Şəfəqə Doğru » Gündəm » ABŞ-DA “EBOLA” VAKSİNİNİ AZƏRBAYCANLI MÜHƏNDİS HAZIRLAYIB – FOTOLAR

ABŞ-DA “EBOLA” VAKSİNİNİ AZƏRBAYCANLI MÜHƏNDİS HAZIRLAYIB – FOTOLAR

ABŞ-DA “EBOLA” VAKSİNİNİ AZƏRBAYCANLI MÜHƏNDİS HAZIRLAYIB – FOTOLAR
ABŞ-ın İndiana ştatı (94,321kv/km) ərazi baxımından Azərbaycandan bir qədər böyük olsa da, əhalisi Azərbaycan əhalisinin üçdə ikisi qədərdir. Ştatın ən məşhur şəhərlərindən biri də Bluminqtondur. Bluminqton dünyada təhsil, elm ocağı kimi tanınır. Burada dünyanın hər yerindən təhsil almağa gələn tələbələr var. Onların arasında azərbaycanlılar da olub. Haqqında söhbət açacağım Teymur Qorxmaz oğlu Hacıyev bu universitetin məzunu olmasa da, Bluminqton şəhərinin ictimaiyyəti tərəfindən sayılıb-seçilən insanlardandır…
 
Shafaqadogru/com  saytı onun haqqında daha geniş məlumatı təqdim edir…
 
Babası Nürəddin Hacıyev indiki Azərbaycan Pedaqoji Universitetinin dilçi alimlərindən biri olub. Əslən Ağdaş rayonundan idi. Yeniyetmə yaşlarından Bakıya gələrək, taleyini bu şəhərə bağlayıb. Alimin nəvəsi Teymur 1968-ci ilin 20 iyul tarixində Odessa şəhərində anadan olub. Həmin vaxtlar Teymurun atası Qorxmaz Hacıyev orada Dəniz Donanması Mühəndisləri İnistitutunda təhsil alırmış. Teymur iyirmi günlük körpə olarkən atası Qormaz həyat yoldaşı Sveta xanımla birlikdə Bakıya – vətənə dönüb. Hazırda ömrünün 83-cü ilini yaşayan Qorxmaz Hacıyev uzun illər bir vaxtlar DOSAF adıyla tanınan təşkilatın sürücülük məktəbində müdir müavini vəzifəsində çalışıb…
 
Teymur orta təhsilini Bakıdakı 42 nömrəli məktəbdə alıb. Sonradan Azərbaycan Texniki Universitetini bitirib. İxtisasca mühəndis-mexanikdir. 1991-1993-cü illərdə Respublika Uşaq Fondunun istehsal sahələrindən birində çalışıb. 1993-cü ildə Moskva şəhərinə yollanıb. 1994-cü ildə Bakıya qayıdanadək orada "Avand” adlı restoran yaradaraq, həmin restoranı işlədib. 2000-ci ildə ABŞ-a gələnədək Bakıda kiçik bizneslə məşğul olub. ABŞ-a gəldikdən sonra iki il Nyu York şəhərində yaşayıb-işləyib. 2002-ci ildən ABŞ-ın Bluminqton şəhərində yaşayır, ABŞ vətəndaşıdır. Ötən müddət ərzində o, dərman istehsalı üzrə ABŞ-ın ən yaxşı mütəxəsislərindən birinə çevrilib. Bu sahədə ən bacarıqlı mühəndislərdən biri kimi tanınır. Onun rəhbərlik etdiyi qurum "Ebola” virusuna yoluxmaya qarşı vaksin istehsal edir. Ailəlidir, iki övladı var.
 
Həyat yoldaşı Əminə xanım mərhum heykəltaraş Nəcəf Salamovun qızıdır. Bakıda "Malakan bağı” adı ilə tanınan parkdakı fəvvarədə ucalan qız heykəllərinin müəllifi Nəcəf Salamov olub.
Əminə xanım İndiana Universitetini bitirib, burada alimlik dərəcəsi alıb. Hazırda İndiana Universitetində labaratoriya müdiri vəzifəsində çalışır. Ətraf mühitin çirklənməsinə qarşı mübarizə aparan alimlərdəndir. Öz sahəsində dünyada tanınır. Onun metodikasından dünya alimləri istifadə edir. Qəribədir, ABŞ-ın bir sıra telekanallarında onun metodikası haqqında verilişlər getsə də, hələ ki bizim televiziyalar qürur yerimiz olan bu xanımı Azərbaycan ictimaiyyətinə təqdim etməyə tələsmirlər. Yeri gəlmişkən, Əminə xanım avqust ayının ortalarına kimi Azərbaycandadır…
 
Azərbaycanla nəfəs alır, Azərbaycanla yaşayır, Teymur. İndiana Universitetinə təhsil almağa gələn azərbaycanlı tələbələrə qardaş nəvazişi göstərir, hər birinə arxa-dayaq olur. Odur ki, burada təhsil almış soydaşlarımızın əksəriyyəti Teymuru tanıyır, Teymuru sevirlər. Təkcə soydaşlarımıza həyan olmur, başqa millətlərdən Bluminqtona gələn insanlarla da ünsiyyətində mehriban, qayğıkeşdir. Gürcüstanın indiki ekologiya və təbii sərvətlər naziri Xatuna Qaqaladze ilə ailəvi dostluq edirlər. Xatuna xanım da İndiana Universitetində təhsil alıb, bu elm ocağının məzunudur…
 
İçində bir iman var. Allaha ibadəti sevir. Heç vaxt namazından qalmayıb, orucdan yayınmayıb…
 
Bluminqton məscidinə gələn müsəlmanlar müxtəlif millətlərin nümayəndələridir. Aralarında alimlərdən tutmuş iş adamlarınadək hər cür müsəlmanlar var. Hər kəs Teymuru doğru-dürüst, xeyirxah bir mömin kimi tanıyır…
 
Hər kəs mənsub olduğu millətin bir zərrəsidir. Bluminqtonda daimi yaşayan əhali Azərbaycanı Teymurla tanıyır desəm, yəqin ki, yanılmaram. Azərbaycan adət-ənənələrinin, mədəniyyətinin təbliği üçün burada çox işlər görüb. Novruz bayramlarında Universitetin ərazisində milli xörəklərimizdən, şiriniyyatdan ibarət süfrə açır, müxtəlif millətlərdən olan tələbəri qonaq edir. Azərbaycanla bağlı qısametrajlı filimlər nümayiş etdirib insanlara ölkəmiz haqqında məlumatlar verir, onları maarifləndirir…
 
Azərbaycana çox bağlıdır. Evinin hər bir otağında Azərbaycan bayrağı var. Bakıdan gətirdiyi müxtəlif süvenirlər otaqları bəzəyir. Vətənə sevgisinin bir təzahürü kimi, idarə etdiyi avtomobilə Azərbaycan qeydiyyat nişanını vurub. Doğrudur, bu nömrə əsl deyil, hansısa rəssamın əl işidir, amma əslindən heç də fərqlənmir. Hər dəfə bu avtomobili görəndə adama ləzzət eləyir. Sizə zarafat gəlməsin, uzaq Amerika yollarında üstündə üç rəngli bayrağımız olan Azərbaycan nömrəli bir avtomobil şütüyür- Teymur Hacıyevin avtomobili…
 
P.S. Biz Bluminqtonda kirayə ev axtarırdıq. Bunu eşidən Teymur ciddi-cəhdlə öz evinin açarlarını bizə uzadıb burada təmənnasız qalmağımızı təkid elədi. Artıq bir neçə gündür ki, onun evində yaşayırıq. Adama elə gəlir ki, qürbətdə deyil, öz vətənindədir. Uzaq Amerikada bu ab-havanı Teymur yaradıb…