi var, Moskva israra elədi, biz də razı olduq”.

"Yeni Müsavat” onu da yada salır ki, Azərbaycan və Ermənistan rəhbərlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə bu lilin martında Vyanada keçirilən ilk rəsmi görüşündə də humanitar məsələlər, o cümlədən əsr və girovların dəyişdirilməsi diqqət mərkəzində olub.

*****

Aydındır ki, böyük sülh anlaşması yolunda ilk addım humanitar tədbirlərdən ibarət olmalıdır. Bəs Rusiya bu yöndə real addım atarmı? 

Sirr deyil ki, Moskva əlində unikal imkanlar ola-ola, Dağlıq Qarabağ məsələsinin həllinə tələsmir, işğalçı tərəfə təzyiq eləmək istəmir. Bu da Azərbaycanda haqlı narazılıq doğurur - rəsmi Bakı bəzi mülahizələr səbəbindən bunu açıq büruzə verməsə də.

Kremldə bunu bilməmiş deyillər. Fakt budur ki, Rusiya lideri Vladimir Putin 19 ildir ölkənin sükanı arxasında olsa da, Qarabağ konfliktinin dinc və ədalətli həllinə ciddi töhfə verməyib. Əksinə, 2016-cı ilin aprelində Azərbaycan Ordusunun ərazilərimizin azad edilməsi üçün başladığı uğurlu əməliyyatları erməni tərəfin xahişi ilə dayandırıb. 

Ancaq Kreml səmimi şəkildə istəsə, heç olmasa, Lavrovun dediyi kimi, Bakının zaman-zaman irəli sürdüyü, əsir və girovların "hamını hamıya” prinsipi üzrə dəyişdirilməsinə nail olar. Bununla da problemin həllində maraqlı olduğu görüntüsü yaradar. Məhz "görüntü”, çünki bu, avtomatik şəkildə konfliktin həllində dönüş anlamına gəlməyəcək.

Ancaq o da var ki, hələ ki konfliktin həllində yox, onun idarə edilməsində maraqlı olan Moskva atəşkəs rejiminin sonsuzadək sürməyəcəyini, işğal rejiminin isə potensial müharibə riski daşıdığını yaxşı bilir. Müharibə isə Rusiyanın regionla bağlı strateji maraqlarına cavab vermir. Ən azından son illər münasibətlərin xeyli dərinləşdiyi Türkiyə ilə Qarabağ məsələsi üzündən toqquşmaq, Türkiyə və Azərbaycanı itirmək riskinə görə.

Başqa yandan, bəllidir ki, artıq ABŞ Qarabağ məsələsində patronajlığı ələ almaq üçün diplomatik səylərə başlayıb. Dövlət katibi Mayk Pompeo Azərbaycan və Ermənistan xarici illər nazirlərini görüş üçün Vaşinqtona dəvət edib. Bunun ardınca prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan da Amerikaya dəvət ala bilərlər. 

Bu və digər səbəbdən hazırda Rusiyanın özünün xüsusən də Azərbaycan qarşısında inam-etimadını artırması bir imperativ kimi görünür. Bundan ötrü isə Bakının təklif elədiyi "hamını hamıya” prinsipinə real dəstək olmaq Kremlin yaxın perspektiv maraqlarına tam uyğun olardı. Ən azından, məsələdə hansı vasitəçi dövlətin söz sahibi olduğunu dünyaya göstərmək baxımından...
"Yeni Müsavat” 

Oxşar xəbərlər