Bəzi direktorlar növbəti ildə I növbədə oxumaq istəyən siniflər üçün konkret haqq müəyyən edib.
Mingəçevirdə bəzi məktəb direktorları ölkə təhsilində "inqilab” sayıla biləcək unikal bir "yeniliyə” "imza atıblar. Bu haqda ”Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, indiyədək demək olar ki, bütün məktəblərdə mövcud olan cürbəcür "fond”, "təmir”, "bayram” və s. pullarına biri də əlavə olunub. Belə ki, müəllimlər tərəfindən valideynlərə övladlarının növbəti dərs ilində birinci növbədə təhsil almaları üçün məktəb rəhbərliyinə müəyyən məbləğdə vəsait ödəməsinə dair təklif irəli sürülüb.
Təklif barədə valideynlər dərs ilinin ortalarında məlumatlandırılsalar da, ilin sonunda proses daha da sürətləndirilib. Məbləğə gəlincə, səhər növbəsində təhsil almaq istəyən bir sinif üçün 200-250 manat civarında haqq müəyyənləşdirilib. Təklif çox olacağı təqdirdə qiymətin artırılacağı da istisna olumur.
Hər dərs ilinin sonunda "ənənəvi” olan "təmir pulu”nun yığımı da heç nə olmamış kimi davam etdirilir. Özü də bu, istisnasız bütün məktəblərdə – hətta dünən-srağagün əsaslı şəkildə təmir olunaraq istifadəyə verilmiş məktəblərdə də həyata keçirilir. Təbii, məqsəd heç də hansısa təmir yox, təmir adı altında hər şagirddən, hər sinifdən toplanacaq vəsaiti mənimsəməkdir.
Baxmayaraq ki, məktəblərdə valideynlərdən təmir adı altında məcburi şəkildə pul yığılması tam qanunsuzdur. Ən azı o səbəbdən ki, hökumət hər il məktəblərin əsaslı və cari təmiri üçün kifayət qədər vəsait ayırır.
Bütün bunlardan isə ölkə başçısının 24 iyul 2014-cü il tarixli "Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncamıyla yaradılmış, Mingəçevir şəhər təhsil şöbəsinin də aid olduğu Yevlax Regional Təhsil Idarəsi rəhbərliyinin xəbərsiz olması inandırıcı görünmür. Qeyd edək ki, həmin sərəncama əsasən, təhsildə şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulması ilə yanaşı, ölkənin təhsil sahəsinin qabaqcıl dünya standartları səviyyəsinədək təkmilləşdirilməsi nəzərdə tutulur.
Azər